NASA üçün `Mələk beyni` yaradan gənc azərbaycanlı – MÜSAHİBƏ
- Həm meta-proqramlaşdırma, həm də adi proqramlaşdırma ilə məşğulam. Komandamızın tərkibində biznes fəaliyyəti də göstərirəm. Həm də həvəskar fotoqrafam. Forekslə də məşğul oluram.
Yazıçıyam. Ümumilikdə 23 kitab yazmışam. Bunları ardıcıl olaraq çap etməyi düşünürük. Amma bir az problemlərimiz var. Nəşiyyatla bağlı müəyyən çətiniklərim oldu, ona görə “Septini” adlı kitabım çap olunmadı. Amma bütün bunlara baxmayaraq çap olunmayan kitabım 300 nüsxə satılıb. Bu, böyük göstəricidir.
Biz komanda olaraq fəaliyyət göstəririk. Komandada mənim müəllimim Elvin Əliyev olub. Həmişə soruşurlar ki, Elvin Əliyevin adını niyə tez-tez çəkirsən. Qeyd edim ki, Elvin mənə həm öyrənməyi, həm də öyrətməyi öyrədib. Onunla birlikdə Septini–Akademiyanı qurduq. Əvvəllər bu akademiyada proqramlaşdırma dillərini öyrədirdik. İndi isə 30 proqramlaşdırma, 7 meta-proqramlaşdıma dili öyrədirik. Hələ o vaxtlar bu sahələr Azərbaycanda yox idi.
Daha sonra dəslərimizə kiber-sahələr əlavə olundu. Hələ ki, ölkəmizdə Kiber Müdafiə Nazirliyi yoxdur. İnkişaf etmiş ölkələrdə isə belə Nazirliklər fəaliyyət göstərir. Bizdə isə “kiber müdafiə” dəyən zaman insanların ağlına qara şeylər gəlir. Biz Akademiyada kiber müdafiə dərsləri də keçirik.
- Dərslərin necə gedir?
- 3-cü kursa qədər universitetə getmişəm. İndi isə yalnız rəsmi olaraq adım tələbələrin siyahısında var. Universitetə getmirəm, çünki mən öz beynimdə daha yaxşı universitet yaratmışam. Bəlkə də həmin universitet mənə istədiyimi öyrətmədiyinə görə belə bir addım atdım. İxtisasım isə beynəlxalq münasibətlərdir. Bu ixtisasın mənə heç bir aiddiyatı yoxdur.
- Kitablarınızda nədən bəhs edirsiniz?
- Kitablarımda daha çox elmi-fantastik üsluba üstünlük verirəm. “Septini” adlı əsərimi də bu formada yazmışam. Sırf elm sahəsi ilə bağlı müəyyən konsepsiyalarım var. Burda hekayə, personaj yoxdur. Əsərlərimi daha çox gündəlik kimi yazmışam. Qəhrəmanların çoxu özümüz olmuşuq. Amma fantastik üslubda yazmışam. Bu gün yazdığım əsəri gələcək üçün nəzərdə tutmuşam.
Mən “Mələk beyni” adlı bir elmi əsər yazmışam. NASA-ya dəvət olunma səbəbim də məhz o əsərimdir. İnsan adətən yuxuda daha güclü beynə sahib olur. Süuraltı və şüurüstü anlayışları mövcuddur. Şüuraltı beyin tam işləyən zaman şüurüstü beyindən 19 dəfə güclü olur. Bu götərici bəzən insanlar arasında fərqli də ola bilir. Mən həmin beynə özüm “Mələk beyni” adı vermişəm. Bu ad bir az fantastik səslənir. Yaratdığım bu konsepsiyanı proqramlaşdırdım. Qarşıma məqsəd qoydum ki, 5 il sonra mən NASA-da olacağam və bu “Mələk beyni” konsepsiyamı orada tamamlayacağam. Amma bu, iki ildən sonra baş tutdu.
