6 peyvənd birdəfəyə vurulacaq - Heksavaksindən qorxmayın!

 6 peyvənd birdəfəyə vurulacaq - Heksavaksindən qorxmayın!
  03 May 2024    Oxunub:5283
Xəbər verdiyimiz kimi, Azərbaycanda yeni vaksinasiya tətbiq ediləcək. Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Maraqlıdır, nəyə görə yeni peyvəndə ehtiyac yaranıb ?
Tibb elmləri doktoru, professor Adil Qeybulla AzVision.az bildirib ki, əvvəllər uşaqlar arasında kütləvi tələfata səbəb olan çoxsaylı infeksion xəstəliklər sonradan aparılan profilaktik vaksinasiyaların hesabına azaldı və hətta yoxa çıxdı.

Həkimin sözlərinə görə, hazırda vəziyyət yenidən dramatik həddə çatıb:

“Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in milli peyvənd təqvimi var. Həmin təqvimlə 13 adda peyvənd müxtəlif yaşlarda uşaqlara vurulur ki, onlar bu infeksion xəstəliklərə tutulmasın. Təəssüflər olsun ki, valideynlər antivaksin təbliğatına uyaraq uşaqlarını vaksinasiyadan gizlədirlər.

COVİD pandemiyasında da xeyli təlatümlər yarandı. Əslində bu gün qızılcanın və digər xəstəliklərin tüğyan etməsinin bir səbəbi də budur. Ona görə də vaksinasiyanı asanlaşdırmaq və bir neçə vaksini bir vaksinlə əvəzləmək çoxdankı ideyadır. Bununla bağlı artıq təşəbbüslər var.

Məsələn, hepatit A və B viruslarına qarşı Habriks adlı vaksin vurulur. Əvvəllər milli peyvənd təqvimində AKDS adlı vaksin vardı. Bu göy öskürək, difteriya, tetanusun anatoksini idi. Hazırda onun üstünə infulenza B virusu və poliomielit əleyhinə 3 vaksin də əlavə edilib. İndi bir şprisdə altı adda peyvənddə vurulur. Molekulyar biologiyanın ən müasir üsulları ilə bir yerdə, bir şpirisdə vurulması təmin edilib. Bu, heksavaksin adlanır”.

A.Qeybulla qeyd edib ki, vaksin milli peyvənd təqvimini bir az yüngülləşdirəcək və valideynlər üçün də əlavə problem yaratmayacaq:

"Hesab edirəm, bu çox səmərəlidir və çox vacibdir. Valideynlərə də tövsiyəm odur ki, qətiyyən vaksinasiyadan çəkinməsinlər. Hansısa pandemiya, yaxud epidemiya zamanı təşvisə düşməmək üçün uşaqlarını vaxtında peyvəndlətdirsinlər. Hər bir valideyn nəzərə almalıdır ki, uşaqlar bizim genofondumuzdur. Ona görə də onları qorumağa biz borcluyuq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti