Əbədi İşığın abidəsi: Şamaxı Cümə Məscidi - VİDEO
Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul edib. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülüb.
Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmamış, yenə də təbiətin sərt sınağına davam gətirməyi bacarıb. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilib.
Bərpa işlərini əvvəl memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparıb. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmayıb. Məscid tamamlanmamış halda belə öz əzəmətini qoruyub saxlayıb.
1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilmişdir. Ən böyük qırğın Cümə məscidində baş verib.
Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetirmişlər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib.
Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub.
Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlətimizin başçısı daim diqqətdə saxlayır.
Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olmuş, böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar verib.
Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayırıb.
Beləliklə, dövlətimizin başçısı milli mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olmuş, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş etmiş, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə verib.
Məscidin yenidən qurulmasına 2010-cu ilin martında başlayıb.
Yenidənqurma işləri ilə yanaşı, Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılıb. Seyid Əzim Şirvani parkı da yenidənqurmadan sonra füsunkar görkəm alıb.
Ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılmasına xüsusi diqqət yetirilib. Ötən əsrin 70-80-ci illərində burada təmir işləri yerinə yetirilərkən aparılan qazıntı işləri zamanı məscidin həyətində aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb.
Bərpa və yenidənqurma işləri zamanı məscidin əvvəlki görkəmi və Şirvan memarlıq məktəbinin ənənələri maksimum diqqətdə saxlanılıb. Şamaxı seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə əsaslı şəkildə möhkəmləndirilib.
Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunub. Günbəzlər qədim memarlıq üslubunda ornamentlərlə bəzədilib. Məscidin dəhlizi təkrarolunmaz tərtibatı ilə diqqəti çəkir.
Orta salon milli memarlıq üslubunda yenidən qurulub. Burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər. Nəfis işlənmiş şəbəkələr və digər naxışlar insanı xoş ovqata və milli mənəvi dəyərlərə kökləyir. Böyük günbəz yenidənqurmadan sonra xüsusi görkəm alıb.
Sağ və sol günbəzlər də bənzərsiz tərtibatı ilə diqqəti çəkir. Minbərlər də yüksək keyfiyyətlə və ənənəvi üsluba uyğun bərpa olunub. Məscidin həyətində əsaslı abadlıq işi görülüb, iki hovuz inşa edilib, 6 qalereya yaradılıb. İkimərtəbəli inzibati binanın sahəsi 804 kvadratmetrdir.
Məsciddə konfrans salonu və digər yardımçı otaqlar yaradılıb. 520 kvadratmetrlik məişət binasında 250 nəfərlik mərasim salonu və müasir avadanlıqla təchiz edilən mətbəx yerləşir.
Burada yaradılmış zəngin kitabxana dindarların istifadəsinə verilib. Ümumilikdə, Şamaxı Cümə məscidi müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına yüksək və həssas münasibətinin bariz nümunəsidir.