Üç ölkə və təhlükəsizliyin üç ölçüsü: İstanbul sammitinin yekunları – TƏHLİL

Üç ölkə və təhlükəsizliyin üç ölçüsü: İstanbul sammitinin yekunları – TƏHLİL
  11 Oktyabr 2016    Oxunub:4344
Dünən İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi həm dünya enerji təhlükəsizliyinin, həm də regional hərbi-siyasi təhlükəsizliyin təminatında Azərbaycanın danılmaz rolunu bir daha ortaya qoydu.

Prezident İlham Əliyevin konqresin açılışında söylədiyi fikirlər, onun Rusiya və Türkiyəli həmkarları ilə səmimi dialoqu sammitə xüsusi rəng qatdı. Dövlət başçısı Azərbaycan qazının dünya bazarına çıxarılmasında TANAP layihəsinin önəmini vurğulayaraq bütövlükdə Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında Azərbaycan və Türkiyənin liderlik funksiyalarını üzərlərinə götürdüklərini diqqətə çatdırdı. “Əsrin Müqaviləsi”ndən danışan prezident Azərbaycan neftini dünya bazarına çıxaran marşrutlara xüsusi toxunub. O, bildirib ki, bunlardan ikisi Qara dənizə, biri, yəni Bakı-Tbilsi-Ceyhan neft kəməri isə Aralıq dənizinə çıxır. İlham Əliyev vurğulayıb ki, bu layihələrin reallaşması ilə əslində Xəzər və Aralıq dənizlərini birləşdirməyə nail olmuşuq.

Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TANAP layihəsi həm Türkiyənin qaza olan tələbatının ödənilməsi, həm də Xəzər qazının Avropa bazarına çıxarılması baxımından mühüm rola sahibdir. Bu layihə təkcə Azərbaycanı yox, digər xəzəryanı ölkələrin, o cümlədən, İran, Qazaxıstan və Türkmənistanı Avropa ilə bağlayan xətt ola bilər. Bu önəmli missiyanı Azərbaycanın reallaşdırması dünya enerji təhlükəsizliyinin təminatında rəsmi Bakının artan rolundan xəbər verir.

Amma İstanbul sammiti təkcə enerji məsələləri yox, regional hərbi-siyasi təhlükəsizliyin təminatı baxımından da xeyli maraqlı oldu. Prezident İlham Əliyev sammit çərçivəsində də Rusiya və Türkiyənin dövlət başçıları arasında əlaqələndirici şəxs olduğunu, bununla bölgədə önəmli missiya yerinə yetirdiyini sərgilədi. Məhz Azərbaycan prezidenti İlham Əliyevin səyləri nəticəsində bu gün Rusiya ilə Türkiyə arasındakı əvvəlki soyuq münasibətlərdən əsər-əlamət qalmayıb.

Prezident İlham Əliyevin həmkarları Vladimir Putin və R.T.Ərdoğanla səmimi dialoqu da diqqətdən yayınmadı. 3 ölkənin prezidentlərinin yanaşı əyləşərək bir-birləri ilə söhbət etmələri regionda formalaşan yeni bir üçlü koalisiyadan xəbər verir. Bu görüntü həm də ona işarə edir ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin normal məcraya qayıtması Azərbaycanın xeyirinədir. Bu, həmçinin regionda yeni geosiyasi mənzərənin formalaşması anlamına gəlir. Şübhəsiz, üç ölkənin bu cür yaxınlaşması ən çox Ermənistanı narahat etməlidir. Çünki bütün hallarda Moskva-Ankara-Bakı üçlüyünün müxtəlif sferalarda bir-birinə yaxınlaşması Qarabağ münaqişəsinin həllindən keçir. Bunu həm tərəfdaş dövlət olan Rusiya, həm də strateji müttəfiqimiz olan Türkiyə rəhbərliyi yaxşı bilir.

Ona görə də, “İstanbulda regional barış möhkəmləndi” desək, yanılmarıq. Prezident İlham Əliyevin vasitəçilik missiyasın uğurla yerinə yetirməsi nəticəsində Rusiya ilə Türkiyə arasında həyati əhəmiyyətə sahib sazişlər imzalandı. “Türk axını”, “Akkuyu” kimi layihələrin icrasının sürətləndirilməsi istiqamətində mühüm addımlar atıldı, ticarət dövriyyəsinin əvvəlki səviyyəyə qaytarılması ilə bağlı razılıq əldə olundu. Bundan başqa, hər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında qarşılıqla anlaşmaya varıldı. Yəni ki, sammit təkcə enerji təhlükəsizliyinin təmin olunması baxımından yox, həm də regional hərbi-siyasi əməkdaşlığın genişləndirilməsi baxımından yadda qaldı. Bu prosesdə Azərbaycanın yaxından iştirakı isə regionda mövqelərimizin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ceyhun Əhmədli
AzVision.az


Teqlər:  





Xəbər lenti