FES dolları bahalaşdırsa, nə olacaq? – TƏHLİL

FES dolları bahalaşdırsa, nə olacaq? – TƏHLİL
  08 Noyabr 2016    Oxunub:10033
Keçən ilin dekabr ayında ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) tərəfindən 9 illik fasilədən sonra baza faiz dərəcəsinin 0,25% qaldırılması bütün dünya bazarlarında və eləcə də ölkələrin milli valyutaları üçün şok effekti yaratdı. Demək olar, hər yerdə tarazlıq pozuldu. Neftin dünya bazarlarında qiymətləri daha sürətlə enməyə başladı. Ümumən, dünya iqtisadiyyatında onsuz da ciddi çətinliklər içərisində olan istehsal dalana dirəndi.

Azərbaycanda da manat 2-ci dəfə məhz bundan sonra – dekabrın 21-də devalvasiyaya uğradı. Özü də bu dəfə birincidən (34%) daha çox səviyyədə – 47%. Üstəlik, Mərkəzi Bank (AMB) bununla “üzən məzənnə” rejiminə keçdiyi haqda qərar da qəbul etdiyini bəyan etdi ki, manatın məzənnəsinin 2015-ci ilin dekabrın 21-dən valyuta bazarında tələb və təklifin nisbəti altında müəyyən olunacağı, AMB-nin isə buna uyğun intervensiya həyata keçirəcəyi bildirildi.

Ümumiyyətlə, xatırlamaq yerinə düşər ki, cari ilin yanvar ayı ölkəmiz üçün çox çətin keçdi. Sahibkarlar, özəl və dövlət iqtisadi subyektləri, o cümlədən əhali çaşqın vəziyyətə düşdülər. Heç də təsadüfi olmadı ki, bilavasitə dövlət başçısının sədrliyi ilə eyni ay ərzində bir neçə müşavirə keçirildi. Təcili olaraq iqtisadi, sosial, struktur islahatları, 3-cü özəlləşdirmə və 2016-cı ilin dövlət büdcəsinə dəyişiklik həyata keçiriləcəyi deyildi. Fevralda büdcə 2 milyard manat civarında artırılmaqla, neftin onda nəzərdə tutulan qiyməti 50 ABŞ dollarından 25-ə endirildi.

Cari il bütövlükdə stabil keçsə də neftin dünya bazar qiymətləri yenidən ucuzlaşmağa başlayıb, üstəlik ABŞ iqtisadiyyatı barədə gələn xəbərlər də FES-in qarşıdan gələn dekabr ayında baza faiz dərəcəsini yenə artıracağını deməyə əsas verir. Belə ki, ABŞ iqtisadiyyatı üzrə cari ilin III rübünün yekunlarına əsasən, ümumi daxili məhsul (ÜDM) istehsalı illik 2,6% proqnoza rəğmən, 2,9% artıb ki, bu da son 2 il ərzində ən yüksək nəticədir. II rübə görə sözügedən rəqəm 1,4%, I rüb ərzində isə 0,8% təşkil etmişdi.

Bundan əlavə, Amerikada işsizlik də keçən ay ərzində, yəni oktyabrda nəzərdə tutulduğundan daha çox azalıb. Belə ki, oktyabrda iqtisadçıların 156 min rəqəmlik proqnozlarına rəğmən, 175 min yeni iş yeri açılıb. Bu isə iqtisadçıların hələ sentyabrda növbəti ay üçün proqnozlaşdırdıqları 5%-dən aşağı səviyyəyə (4,9%) nail olunduğu deməkdir. O cümlədən, inflyasiya da arzuolunan həddədir – 2%.

Beləliklə də, hələ ilin ortasından bəri qeyd etdiyim kimi dekabrda FES-in baza faiz dərəcəsini artıracağı bir daha təsdiqlənir. Düzdür, hələ noyabr da var. Lakin FES faiz dərəcəsini 90% artıracaq. Çünki, FES-in girişdə qeyd etdiyimiz keçən ilin dekabrında baza faiz dərəcəsini artırmaq haqda qərarı 2006-cı ildən sonra qəbul edilən ilk anoloji qərar idi. Sonuncu dəfə baza faiz dərəcəsi 2006-cı ilin ortalarında artırılmışdı. 2008-ci ildə böhran zamanı isə FES sözügedən göstəricini 0-dan 0,25%-ə qədər azaltdı.

Doğrudur, bu, müvəqqəti olaraq qəbul edilmişdi. Ancaq 0-0,25% dərəcəsi 7 il qüvvədə qaldı. Ona görə ki, 2008-ci ilin sentyabrında ABŞ-ın sistem banklarından biri sayılan “Lehman Brothers”-in çökməsi nəticəsində dünyanı iqtisadi və maliyyə böhranı bürüdü. Və bu səbəbdən də, kökü ipoteka kreditləşdirməsindən başlanan bu böhranla əlaqədar FES dollar çapını sürətləndirməli oldu ki, xəzinə və ipoteka istiqrazları almaq üçün 3 trilyondan çox nəğd vəsait emissiya edildi.

Nəticədə ABŞ iqtisadiyyatında irəliləyiş əldə olunmaqla iqtisadi aktivlik bərpa edildi, məşğulluq artdı və ÜDM istehsalı canlandı. Və bütün bunlara əsasən də FES uçot dərəcəsini nəhayət, 2015-ci ilin dekabrında artırdı. Həmin ərəfədə də ABŞ-da işsizlik 5% civarında, inflyasiya 2%-ə yaxın, iqtisadi artım tempi isə 2%-dən çox təşkil edirdi.

Yəni, ABŞ mərkəzi bankının baza faiz dərəcəsinin artırmaması üçün ortada heç bir əsas qalmamışdı. Odur ki, FES bu addımı atmalı idi və atdı da. O ki qaldı bunun mənfi təsirlərinə, o zaman da yazmışdıq ki, bilavasitə ölkəmizə gəldikdə, manatın dəyərini qoruyub saxlamaq istəyiriksə, onun neftə bağlılığından yaxa qutarmağa çalışmalıyıq. Belə ki, ölkəyə təkcə neftdən deyil, digər növ məhsul və xiidmətlərin satışından da xarici valyutaların axışına müvəffəq olmaq lazımdır.

Bu gün də eyni təklif qüvvədə qalır. Belə ki, neftdən asılılıqdan qurtulmaq üçün bacardıqca tələsməliyik !... Hələlik isə gözlənti odur ki, FES gələn ay faiz dərəcəsini artırsa, bu ilin sonuncu ayı (dekabr) və növbəti ilin isə ilk ayı (yanvar) iqtisadi cəhətdən yenə çətin olacaq...

Amma sonda bir məqama da toxunmaq istərdim. Yuxarıda qeyd etdiyim kimi neftin dünya bazar qiymətləri yenidən ucuzlaşmağa başlayıb. Əgər, oktyabrın 29-da Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin Əlcəzair sazişinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli Komitəsinin iclasında hasilatın azaldılması və yaxud da heç olmasa dondurulması haqda yekdil qərara gəlinməzsə, onda qiymətlər hətta 40 dollara qədər düşə bilər. FES-in artım barədə gözlənilən qərarına yeganə olaraq məhz bu amil əngəl olmaq iqtidarındadır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti