Elmin İnkişafı Fondu ekspertlərin iclasını keçirəcək

Elmin İnkişafı Fondu ekspertlərin iclasını keçirəcək
  10 Oktyabr 2016    Oxunub:1868
Elmin İnkişafı Fondu HORİZON-2020 proqramı üzrə yüksək səviyyəli ekspertlər iclası keçirəcək.
Elmin İnkişafı Fondunun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu oktyabrın 13-14-də Bakıda Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış “HORİZON-2020” Proqramı hüdudlarında fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri çərçivəsində Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumların, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələrinin və Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçilərinin və ekspertlərinin iştirakı ilə elm, texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir (“Workshop for the Participation of Non-EU Black Sea and EaP Countries in Thematic COFUND ERANETs & JPIs”) keçirəcək. Tədbirin həmtəşkilatçısı Yunanıstanda fəaliyyət göstərən "Regional və Beynəlxalq Elm, texnologiya və innovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzi”idir (CeRISS).

Elmin İnkişafı Fondu “Black Sea Horizon” və “EaP PLUS” layihələrində qurum kimi iştirakçıdır. Elmin İnkişafı Fondunun səmərəli fəaliyyəti nəzərə alınmaqla, adıçəkilən yüksək səviyyəli iclasın Bakıda keçirilməsi üzrə qərar BSH layihəsinin cari ilin iyun ayında Vyanada keçirilən Baş Assambleyasında qəbul edilib. Tədbirin işində Avropadan (Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan, Moldova, Türkiyə) və Azərbaycandan tanınmış ekspertlər iştirak edəcək.

2 gün davam edəcək iclasda Avropa İttifaqı ölkələri ilə bu İttifaqın üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələri və Şərq Tərəfdaşlığı ölkələrinin alimləri arasında elmi əməkdaşlığın perspektivləri, Avropa Tədqiqat Zonaları Şəbəkəsi (ERA.NET) üzrə müxtəlif tədqiqat proqramları (mədəni irs, bioiqtisadiyyat, materialşünaslıq, iqlim, qlobal urban və demoqrafiya problemləri) üzrə Avropa çərçivəsində birgə həll yolları məruzə ediləcək, Şərq Tərəfdaşlığı ölkələrinin təcrübəsi haqqında məlumat veriləcək, cari vəziyyət, problemlər, uğurlar və perspektivlər müzakirə ediləcək.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsinin, Yunanıstanın və Avstriyanın səfirlərinin iştirakı gözlənilir.

Tədbir 2016-cı il 13 oktyabr tarixində saat 9.15-də “Hilton Baku Hotel”in “Yaqut” zalında başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti