Eurovision Azərbaycana neçəyə başa gəlib?

Eurovision Azərbaycana neçəyə başa gəlib?
  22 May 2013    Oxunub:1817
Azərbaycanın İctimai kanalı ölkəmizin növbəti illərdə də “Eurovision” mahnı yarışmasında iştirakının məqsədi barədə düşünməlidir. Bu yarışma ətrafında həddindən çox maxinasiyalar, pərdəarxası intriqalar cərəyan edir. Siyasi amillər hər zaman mövcud olub, lakin hazırki vəziyyətdə yaradıcılıq demək olar ki, bu amillərin kölgəsində qalıb.
Azərbaycan və Avrosonq

Beləliklə, əvvəlcə məsələnin yaradıcı tərəfinə nəzər salaq. Azərbaycanın “Eurovision”dakı hər çıxışı yadda qalan olub. 2008-ci ildə ilk dəfə çıxış etməsinə baxmayaraq ilk onluğa düşüb və 8-ci pilləyə yüksəlib. Bu, artıq bir uğur idi. 2009-cu ildə Aysel və Araşın 3-cü yerə çıxması isə sanki birinciliyi qazanmaq istiqamətində bir məşq idi. Bəli, Azərbaycan 2011-ci ildə Avropa Yayım Birliyinə (AYB) üzv ölkələr arasında estrada yarışmasının qalibi oldu.

İsveçin Malmö şəhərində keçirilən builki yarşmada isə Azərbaycan ikinci yerə sahib oldu. Yarışmada ”Hold me” mahnısı ilə möhtəşəm ifa nümayiş etdirən Fərid Məmmədov Danimarka təmsilçisi Emeli de Forestdən bir pillə geridə qaldı.

Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycana ən yüksək-12 bal verən ölkələr Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Moteneqro, Gürcüstan və Litva oldu. Özünüz düşünün!



Səsvermədə iştirak edən 10 ölkənin tamaşçıları, bizim Fəridi qalib hesab edirlər! Bu bir etirafdır!

Azərbaycanın həqiqətən də möhtəşəm, yadda qalan, tamaşaçıları yaxşı mənada təəccübləndirən bir ifa nümayiş etdirdiyini, bununla yanaşı, hansı ölkədə olursa olsun yarışmanın əsas favoriti hesab olunmasını hər kəs təsdiqləyir.

Bəs görəsən Avropa hansısa bir ölkənin özü ilə eyni səviyyədə və özündən üstün olduğunu qəbul etməyə hazırdırmı? -“Avrosonq” təcrübəsi göstəriri ki yox!

Almaniyanın utanmazcasına verdiyi açıqlama

Müəyyən qədər ətraflı açıqlamanı Almaniyanın “Eurovision” üzrə eksperti, Yan Feddersen verib. “Doyçe Velle”yə müsahibəsində o bəyan edib ki, Azərbaycan və Ukraynanın bu oyunda 1-ci yeri qazana bilməməsi onu olduqca məmnun edib.

“Əlbəttə ki, Azərbaycan və Ukrayna təmsilçilərinin, eləcə də 5-ci yeri tutan Rusiya ifaçısının çıxışlarının ən yüksək standartlara cavab verdiyini qəbul etməmək olmaz. Lakin “Eurovision”un yenə də Azərbaycan, Rusiya, eləcə də Ukraynada keçirilməsinə imkan vermək olmaz”-deyə Almaniyanın “avrosonq” üzrə xüsusi eksperti bildirib.

Onun sözlərindəki utanmazlığa fikir verin! Almaniyalı mütəxəssis açıq-aşkar bəyan edir ki, bu dəfəki yarışmada məsələnin musiqi deyil, siyasi tərəfi əsas götürülüb. Bundan başqa o, Danimarka təmsilçisinin “zorla qullağından tutub qalib etdiklərini” etiraf edib.

Nəhayət, utanmadan deyir ki, Almaniya Azərbaycan və Ukraynanın qalib gəlməməsi üçün əlindən gələni edib. Səmimi olduğunuz üçün təşəkkürlər, Yan Feddersen! Siz, cinayət işini araşdıran müstəntiqləri maraqlandıran əsas suala-“bu kimə sərf edir?” sualına cavab verdiniz.



Bütün yollar Almaniyaya aparır

Bunu ona görə deyirəm ki, bundan sonra Azərbaycanın Rusiya təmsilçisi Dina Qaripovaya verdiyi səslərlə bağlı təxribatın müəllifini məhz Almaniyada axtarmaq lazımdır.

Bunun üçün kifayət qədər səbəblər var. Gəlin xatırlayaq ki, məhz Almaniya , başda Azərbaycandakı səfiri Herbert Kvelle olmaqla ötən il Bakıda keçirilən “Eurovision” dan Azərbaycanı Avropanın gözündən salmaq üçün istifadə edib. Bir il ötdü, bu il “avrosonq” İsveçdə keçirildi, lakin yenə də bir qrup alman və isveç KİV-ləri Bakı “avrosonq”unu xatırladı- təbii ki, onlara lazım olan, neqativ və qeyri-obyektiv şəkildə...

Qeyri-iradi olaraq düşünürsən ki, bizim ölkəmizə qarşı yönəldilmiş informasiya hücumu Azərbaycanın “Eurovision-2013”-ün qalibi olmasını əngəlləmək üçün hazırlanmış alman planının bir hissəsidir.

Bununla yanaşı “Vestnik Kavkaza”ya müsahibə verən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bəyan edib ki, “ Azərbaycanda Rusiyaya müəyyən qədər səs verən olub, məsələ burasındadır ki, bu səslər Almaniyada hesablanır və yekun nəticələr səsvermədə iştirak edən ölkələrə oradan göndərilir.

Göründüyü kimi, bütün yollar Almaniyaya aparır. Bu ölkənin “Eurovision” üzrə baş mütəxəssisinin “Azərbaycan, Rusiya və Ukraynaya qalib gəlməyə imkan vermək olmaz” deməsi də bunu təsdiq edir. Bəs bu barədə tapşırıq necə həyata keçirilib? Çox güman ki, tamaşaçı səslərinin birbaşa saxtalaşdırılması üsulu ilə.

Mənə maraqlıdır , necə oldu ki, Danimarka təmsilçisinə bu qədər yüksək bal verildi. Onun mahnısı heç də Azərbaycan, Ukrayna və ya Rusiya təmsilçilərinin mahnısından üstün deyildi. Yeri gəlmişkən, bunu bir çox azərbaycanlı, ukraynalı və rusiyalı mütəxəssislər də qeyd edirlər. Bunu dolayı yolla olsa da, bizim təmsilçimizin ifasının yüksək standartlara uyğun olduğunu deyən Yan Feddersen də təsdiq edir. Buna baxmayaraq sonda danimarkalı qız qalib elan edildi. Belə çıxır ki, hər şey Almaniyanın istədiyi kimi oldu. Qəribə deyilmi bu?

Bizim səsimiz haradadır?

Düşünürəm ki, bu çox qəribədir. Səbəbi budur. “1news.az”-ın xəbər verdiyi kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında “Eurovision-2013” müsabiqəsində Azərbaycanın Rusiyaya verdiyi “sıfır” bal məsələsi ilə bağlı jurnalistlərə cavab verib.

“Səsvermənin nəticələri nəinki tamaşaçıları, həm də Avropa Yayım İttifaqının tərəfdaşı olan Azərbaycanın İctimai Televiziyasını təəccübləndirib. Müsabiqədən bir gün sonra bu məsələnin təfərrüatlarının araşdırılmasına başlanılıb. İctimai televiziyanın şübhələnmək üçün səbəbləri var. Çünki onların keçirdiyi sorğular göstərib ki, efirdə səsləndirilən qiymətləndirmə ictimaiyyət nümayəndələrinin fikri ilə üst-üstə düşmür. Sorğudan sonra məhkəmə SMS səsverməsi ilə yekun məlumatların toplanması barədə qərar çıxarıb. Məhkəmənin qərarı ilə ölkənin mobil operatorlarından verilən səslər barədə məlumat əldə olunub. Səslər budur. Ən böyük operator - Azercell şirkətinin məlumatına əsasən səslər aşağıdakı kimidir: 1. Ukrayna - 7893, 2. Rusiya - 1677. Sonra Malta, Belarus, Gürcüstan və s. ölkələrə verilib. Bakcell-in məlumatları: 1. Ukrayna - 408, Rusiya - 380. Narmobile şirkətinin nəticələri: 1. Ukrayna - 193, 2. Rusiya - 112” - Azərbaycanın xarici işlər naziri bildirib.

Buradan məntiqi sual meydana gəlir: Bəs Azərbaycanın Rusiyaya verdiyi səslər hara yox olub? “Eurovision” təşkilatçıları artıq bu hesabla bağlı bəyanatla çıxış ediblər. BBC-nin Rusiya xidməti, kommunikasiya məsələləri üzrə koordinator Jarmo Simaya istinadən bildirib: “Hər şey dəqiq idi, pozuntu olsa idi bizə məlum olardı”.



