Silah gücünə çıxarıldılar, diplomatik yolla qayıdırlar - ŞƏRH

 Silah gücünə çıxarıldılar, diplomatik yolla qayıdırlar -  ŞƏRH
  23 Aprel 2024    Oxunub:972
Xəbər verdiyimiz kimi , aprelin 19-da Qazax rayonunun Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Tarixi hadisəni AzVision.az -a şərh edən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Azərbaycan bir qarış torpağını da düşmən işğalı altında qoymayacaq:

"Növbəti dəfə də güllə atılmadan və danışıqlar yolu ilə dörd kəndimiz işğaldan azad olundu. Ermənilər Azərbaycanın gücü, hərbi qüdrəti qarşısında aciz olduğunu dərk edərək bu kəndlərdən çıxıb getməyi məqsədəuyğun hesab etdilər. Növbəti dəfə o biri dörd kəndimizi də azad edəcəyik. İlham Əliyev sözün ağasıdır və dediyini də yerinə yetirir".



Deputat onu da qeyd edib ki, rəsmi Bakı özünün sülhsevər siyasəti ilə dünyaya həmişə mesaj verib:

"İndi bir çox dövlətlər, Makron kimi siyasətçilər Azərbaycanın Ermənistan ərazisinə "hücum edəcəyini" deyir. Bizim bu fəaliyyətimiz onların hamısının dediyini puça çıxarır. Ermənilər də başa düşürlər ki, heç bir vasitəçi olmadan iki qonşu danışıqlar yolu ilə məsələni həll edə bilərlər. Kənardan gələnlər ancaq şər, böhtan gətirirlər. Onlar sülh olmasını istəmir. Gərginliyi artırmaq istiqamətində işlər görür. Hesab edirəm ki, iki qonşu dövlət Azərbaycanın sülhsevər təkliflərini nəzərə alaraq hər şeyə nail ola bilərlər".

Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Ermənistan prosesləri mümkün qədər uzatmağa çalışır:

"İstənilən halda bir güllə atılmadan, şəhid və itki vermədən razılıq əldə olunması Azərbaycanın növbəti diplomatik qələbəsidir. Bu qələbənin memarı Ali Baş Komandanımız İlham Əliyevdir. Qazaxın dörd kəndinin azad olunması silah gücünə çıxarılan Azərbaycan vətəndaşlarının yurd-yuvalarına qayıtması üçün şərait yaradacaq.



Həmin ərazilərdə Ermənistanın eşelonlaşdırılmış müdafiə sistemi tamamilə söküləcək. Böyük ehtimalla Ermənistan özünə yeni alternativ yol və həmin yolun kənarı ilə də kommunikasiya xətlərini çəkməli olacaq. Əgər Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistanın Türkiyə ilə sərhəddi, həm də bizim ərazimizdən keçməklə Gürcüstana yolu açılmayacaq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti