Bahalaşmaya səbəb nədir və nə qədər davam edə bilər? – TƏHLİL

Bahalaşmaya səbəb nədir və nə qədər davam edə bilər? – TƏHLİL
  11 Oktyabr 2016    Oxunub:10536
Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, yanvar-sentyabr ayları ərzində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz bahalaşıb. Ərzaq məhsullarının qiymətində 12,7, qeyri-ərzaq mallarında 15,9, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətində isə 5,2 faiz artım var.

2016-cı ilin sentyabrında avqust ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən, ərzaq məhsulları 4, qeyri-ərzaq malları 1,6, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz artıb. Bütün bunlar nə ilə əlaqədardır? Başqa sözlə desək, bahalaşma niyə davam edir?

11,2 faiz infliyasiya əsasən manatın məzənnəsinə təzyiqlə əlaqədardır. Məsələ bundadır ki, yay aylarında manat xarici valyutalar qarşısında çox ciddi təzyiqlərə məruz qaldı. Bu isə bilavasitə idxalı stimullaşdırdı. Və bununla da yumşaq məzənnə siyasətinin ixracı stimullaşdırması haqda mülahizənin nə dərəcədə yanlış olduğu özünü ölkəmizin təcrübəsində bu dəfə də əyani şəkildə göstərdi. Belə ki, keçən il 2 dəfə devalvasiyanın həyata keçirilməsi, o cümlədən, cari ilin əvvəlindən bəri manatın ABŞ dolları qarşısında tədricən ucuzlaşması ölkəmizdə ixracın nəinki stimullaşdırılması ilə nəticələnmədi, əksinə, onun daha da azalması və idxalın genişlənməsi ilə xarakterizə olundu.

Bu da bir daha onu təsdiq edir ki, ixracın genişlənməsinə və artmasına nail olmaq üçün ilk növbədə daxili bazarın idxaldan asılılığının güclənməsinin qarşısı alınmalı, yerli istehsal açıq şəkildə himayə olunmalı, valyuta bazarında ciddi gərginlik yaranmasına bütün mümkün vasitələrdən istifadə edilməklə heç bir şəkildə yol verilməməlidir.

Yeri gəlmişkən, Prezident hökumətin ölkənin cari ilin ötən 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında qeyd etdi ki, əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa, təbii ki, bizdə də artacaq. “Ona görə, biz çalışmalıyıq ki, idxaldan asılılığı maksimum səviyyədə azaldaq, yəni, minimuma endirək. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Biz o komponenti də azaltmalıyıq”,– deyə dövlət başçısı İlham Əliyev bildirdi.

Bəs bizi qarşıda nə gözləyir? Bahalaşma davam edəcəkmi? Ümumiyyətlə, ikirəqəmli inflyasiya uzunmüddətli olacaqmı?

Məsələ bundadır ki, yuxarıda qeyd etdiyimiz zəruri sayılan tədbirlərin bir çoxu artıq, hökumət tərəfindən həyata keçirilməyə başlanıb. Belə ki, məsələn, ölkə ərazisinə gətirilən bir sıra mallar üzrə gömrük idxal rüsumları dərəcələrinə tezliklə müvafiq dəyişikliklər olunacağı haqda qərar bunlardan biridir. Və bəlkə də, ən mühümüdür desək, heç də yanılmarıq. Çünki bu qərar bilavasitə daxili istehsalı himayə etmək məqsədi daşıyır.

Bundan əlavə, ilin əvvəlindən bəri ixracı dəstəkləmək üçün də bir sıra addımların atıldığı məlumdur. Bura təşviqat, subsidiya verilməsi və güzəştlərin tətbiqi daxildir. Elə Prezidentin bu günlərdə, yəni oktyabrın 5-də imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqda fərmanı qeyd etmək kifayətdir.

Valyuta bazarına gəldikdə, burada yayın sonuncu 2 ayında müşahidə olunan ajiotaj xeyli dərəcədə aradan götürülüb. Məsələn, Dövlət Neft Fondunun hökumətin xahişilə Beynəlxalq Bankda (ABB) 1 milyard dollar həcmində depozit yerləşdirməsi faktı ABB-nin bundan xarici borclarını ödəmək üçün istifadə edəcəyi baxımdan çox əhəmiyyətli oldu. Xatırladım ki, belə bir təkliflə 1-2 ay öncə ilk dəfə olaraq şəxsən çıxış etmişdim ki, bilavasitə bank sektorunda yaranmış məlum vəziyyətlə əlaqədar valyuta ehtiyatlarından istifadə məsələsi nəzərdən keçirilə bilər və hətta buna böyük ehtiyac var. Yazmışdım ki, daxili valyuta bazarında dolayı yolla nisbətən uzunmüddətli sabitliyə nail olmaq üçün kommersiya banklarının xarici öhdəliklərinin müvəqqəti olaraq Mərkəzi Bank və yaxud Neft Fondu tərəfdən öhdəyə götürülməsi nəzərdən keçirilə bilər və bu, lazımdır...

Bu kimi tədbirlərin davamlı xarakter daşıması üçün əlavə tədbirlər də görülür və hələ görüləcək.Lakin, süni qiymət artımı amilini də nəzarətsiz qoymaq olmaz. Təsadüfi deyil ki, Prezident də yuxarıda qeyd etdiyimiz iclasda qeyd etdi ki, süni qiymət artımına yol verilməməli və buna həm ictimai, həm dövlət orqanları tərəfindən çox ciddi nəzarət olmalıdır. ”Yerli məhsul isə xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır. Ona görə, istehlak bazarına çox ciddi nəzarət olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər. Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa onlar çalışa bilərlər ki, öz məhsulunun da qiymətini artırsınlar. Yəni, buna yol vermək olmaz. Həm yerli və həm də mərkəzi icra orqanları buna çox ciddi nəzarət etməlidir”, – deyə, Prezident İlham Əliyev bəyan etdi.

Odur ki, yaxın perespektivdə ölkədə inflyasiyanın cilovlanacağını ehtimal etmək olar. Ancaq bu, ciddi şəkildə çox güman ki, məhz növbəti ilin I rübünün sonuna yaxın dövrdən tez müşahidə edilməyəcək. Əsas odur ki, bazar hər halda nəzarət altındadır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti