Tovuzda qadını yandıran şəxs məmurun oğlu imiş - Atası danışdı

  Tovuzda qadını yandıran şəxs məmurun oğlu imiş -   Atası danışdı
  24 Aprel 2024    Oxunub:661
Xəbər verdiyimiz kimi, aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüldü Röyal Tağıyev Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.
Ağır yanıq xəsarətləri alan qadın Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Tovuz Rayon Polis Şöbəsindən Bakıvaxt.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda iş üzrə istintaq davam etdirilir:

“Zərərçəkmiş Bakıda xəstəxanada müalicə alır”.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.

Hadisə ilə bağlı mövqeyini öyrənmək üçün Bakıvaxtı.az Rasim Tağıyevlə əlaqə saxlayıb. R.Tağıyev bildirib ki, zərərşəkmiş oğlunu şantaj etmək üçün belə bir əməl törədib:

“Oğlum heç kimi yandırmayıb, qadın özü öz üzərinə benzin töküb. Özü də bunu etiraf edib. Mənim oğlumu şantaj etmək üçün öz üzərinə benzin töküb, benzin də siqaretdən alışıb. Cinayət işi açılıb. Dövlət hər şeyi ədalətli şəkildə həll edəcək".

R.Tağıyevin dediyinə görə, oğlunun 22, həmin xanımın isə 34 yaşı var:

"Oğlumu dəfələrlə şantaj edib ondan pul istəyib. Pul vermədikdə isə çantasından benzini çıxarıb belə bir əməl törədib. Mənim bundan məlumatım olmayıb. Yeni öyrənmişəm. Xanımın müalicəsi hazırda davam edir. Özüm də vəziyyəti ilə maraqlanıram. Onun da balaları var. Sadəcə ağılsızlıq edib. Allah heç kimin başına belə bir iş gətirməsin. Mən o cür oğul böyütmüşəm, döyüşdə iştirak edib. Ağıllı, hörmətli, tərbiyəli uşaqdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti