`Müəllim zamandan asılı anlayış deyil`- Professor
-Fuad müəllim, sizcə, müəllim olmaq nə deməkdir?
-Mənim nəzərimdə, müəlim zamandan asılı anlayış deyil. Bu günün müəllimilə, məsələn, yüz il əvvəlki müəllim mahiyyətcə eyni məna kəsb edir. Müəllimin (söhbət əsl müəllimdən gedir) keyfiyyətləri bütün zamanlar üçün eyni olan dörd sütun üzərində formalaşır - yüksək professionalizm, ziyalılıq, öyrətmk həvəsi və bacarığı, tələbəyə sayqı və sevgi. Müəllimin öz sahəsində yüksək biliyə sahib olması, əlbətdə ki, zəruri şərtdir, lakin hələ kafi şərt deyil. Texniki fənndən dərs deyən müəllim və ya dəqiq elmlər üzrə mütəxəssis alim, eyni zamanda, incəsənətdən, tarixdən, fəlsəfədən, dindən, musiqidən xəbərdar olmalıdır. Kvant mexanikasının banisi, Nobel mükafatı laureatı Maks Plank böyük elmi məktəbin yaradıcısı olmaqla yanaşı, Berlin Universitetində musiqi nəzəriyyəsindən dərs deyirdi, elmlə dinin vəhdətinə həsr olunmuş məruzələrlə çıxış edirdi. Eyni zamnda humanitar elmləri tədris edən müəllimin dəqiq elmlərin əsas prinsipləri barədə müəyyən məlumatı olmalıdır. Çarlz Snou deyirdi ki, sənətindən asılı olmayaraq, hər-hansı ingilis Termodinamikanın 2-ci qanununu bilmirsə, bu ona bərabərdir ki, o, Şekspiri tanımır. Əgər müəllim eyni zamanda görkəmli alimdirsə onun dərsləri yeni , daha yüksək bir səviyyəyə qalxır. Mərhum akademik Azad Mirzəcanzadənin dərsləri buna parlaq misal ola bilərdi. O, sadəcə, mexanika dərsləri keçmirdi, elmin ən yeni nailiyyətləri barədə informasiyalar, həmçinin, tarixə, incəsənətə, klassik musiqiyə bağlı söhbətləri onun dərslərini olduqca dolğun və təsirli edirdi. Həqiqi alim-müəllimlər ən çətin mövzuları asan şəkildə təqdim etməyi bacarırlar. Emersondan müəllimin kim olduğunu soruşurlar, o, isə cavabında deyir: “Müəllim çətini asan edən şəxsdir “.Hər dərs deyən müəllim olmur. Şəxsən mənə ders deyənlər çox olub, lakin onlardan yalnız üç şəxsi mən özümə Müəllim sayıram. Təhsilin səviyyəsi ,nəticə etibarilə, müəllimlərin səviyyəsindən asılıdır – o yerdə ki, yaxşı müəllimlər var, orada mütləq yaxşı tələbələr olacaq, yaxşı mütəxəssislər yetişəcək. Paris Politexnik məktəbində, 19-ci əsrin birinci yarısında kimlər dərs deyirdi - Laplas, Lagranj, Furye, Amper, Dyulonq, Bertole... , bu məktəbi kimlər bitirmişdi - Karno, Koşi, Koriolis, Puasson, Gey-Lussak, Peti, Frenel, Bio,Klapeyron,Puazeyl... Əsl müəllim təkcə dərs deməklə kifayətlənmir, o, tələbələrində elmə, yaradıcılığa həvəs yaradır. XX əsrin dahi fiziklərindən biri Enriko Fermi deyirdi: “Tələbə çəllək deyil ki, onu daha çox biliklərlə doldurasan. Tələbə bir məşəldir, müəllimin vəzifəsi onu yalnız alışdırmaqdır!”.Müəllim tələbəsinə simpatiya və eyni zamanda empatiya ilə yanaşmalı, xeyirxah olmalı, onun şəxsiyyət kimi yetişməsində yardımçı olmalıdır. Lev Tolstoy deyirdi: “Əgər müəllim öz işinə sevgilə yanaşırsa o yaxşı müəllimdir. Lakin, o, bununla yanaşı tələbəsinə qarşı da sevgi ilə yanaşırsa o, mükəmməl müəllimdir“.Müəllim tələbəyə sevgi ilə yanaşırsa, mütləq tələbəsinin sevgisini və ehtiramını qazanacaq – müəllim üçün isə bundan artıq mükafat ola bilməz. Həzrət Əli demişdir: ”Kimsə mənə bir hərf öyrədərsə mən əbədi onun xidmətində olaram “.
-Siz uzun illər müxtəlif tələbələrə dərs demisiniz. İndiki tələbələr əvvəlkilərdən fərqlidirlərmi? Nədir fərqlər?
-Müəllimlər mahiyyətcə dəyişmədiyi kimi tələbələr də dəyişməyib. Dəyişən, yalnız dövran, zəmanə, şərait, zahiri atributlardır. İndiki tələbələr daha çox informasiyaya sahibdirlər, lakin bu o demək deyil ki, onlar əvvəlkilərdən daha ağıllıdırlar. Test üsulu bütün müsbət cəhətləri ilə yanaşı bir böyük qüsura malikdir ki, o da uşaqlarda məntiqi düşünmək qabiliyyətini zəiflətməkdən ibarətdir. Əvvəlki nəsl tələbələrin(əlbəttə, yaxşı tələbələrin) məntiqi düşünmə qabiliyyəti daha yüksək idi. Möhtəşəm elektron informasiya sisteminin mövcudluğu indiki tələbələrə böyük imkanlar verir, lakin, eyni zamanda, paradoksal səslənsə də, onların sağlam məntiqə sahib, ziyalı, mədəni şəxsiyyətlər kimi formalaşmasına mane olur. İndiki gənclər, təəssüf ki, daha çox texnokrat praqmatiklərdir, az kitab oxuyurlar, klassik ədəbiyyatla, klassik musiqilə az maraqlanırlar. Bu əslində bütün dünya üçün xarakterikdir – dünyanın ən aparıcı universitetləri belə yalnız mütəxəssis buraxır, ziyalı yox. Halbuki, hələ keçən əsrin əvvəllərində universitet bitirmiş azərbaycanlılar yüksək səviyyəli mütəxəssis olmaqla yanaşı, həm də Azərbaycanın ictimai-siyasi, mədəni həyatında böyük rol oynamış parlaq ziyalılar idi. Təəssüf ki, indiki zamanda ali təhsillilərimiz çox olsa da həqiqi ziyalılarımız azlıq təşkil edir.
-Hazırda tədris etdiyiniz Bakı Ali Neft Məktəbinin tələbələri haqqında nə deyə bilərsiniz?
Bakı Ali Neft Məktəbi mənim nəzərimdə dünya təhsil standartlarına yüksək səviyyədə cavab verən, çox böyük perspektivə malik nümunəvi bir təhsil ocağıdır. Əminəm, çox yaxın gələcəkdə BANM dünyanın aparıcı universitetləri sırasına çıxacaq. Mən dünyanın bir sıra aparıcı universitetlərində çalışmışam və mən sizi əmin edirəm ki, dünyanın heç bir universitetində tələbəyə bu qədər diqqət, sayqı, yardım yoxdur. Önəmli cəhət odur ki, qarşıya qoyulan məqsəd kosmopolit texnokrat yox, yüksək səviyyəli mütəxəssis olmaqla yanaşı, millətinə, vətəninə bağlı, milli ruhlu, və eyni zamanda, beynəlmiləlçi, müasir düşüncəli ziyalı kadrlar yetişdirməkdir. Azərbaycan tarixi, nitq mədəniyyəti üzrə tədris olunan fənnlər, milli teatr, ədəbiyyat, musiqi, incəsənət üzrə tədbirlər bu məqsədə xidmət edir. Tələbələrimiz, şübhəsiz ki, bu imkanları lazımınca dəyərləndirir, onlardani bəhrələnirlər və gələcəkdə dünyanın hər hansı bir ölkəsində həm mütəxəssis kimi, həm də Azərbaycanı hərtəfli layiqincə təmsil edə biləcək ziyalı kimi böyük uğurlar əldə edəcəklər. Onu xüsusi qeyd etmək istəyirəm ki, Bakı Ali Neft məktəbinin orta statistik tələbəsi öz bilik səviyyəsinə, dünya görüşünə, intellektual imkanlarına görə dünyanın ən aparıcı universitetlərində oxuyan tələbələrlə rəqabət apara biləcək dərəcədə yüksək potensiala malikdirlər və inanıram ki, gələcəkdə onların bir çoxu dünyanın ən iri şirkətlərində, təşkilatlarında rəhbər mövqelərə sahib olacaqlar.
AzVision.az