Lap öncələr mən proqramlaşdırma dilini öyrənirdim. Elvin mənə dedi ki, təsəvvür elə ki, bir-iki il sonra NASA-dasan. Deyirim ki, NASA hara, mən hara? Təsəvvür etmirdim. O vaxtlar Teymur Sadıxovun adını eşitmişdim. Onunla fəxr edirdim. Amma özümü o yerdə təsəvvür edə bilmirdim. İnsanların ən böyük problemi inam və təsəvvür arasındakı bağdır. Şüurli və şüursuz inanclar var. Şüursuz inanc digərlərinin dediyinə sorğulamadan inanmaqdır. Amma şüurlu inam sənin gələcəyindir. Elvin mənə şüurlu inancı öyrətdi. Yəni mən bunu bacaracağam. Motivasiya olmalıdır. İnsan özünə reallığı qəbul etdirməyi bacarmalıdır. Enerjini düzgün istiqamətə yönəltmək də əsasdır. Qeyri-mümkün görünən hər şey inam və təsəvvürlə mümkündür. Əvvəl inanırsan və onu təsəvvüründə yaradırsan.
Mən “Mələk beyni” adlı elmi konsepsiyamı həm fizioloji, həm proqramlaşdırma ilə tamamladım. Demək olar ki, bir insanın sıfırdan beynini yığdım. Astral səyahət mövuzusuna toxumuşam. Bir insanın normadan daha güclü beynə sahib olması üçün heç bir kimyaya, metod və texnologiyaya ehtiyac yoxdur. “Mələk beyni” konsepsiyam təxminən 250-300 səhifə olar. Onu NASA-ya göndərdim. Təcrübə proqramına qəbul edilənlərin adlarının açıqlanacağı son tarix avqusun 31-i idi. Sentyabrın birində evdə otururdum. Gördüm ki, cavab gəlmir. Fikirləşdim ki, qəbul olumamışam. Amerika ilə saat fərqimiz çoxdur. Gecə saat 4 idi. Cavab gəlmədiyi üçün heç kefim yox idi. Fikirləşdim ki, bəlkə də emaili səhv yazmışam. Böyük bir ruh düşkünlüyü yaşayırdım. Birdən cavab gəldi ki, təbrik edirik siz NASA-nın təcrübə proqramına qəbul olunmusunuz. Sənədlər və video müsahibə tələb olunurdu. NASA-dakı mütəxəssislər video zəng etdilər və birbaşa söhbət etdik. Mən özümü elmi suallara hazırlamışdım.Amma həmin mütəxəssislər elmə aid olmayan suallar verdilər. Gündəlik həyatımı soruşdular. Onlar ən xırda detallara fikir verirdilər. Bütün mərhələləri keçdim. Əgər mən təcrübə proqramından lazımı nəticəni yığa bilsəm, orada çalışa bilərəm. NASA-da 21 yaşadan kariyera imkanları başlayır. Mən özümə inanıram. Hər şey yaxşı olacaq. Fikrimcə, elmi konsepsiya yığmağın özü də böyük bir işdir. O, mənim əsərimdir.
- Sizə kimlər dəstək olur?
- Mənəvi dəstək hər şeydən vacibdir. Mən bu layihəmə görə bəzi biznesmenlərlə əlaqə saxladım. Onlara inanırdım. Amma heç bir nəticəsi olmadı. İqtisadi məsələləri də özüm həll etdim.
- Necə bir ailədə doğulmusan?
- Valideynlərim ali savadlıdır. Buna görə çox sevinirəm. Mənəvi dəstək olurlar. Heç vaxt onlardan maddi dəstək istəməmişəm. İstər özüm, istərsə də ailə olaraq çətin günlərimiz olub. NASA- xəbərini eşitdikdən sonra Almaniyadan yeni qohumlarım da çıxdı. Yəqin gələcəkdə Amerikada da qohumlarım çıxar (gülür). 15 yaşımda ailəmi tərk edib, evdən çıxdım. Hər şeyi özüm etmək istəyirdim. Heç kəsdən kömək istəmirdim. Uşaqlıqda atadan pul, yemək istəyirlər. Daimi məsuliyyəti kiminsə üstünə atırsan. Mən elə olmaq istəmirdim. Çox çətinliklərim oldu. Bəzən gecə küçələrdə qaldığım günlərim də oldu. Məsuliyyəti dərk etdim. Öz yaşıma görə çox çətinliklər görmüşəm.
- Amerikaya nə vaxt gedirsiniz?
- Yaxın bir həftə ərzində gedəcəyəm.
Hafiz Əhmədov
AzVision.az