Bankları xilas etməyin yolu - Ekspertdən təkliflər
İqtisadçı bankların sahibləri və menecerləri üçün konkret məsuliyyətlər müəyyən edilməsini təklif edib: “Bank müflis olduğu zaman sığorta olunmayan milyonlar geri qaytarıla bilmirsə, bank sahibləri və menecerləri məsuliyyət daşımalıdırlar”.
V.Bayramov Mərkəzi Banka stimullaşdırıcı tədbirlərin təşviq edilməsini təklif edib. Ekspert vurğulayıb ki, mövcud bankların sayı Azərbaycan üçün məqbul deyil: “Birləşən banklar üçün vergi güzəştlərinin tətbiqi mümkündür. Mərkəzi Bank bununla bağlı hökumət qarşısında məsələ qaldıra bilər. Eyni zamanda birləşən banklar üçün mərkəzləşdirilmiş kredit resuslarına çıxış imkanlarının artırılması, daha aşağı faizlə kreditlərin təklif edilməsi mümkündür. Bu da nəticə etibarı ilə imkan verər ki, banklar birləşmədə maraqlı olsun. Hazırda 32 bank var. Azərbaycan iqtisadiyyatının miqyasını, bank sektorundakı aktivlərin həcmini nəzərə alsaq, bu qədər bank çoxdur. Sözsüz ki, bankların sayı ilə bağlı standart yoxdur. Amma bankların optimal sayının müəyyən edilməsi mümkündür.
Araşdırmalarımız göstərir ki, bu gün Azərbaycan üçün 20- qədər bankın olması normaldır. Hazırda kommersiya banklarının mövcud vəziyyətini qiymətləndirsək, konsolidasiya olunmalı bankların sayı heç də az deyil. Qiymətləndirmələr göstərir ki, konsolidasiya yolu ilə bankların sayının 32-dən 20-ə endirilməsi məqsədə uyğun olardı. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası çalışmalıdır ki, banklar müflis olmaqla deyil, konsolidasiya yolu ilə azalsın”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, Azərbaycanın bank sektorunda konsolidasiya siyasəti davam etdirilməlidir: “Bank sektorunda çox ciddi islahatlar aparılmalıdır. Bu sektor şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir”.
Anar Kəlbiyev
AzVision.az