Təxribatın uğursuzluğu

Beləcə, Azərbaycan konkret rəqəm və faktları ortaya qoyduğu halda, “Eurovision” təşkilatçıları elə davranırlar ki sanki heç nə anlamırlar. Onların davranışı qabaqcadan hazırlanmış və iki hədəfə istiqamətlənmiş təxribatda şübhə doğurur: Azərbaycan, Ukrayna və Rusiyanın bu müsabiqədə qələbə qazanmasına imkan verməmək; Azərbaycan və Rusiya arasında qalmaqal yaratmaq. Onlar yalnız birinci hədəfə nail oldular. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov təsdiq edərək bildirib ki, bu məsələ Azərbaycan və Rusiya arasındakı münasibətlərə heç bir xələl gətirməyib.

Düşünmək üçün səbəb

“Eurovision” müsabiqəsində Azərbaycanın sonrakı iştirakı barədə düşünmək lazımdır. Bu müsabiqədə təxribatın olduğu aşkar görünür. Azərbaycan, Ukrayna və Rusiyaya qərəzli münasibət göstərilib.

Görünür ki, ölkəmizin avrosonqda qalib gəlməsini heç kəs bağışlamır. Ölkəmiz üzərində özünü tərbiyəçi sanan ölkələr bizi bağışlamır. Həmin ölkələr, yarımfinalda iştirak etməyərək birbaşa müsabiqənin finalına düşən və çoxdan “Eurovision” müsabiqəsində qalib gəlməyən ölkələrdir.

Xatırlatmaq istəyirəm ki, 2001-ci ildə “Böyük dördlük” (Böyük Britaniya, Fransa, Almaniya və İspaniya), müsabiqənin yarımfinalında yığılmış balların miqdarından və tutduqları yerdən asılı olmayaraq birbaşa finala çıxıblar. Bu ölkələr müsabiqənin banisi və əsas sponsorudur. 2011-ci ildə İtaliyanın müsabiqəyə qayıdışı ilə “Böyük dördlük” “Böyük beşliyə” çevrildi.

Bu, keçmiş xidmətlərə görə mahnı müsabiqəsinin iştirakçılarının “babalar” və “naşılar”a bölünməsi fərziyyəsidir. Bəs müsabiqədə “babalıq” etmək yol veriləndir? Burada, Azərbaycanın Dövlət neft şirkətinin (SOCAR) 2016-cı ildə Avropa çempionatının seçim və final mərhələsinin sponsorlarından biri olacağını xatırlatmaq yerinə düşər. Bu, Azərbaycana seçim mərhələsini keçmədən Avro-2016-nın final mərhələsində yer tələb etməyə ixtiyar vermir axı? Onda, niyə sponsorluq məsələsi “Böyük beşliyə” üstünlük hissi yaşamağa vadar edir?



Fikrimcə, onlar varlıqlarını “Eurovision”da qalib gəlməklə sübut etməyə çalışırlar. Amma göstərilən 5 ölkənin 4-ü artıq çoxdan yoxdur. Yalnız Almaniya 2010-cu ildə Avrosonqda qalib gəlib. Böyük Britaniya sonuncu dəfə 1997-ci ildə, Fransa isə daha əvvəl – 1977-ci ildə qələbə qazanıb. İspaniya sonuncu dəfə 1969-cu ildə “Eurovision” qalibi olub. Nəhayət, İtaliya Toto Kutunyonun sayəsində 1990-cı ildə qalib gəlib.

Gördüyümüz kimi, real nailiyyətlər baxımından, “Böyük beşlik” üstünlük əldə etmək üçün heç bir mənəvi hüquqa malik deyil. Bununla belə, onlar bu müsabiqədə xüsusi statusa malikdirlər. Bu isə - haqsızlıqdır.

İndi aydın olur ki, hazırki müsabiqənin son nəticələrinin obyektivliyinə görə suallar ortaya çıxır. Xatırladaq ki, 2012-ci ilin dekabrın 14-də “TRT” telekanalı Türkiyənin 2013-cü il Avropa mahnı müsabiqəsində iştirakdan imtina etdiyini rəsmi şəkildə elan etdi. Türkiyənin narazılığına əsas səbəb mövcud səsvermə sistemi və “Böyük beşlik” ölkələrinin statusudur.

Avrosonqda baş verənlərə nəzər salaraq, Azərbaycanın İctimai televiziyası “Eurovision” müsabiqəsində ölkənin sonrakı iştirakının məqsədəuyğunluğunu düşünməlidir. Müsabiqədə Azərbaycan, Ukrayna, Rusiyanın yeni qələbələrinin qəbuledilməzliyi açıq görünür.

Haqqın.az (müəllif: Əkbər Həsənov)

Tərcümə: Səbinə Həsənova,
Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti