Hikmət Hacıyev: Azərbaycan mediası qlobal mövqelərini gücləndirəcək

   Hikmət Hacıyev: Azərbaycan mediası qlobal mövqelərini gücləndirəcək
  22 İyul 2026    Oxunub:339
Azərbaycan mediası qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, fəaliyyət prinsiplərinə sadiq qalaraq cəmiyyətdə vətənpərvərliyin, milli həmrəyliyin möhkəmlənməsi və milli maraqların müdafiəsinə töhfə verməyə davam edəcək.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində Milli Mətbuat Günü münasibətilə paylaşımında yazıb.

H.Hacıyev bildirib ki, bu gün Azərbaycan cəmiyyəti milli mətbuatın növbəti ildönümünü qeyd edir.

Onun sözlərinə görə, 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mətbuatının inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir.

Prezidentin köməkçisi qeyd edib ki, 1990-cı illərin ortalarından başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkədə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü və peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaradıb.

O vurğulayıb ki, sonrakı dövrdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi və bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar Azərbaycan mediasının müasir çağırışlara uyğun inkişafını təmin edib, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib.

H.Hacıyev xatırladıb ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyaraq ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycana qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynayıb.

H.Hacıyev paylaşımda Prezident İlham Əliyevin Azərbaycan mediası haqqında fikirlərinə də yer verib.

“Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm... Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir”, - deyə o, Prezident İlham Əliyevin fikirlərindən sitat gətirib.

H.Hacıyev qeyd edib ki, dünyada və regionda mürəkkəb proseslərin getdiyi, müharibə və qarşıdurmaların davam etdiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi və inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, eyni zamanda güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir.

Onun sözlərinə görə, sevindirici haldır ki, Azərbaycan mediası da öz fəaliyyətini mövcud reallıqlara uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanındakı müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir.

“Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək”, - deyə H.Hacıyev vurğulayıb.

Sonda Prezidentin köməkçisi Azərbaycan mediasını və jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb


Teqlər:






Xəbər lenti