Kredit probleminin həlli üçün yeni mexanizm işə düşür – TƏHLİL

Kredit probleminin həlli üçün yeni mexanizm işə düşür – TƏHLİL
  04 Noyabr 2016    Oxunub:8247
Tezliklə ölkədə “Kredit büroları haqqında” qanun fəaliyyətə başlayacaq ki, bununla da maliyyə sistemində yeni bir mexanizm işə düşəcək.

Əslində buna çoxdan ehtiyac var idi. Sual oluna bilər ki, niyə? Kredit büroları nədir? Bunların yaranmasının nə əhəmiyyəti olacaq? Əgər, ehtiyac var idisə, indiyədək niyə təşəkkül tapmırdı?

Kredit büroları sağlam maliyyə sektoru və bank sisteminin əsas və ən vacib elementlərindən - şərtlərindən birini təşkil edir. Bu məsələyə hələ xeyli əvvəldən baxılsa idi və indiyədək ölkədə kredit büroları mexanizmi mövcud olub fəaliyyət göstərsəydi, maliyyə sektoru və bank sistemi bugünki vəziyyətə düşməzdi.

Xüsusən də problemli kreditlərin həcmi 1 milyard yarım təşkil edə bilməzdi. Hazırda maliyyə sektoru - bank sistemi az qala çökmüş vəziyyətdədir, o səbəbdən ki, banklar nə verdikləri kreditləri ala bilirlər, nə də yeni kreditlər verirlər. Bu sahədə mövzud vəziyyətə dair statistik rəqəmlərlə misal gətirməyə isə demək olar, heç bir ehtiyac yoxdur. Çünki kifayət qədər deyilib və vəziyyət aydındır. Belə bir vəziyyətdə kredit büroları yaratmaq haqda düşünməyə başlamışıq ki, bunun effektini hələ yalnız bundan sonra görə biləcəyik.

Düzdür, qeyd oluna bilər ki, 2005-ci ildən Mərkəzi Bank (AMB) yanında mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) fəaliyyət göstərirdi. Hansı ki, bu da faktiki olaraq borcalanlar ilə borcverənlər haqda məlumatlar toplamaqla məşğul idi. Ancaq MKR, bir növ mərkəzləşdirilmiş bir qurum idi və fəaliyyəti demək olar, yalnız, statistik xarakter daşıyırdı.

Kredit bürolarının isə əhəmiyyəti daha böyükdür. Kredit büroları borcverənlər ilə borcalanlar arasında sözün əsil mənasında düzgün əlaqənin yaranmasına və həyata keçirməsinə, bu sahədə tələb olunan müvafiq tənzimləməyə nail olmağa imkan verəcək bir mexanizm təşkil edəcək. Bu isə maliyyə və bank sektorunun normal fəaliyyəti üçün mühüm şərtdir.

Yeri gəlmişkən, hələ 4-5 il öncə şərhlərimdə ölkəmizdə kredit vəsaitlərinin necə gəldi, yəni "kortəbii" şəkildə paylandığını yazmışdım. Yəni, bu haqda dönə-dönə qeyd edirdim ki, borc vəsaitlərinin paylanılmasında məsuliyyətlilik prinsipi açıq-aşkar pozulur.

Hazırda bəziləri elə düşünürlər ki, banklarımız devalvasiyaya görə bu günki vəziyyətə düşüblər. Ancaq əslində, belə deyil. Vəziyyət nə vaxtsa bu cür nəticələnməli idi. Çünki, borcalanların real maliyyə vəziyyətləri haqda analiz aparılmırdı. Vətəndaşların bəzisi bu bankdan aldığı krediti ödəyə bilməyəndə, gedib o biri bankdan kredit götürüb verirdilər. Və banklar da ona borc üçün müraciət edənin digər banka kredit qaytarmalı olduğu haqda heç cür maraqlanmırdı.

Ümumiyyətlə, Azərbaycanda bank sektorunda problemlərin çoxu hələ bir neçə il öncədən mövcud idi. AMB tərəfdən ölkədə fəaliyyət göstərən banklar qarşısında 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin verilməsi prosedurasının məhdudlaşdırılması haqda tələbi xatırlamaq kifayətdir. Ancaq kredit büroları olsa idi, bütün bunlar baş verməzdi.

Odur ki, gec də olsa bu məsələyə baxılması təqdirəlayiq haldır. Lakin sözügedən mexanizmin yaradılması birdən-birə baş verə bilməzdi. Əvvəl, qanunverici baza yaradılmalı, konkret mexanizm və qaydalar ortaya qoyulmalı idi. Bu mənada, girişdə qeyd etdiyimiz kimi “Kredit büroları haqqında” qanunun tezliklə fəaliyyətə başlaması olduqca vacib hal olacaq. Belə ki, bunsuz heç cür mümkün deyildi.

Bu sahədə hüquqi-normativ bazanın təşkili fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsi məqsədi daşıyır.

Qeyd edim ki, kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasını təşkil edəcəkdir. Bu isə həm bankların və ümumiyyətlə, ölkədə borcverənlərin işlərini yüngülləşdirəcək, həm risklərdən sığortalamağa yardım edəcək ki, bu da son nəticədə maliyyə nizam-intizamının formalaşması üçün mühüm baza yaradacaq.

Təkrar edirəm, kredit bürolarında toplanmış məlumat bazasından borcalanların maddi vəziyyətlərini təhlil etmək imkanı yaranacaqdır ki, bu da birincisi, bankların xərclərini azaldacaq, ikincisi maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt minimuma enəcək, üçüncüsü isə, borcalanların gəlirləri ilə öhdəliklərinin düzgün qiymətləndirilməsi nəticəsində kreditləşmə daha sağlam və məqsədəuyğun aparılacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti