FHN gözlənilən hava şəraiti ilə bağlı müraciət yayıb

   FHN gözlənilən hava şəraiti ilə bağlı müraciət yayıb
  30 Aprel 2024    Oxunub:735
Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.
AzVision.az müraciəti diqqətə çatdırır:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 1-i və 2-si günün ikinci yarısında ölkə ərazisində, xüsusən Bakı və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin sürətinin arabir güclənəcəyi proqnozlaşdırılır.

Eyni zamanda, mayın 2-si gündüzdən 5-i səhərədək rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Əhali gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırılır.

Belə ki, bir sıra ərazidə, o cümlədən Bakı və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".

AzVision.az


Teqlər: FHN   hava   müraciət  





Xəbər lenti