İranın Qarabağda vasitəçilik missiyası: `Qobl-1` planı – Bilinməyən faktlar+FOTOLAR

İranın Qarabağda vasitəçilik missiyası: `Qobl-1` planı – Bilinməyən faktlar+FOTOLAR
  08 Noyabr 2016    Oxunub:11378
Qloballaşma prosesləri, münaqişələrə görə postsovet məkanının başqa hissələrindən fərqli olaraq, Zaqafqaziya regionunu öz çərçivəsinə ala bildi. Regionda enerji resurslarının olması isə həmin münaqişələri regional çərçivədən çıxararaq, qlobal istiqamətdə dərinləşdirdi. Əgər region başqa bir geosiyasi şəraitdə yerləşsəydi və Azərbaycan enerji resurslarının perspektiv strateji ehtiyatlarına malik olmasaydı, yəqin ki, münaqişə çoxdan yoluna qoyulardı.

Öncəki araşdırma və təhlillərdə qeyd edildiyi kimi, region eyni zamanda bir neçə böyük ölkənin, o cümlədən, fövqəlgücə çevrilən ABŞ-ın mühüm strateji maraqları sahəsinə çevrilib. Regionun çoxillik siyasi ambisiyalarının təsdiqlənmə kombinasiyasına baxarsaq, Rusiya SSRİ-nin bölgədə öncəki nüfuzunu qaytarmağa, vaxtilə NATO-nun və ABŞ-nın bölgəyə sızmasından daha çox çəkinən İran isə Qərb investisiyalarının regiona axmasına, Qərbi Avropanı Uzaq Şərqlə birləşdirməyi nəzərdə tutan kommunikasiya və neft kəmərləri ilə sistemlədiriləcək dünyanın yeni iqtisadi inkişaf mərkəzinin təşəkkülünə hər bir vasitə ilə maneə olmağa çalışırdı.

Hər iki ölkə, yəni Rusiya və İran arasında real ziddiyyətlər olmasına baxmayaraq, Qərbin Zaqafqaziya və Mərkəzi Asiyada öz siyasi və iqtisadi nüfuz dairəsini artırmaq üçün planlaşdırdığı nəhəng ambisiyalara qarşı birgə durmaq üçün taktiki müttəfiq olmağa məcburdurlar.

Qarabağ müharibəsi zamanı Vaşinqtonun Rusiya-Ermənistan-İran-Suriya xəttinin aradan qaldırılması və yalnız öz enerji maraqları üçün planlaşdırdığı Qobl planını irəli sürməsi yuxarıda göstərilən geosiyasi oyuncuları daha da sıxlaşdırıb. Plan ABŞ və İran arasında kəskin qarşıdurma zamanı irəli sürülüb.

Beləliklə, İran-İraq müharibəsindən sonra, Tehranın regionda öz nüfuzunu bərpa etmək istəyi, sovetlərin dağılmasından sonra ABŞ-ın bölgəyə sızması və bu platformada Rusiyanın açıq istəkləri Azərbaycanı öz diplomatik missiyasını ustalıqla həyata keçirməyə məhkum edirdi.

Regionda Qərb, Rusiya və İran oxları üzrə kəsişən maraqlar Azərbayacana yalnız bir seçim imkanı verir və verirdi. Qonşu ölkələr və əsasən də Qərbin bölgəyə daxil olduğu kritik vəziyyətdə İran kimi teokratik bir dövlətlə balanslı siyasət...

Təbii ki, Qərbin yenicə şəkilləndirilən regiona daxil olduğu zaman ərzində, Tehranın bölgədə, xüsusilə Qarabağda apardığı fəaliyyətlər, vasitəçilik missiyaları təhlil edilməsə, irəli sürülən Qobl planının əslində region ölkələri arasında uçurum yaratdığı görə bilmərik.

Belə ki, İran və Azərbaycan arasında diplomatik münasibətlər Qarabağ münaqişəsi zamanı 1992-ci il martın 12-də qurulub. Hələ iki dövlət arasında diplomatik münasibətlər qurulmamışdan öncə də, tərəflər bir-birinə yüksək səviyyədə maraq göstərib.1990-cı ildə İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani,1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. Nəticədə, hər iki ölkə arasında siyasi, iqtisadi, mədəni əməkdaşlıq sahəsində bir sıra sazişlər imzalanıb. Bununla yanaşı İran da öz növbəsində Azərbaycanı İslam Konfransı Təşkilatında dəstəkləyəcəyini bəyan edib.

Vilayətinin səfəri isə, əsasən İranın Qarabağ müharibəsində vasitəçiliyi ilə əlaqədar olub.



Beləliklə, İranın Qarabağda ilk vasitəçilik missiyası 1992-ci il fevral ayının 24-də başlayıb. Vilayəti fevral ayında Bakı, İrəvan və Qarabağa bölgəsinə səfərlər edib. Rəsmi Tehranın bu prosesə qoşulması öz geosiyasi maraqlarından, Qərbin bölgədə onun iştirakı olmadan problemin “həll edilməsi”nə qarşı paralel fəaliyyət aparmasından, həmçinin gələcəkdə Azərbaycandan qaçqın axınının qarşısının alınmasından irəli gəlirdi.

Nəticədə, Vilayətinin danışıqlarından sonra, hər iki tərəfin yüksək vəzifəli nümayəndələri İran hakimiyyəti ilə danışıqlar və məsləhətləşmələr üçün, müvafiq nümayəndə heyətləri ilə Tehrana səfər edir.

Ermənistan nümayəndə heyətinin rəhbəri prezident müşaviri Papazyan, Azərbaycan nümayəndə heyətinin rəhbəri isə xarici işlər nazirinin müavini Albert Salamov olub. Onlar bir sıra görüşlərdə İran səfiri Mahmud Vaezi (1990-cı ildən 1997-ci ilə qədər, Avropa və Amerika ölkələri üzrə xarici işlər nazirinin siyasi müavini olub. Hazırda İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, Azərbaycanın “Dostluq” ordeni laureatıdır) ilə də birbaşa danışıqlar aparıblar. Tərəflər arasında atəşkəsin əsas prinsipləri barədə danışıqlar davam edərkən, Ermənistan tərəfi Xocalı Soyqırımını həyata keçirir və nəticədə, soyqırımının törədilməsindən sonra Vilayətinin fəaliyyəti dayandırılır.

İranın vasitəçilik missiyası ilə yanaşı yuxarıda qeyd edildiyi kimi, Qərb də paralel olaraq vasitəçilik missiyası aparıb. Azərbaycan isə, Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün beynəlxalq səylərini davam etdirib. 1992-ci il martın 2-də Azərbaycanın BMT-yə üzv olması, martın 20-də Azərbaycanın etdiyi müraciətlərə cavab olaraq ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin rəhbərliyi altında nümayəndə heyətini regiona göndərməsi, Vilayətinin vasitəçilik missiyasına paralel şəkildə aparılıb.



Təsadüfi deyil ki, məhz burada Vens tərəflərə ilk dəfə olaraq İranın maraqlarına uyğun olmayan Qobl planını çatdırıb... Təsadüfi deyil ki, Xocalı soyqırımı Vilayəti və Vensin vasitəçilik missiyası zamanı baş verib...

Vensin başçılıq etdiyi nümayəndə heyəti hesabat hazırlayaraq, onu BMT baş katibinə təqdim edir. Azərbaycan tərəfi isə, Ermənistanın təcavüzü məsələsini ATƏM-in müzakirəsinə çıxarır. 20 mart 1992-ci ildə Kiyevdə MDB Dövlət Başçıları Şurasının iclasında Qarabağ münaqişəsinin tənzimlənməsi üçün müşahidəçilər və kollektiv sülhməramlı qüvvələrin bölgəyə göndərilməsi üçün qərar qəbul edilir.

Ardınca, ATƏM Nazirlər Şurasının martın 24-də Helsinkidə keçirilən əlavə iclasında böhranın ATƏM-in himayəsi altında mümkün qədər tez bir zamanda ATƏM prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair ABŞ, Rusiya, Türkiyə, Fransa, İtaliya, Almaniya, Belarus, İsveç, Finlandiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə Minskdə konfrans çağırılması qərara alınır.

Konfransın əsas məqsədi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün siyasi danışıqları başlamaq olub. Nəticədə, konfransa hazırlıq məqsədi ilə İtaliyanın xarici işlər naziri, professor Mario Rafaelliyə sədr mandatı verilir.

1992-ci il mayın 1-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin Helsinkidə keçirilən 10-cu iclasında Dağlıq Qarabağa dair konfransın təşkili, iclasların keçirilmə şərtləri, sədrin səlahiyyətləri və s. haqqında qərar qəbul edilir. Qərara əsasən Minsk Qrupunun əsas vəzifəsi münaqişənin nizamlanması istiqamətində fəaliyyət göstərmək, Minsk şəhərində konfransa üzv olan dövlətləri toplamaq və yekun sənəd qəbul etmək olub. Mayın 7-də isə, Mario Rafaelli başda olmaqla ATƏM nümayəndə heyəti regiona səfər edərək hesabat hazırlayır.

Xocalı soyqırımının yaşanmasına və artıq Qərbin danışıqlara başlamasına baxmayaraq, İran müharibənin nizamlanması üçün ikinci bir addım atır.



8 mart 1992-ci ildə Vilayəti BMT-nin Baş Katibinə məktub yazaraq dünyada sabitlik və sülhün qorunması üçün İran hökumətinin maraqlarını çatdırır. Münaqişənin nizamlanması üçün, ikinci təşəbbüs 1992-ci ilin mart ayında edilir. Araşdırmalara görə, ikinci təşəbbüs zamanı vasitəçilik missiyasına Vilayəti deyil, Mahmud Vaezi başçılıq edib.

Vaezi Bakı, Xankəndi, Naxçıvan və İrəvana səfər edərək bir sıra görüşlər keçirir. Vaezinin regiona edilən səfərləri çərçivəsində İran nümayəndə heyəti tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biri də, Bakı, Xankəndi və İrəvanda atəşkəs və koordinasiyaya nəzarət etmək üçün bır sıra nümayəndələr yerləşdirmək olub.

Belə ki, İran atəşkəsin pozulması ilə bağlı vasitəçilik heyətinə müntəzəm və tez məlumat vermək üçün Bakıda öz nümayəndəsi olaraq İranın MDB ölkələri üzrə Xarici işlər nazirin müşaviri (1990-1992), daha sonra Yeni Delhidəki keçmiş səfiri (1992-1998) Əlirza Şeikhatarı, Xankəndinə Kiyevdəki ilk keçmiş səfiri Behzad Mazaherini, İrəvanda isə Yuqoslaviya, İrlandiya və İspaniyada keçmiş səfiri olmuş Bəhram Qassemini (regionda atəşkəsin davam etdirilməsi istiqamətində aparılan vasitəçilik danışıqlarında Müşahidə Şurasının rəhbəri olub) yerləşdirir.



İkinci mərhələnin nəticəsi kimi, Vaezi may ayında İran tərəfinin təşəbbüsü ilə, diplomatik səylər çərçivəsində Azərbaycan-Ermənistan sərhədində, Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması üçün Azərbaycan və Ermənistan liderlərini 7 may 1992-ci il danışıqları üçün Tehrana dəvət edir.

Nəticə etibarı ilə, mayın 7-də başda Rəfsəncaninin təşəbbüsü ilə Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanması ilə əlaqədar Tehranda görüşü keçirilir. 7 may tarixli görüşün keçirilməsi İran tərəfindən sülh səylərinin ikinci mərhələsi kimi qəbul edilir.

Danışıqlar zamanı Azərbaycan və Ermənistan rəhbərləri arasında bütün mübahisəli məsələlərin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının (ATƏM , indi ATƏT) prinsipləri əsasında sülh yolu ilə həll olunacağına, hərbi qulluqçuların, o cümlədən iki ölkənin yüksək səviyyəli nümayəndələri arasında görüşlər təşkili barədə qərarlar qəbul edilir. Görüşün sonunda dövlət başçıları kommunike imzalayırlar.

Tərəflər sülh və sərhədlərin sabitliyini təmin etmək, eləcə də qaçqın böhranını həll edilməsi üçün beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin qaydalarına əməl etməyi öz üzərinə götürür. Danışıqların nəticəsi kimi, tərəflər Bakıdakı Mahmud Vaezi ziyarətinin bir nəticəsi olaraq bütün əlaqələri açmaq üçün razılıq əldə edir, vasitəçilik səylərinin davamı üçün danışıqlara İrəvanı, ATƏM-in və hətta qondarma rejimin də cəlb edilməsini qərara alırdı. Kommunikeni Əkbər Haşimi Rəfsəncani,Yaqub Məmmədov, Levon Ter-Petrosyan imzalayır. Görüş nəticəsində, Azərbaycan ilə Ermənistan arasında səkkiz maddədən ibarət olan müqavilə imzalanır. Bu kommunike imzalanandan bir neçə saat sonra ermənilər Şuşa üzərinə hücumlara başlayır və artıq may ayının 9-da erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunur.



“Tehranda Levon Ter-Petrosyanla Azərbaycanda prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov 1992-ci ilin mayında atəşkəsə imza atanda Azərbaycanda Şuşa rayonu işğal olundu. Adını “ermənilər tərəfindən” qoysalar da, işğala Rusiya rəhbərlik edirdi. Bununla da sübut olundu ki, Petrosyan Ermənistan ordusuna cavabdeh deyil, bu ordunu idarə edən Rusiyadır. Rusiya bunu ona görə etdi ki, İrana şillə vursun, desin ki, sən Qarabağ məsələsində heç bir rol oynaya bilməzsən, ona görə də meydandan çəkil. Bundan sonra Ter-Petrosyan pərt oldu.”
Vəfa Quluzadə


İstər Rafaellinin 7 may tarixli hesabatına, istərsə də 7 may tarixində imzalanan Tehran kommunikesinə baxmayaraq Şuşa işğal olundu. Təhlillər göstərir ki, Şuşanın işğal olunması çərçivəsində Qərb və Rusiyanın maraqları ortaq istiqamətdə olub. Əsas məsələ sonunculardan asılı olmayaraq, İranın vasitəçilik missiyasının qarşısının alınması və qismən dondurulmasından ibarət olub. Göründüyü kimi, İran ikinci vasitəçilik missiyasında baş rolu öz üzərinə götürür, xırda dillə desək kiçik bir siyasi manevr edərək bunu ATƏM-in prinsipləri əsasında həll etməyə çalışırdı.

Bununla yanaşı, İran rəsmi Moskva ilə əlaqələr quraraq, Rusiya xarici işlər naziri Andrey Kozırovun bu missiya ilə əlaqədar iki dəfə Bakıya gəlməsinə səbəb olur. Lakin məlumatlara görə, Kozırov kommunikenin imzalanması zamanı Tehrana gəlmir və Avropa Şurasının növbəti iclası üçün Strasburqa gedir. Buna baxmayaraq, toplantıya Tehranda yerləşən rus səfiri Çernışev də qatılmır.

Beləliklə, Qərbin bu missiya tərkibində ikinci bir tərəf kimi əlavə edilməsi, Rafaellinin paralel fəaliyyəti və Rusiyanın missiyada tərkibində iştirak etməməsi bütün tərəfləri birləşdirdi və nəticədə Şuşa kimi strateji şəhər işğal edildi.

Kommunikenin nəticəsində vasitəçilik missiyasının davamı üçün qondarma rejim nümayəndələrinin də danışıqlara cəlb edilməsi, həmin dövr üçün ciddi hərbi uğurlar əldə etməyən erməni tərəfi üçün yalnız simvolik əhəmiyyət kəsb edə bilərdi. Yəni, siyasi mənada onların əldə edilən qərara təsirləri güclü olmayacaqdı. Görünür bu qərarın qəbulu Ermənistan tərəfinin təkidləri nəticəsində qəbul edilib. Amma unutmamalıyıq ki, həmin görüşdə qondarma rejim nümayəndələri iştirak etməyib və bu proses Şuşanın işğalında onları digər imtina edən tərəflə yəni, ruslarla birgə hərəkət etməyə daha da həvəsləndirib.

Yuxarıda göstərildiyi kimi, İran atəşkəsin pozulması ilə bağlı vasitəçilik heyətinə müntəzəm və tez məlumat vermək üçün Xankəndinə Kiyevdəki keçmiş səfiri Behzad Mazaherini yerləşdirmişdi... Vasitəçilik missiyasını uğurla başa çatdırmaq, regionda öz siyasi hegemonluğunu bərpa etmək, ATƏM-lə yanaşı, öz müşahidəçilərini bölgədə yerləşdirməyə can atan İranın öz əli ilə imazlanan kommunikeni dağıtmağa, özünü siyasi baxımdan alçaltmağa, gözdən salmağa çalışması məntiqli görünmür...

Şuşanın işğal əməliyyatı isə, mərkəzi Xankəndi olmaqla (dolayı yolla Rusiya) erməni qərargahı tərəfindən hazırlanıb. Bu müddət ərzində Behzad Mazaherinin aparılan əməliyyatlardan xəbərdar olmaması həqiqətən inandırıcı görsənmir. Onun Kiyevdəki səfrilik müddəti isə ruslarla yaxşı əlaqələrindən xəbər xerir. Məlumatın hansı şəkildə gecikdirilməsi və yaxud verilməməsi Mazaherinin missiyasına şübhələr salır. Onun həqiqətən İrana xəyanət edib etməməsi isə sual altındadır.



Şuşanın süqutuna baxmayaraq, atəşkəs vasitəçiliyinə davam edən Vaezi isə münaqişənin nizamlanması ilə bağlı yekun fəaliyyətlər göstərib. Mayın 17-də münaqişənin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə danışıqların davam etdiyi bir zamanda, səhəri günü erməni hərbi birləşmələri Laçın şəhərini (Qobl planı üçün çox vacib nöqtə) işğal edir. Ümumiyyətlə, İranın vasitəçilik misiyası 1992-ci ilin yanvar (rəsmi olaraq fevral) ayından, elə həmin ilin sentyabrına qədər davam edib. Nəticədə, İran işğal edilən ərazilərdə aparılan sərhəd dəyişikliyinin qəbuledilməz olduğunu narazı bir şəkildə bildirib.

Beləliklə, Tehranın Qarabağ münaqişəsində vasitəçilik səylərinin əsas məqsədi onun iştirakı ilə münaqişəni nizamlamaq, regiona ABŞ-ın daxil olmasını əngəlləmək, bununla yanaşı, regionda Rusiya ilə paralel söz sahibi olmaq istəyi olub. Etiraf etmək lazımdır ki, İran bütün bunlarla yanaşı, əsasən də Qərbin regiona daxil olmasının qarşısını almaq üçün, bölgədə bənzər quruluşun yaradılmasına -İran inqilabının ixracı konsepsiyasının tətbiq edilməsinə- çalışıb.

Təhlillərdən göründüyü kimi, münaqişənin müharibə zamanı nizamlanma prosesi Qərb, İran və Rusiya qarşıdurması zamanı mümkün olmayıb. Vasitəçilik misiyasının iflasa uğraması, Azərbaycan torpaqlarının işğal edilməsi fonunda Ermənistana qarşı sanksiyalar tətbiq etmək əvəzinə (burada Elçibəy hakimiyyətinin İrana qarşı kəskin mövqe tutması da mühüm rol oynayıb) İran öz geosiyasi, dövlət maraqları naminə, o cümlədən Rusiya-Ermənistan-İran-Suriya xəttinin saxlanılması və Qobl planının qarşısının alınması üçün Ermənistanla yaxınlaşmağa məcbur oldu.

Şahin QOCAYEV
AzVision.az


Teqlər:





Xəbər lenti