Erməni lobbisi üçün `qara dövr` başlayır – TƏHLİL

Erməni lobbisi üçün `qara dövr` başlayır – TƏHLİL
  26 Noyabr 2016    Oxunub:12027
ABŞ-dakı prezident seçkisindən sonra bu ölkədəki erməni diasporu və lobbisi düşdüyü nokdaundan çıxa bilmir. Artıq ortada olan bütün ilkin əlamətlərdən görünür ki, Donald Trampın prezidentlik dövrü ermənilər üçün çox ağır keçəcək. Və heç də təkcə ona görə yox ki, ermənilər seçki ərəfəsində ciddi səhv buraxaraq, yumurtalarını ancaq bir səbətə - Hilları Klintonun zənbilinə yığmışdılar. Səbəblər daha genişdir.

Hələ seçki kampaniyasının gedişində Amerikadakı erməni təşkilatları Trampın əleyhinə dezinformasiyalar yayır, bütün yollarla onu qaralamağa çalışırdılar. Respublikaçıların öz düşərgəsində ermənipərəst senator Mark Kirk, konqresmen Bob Dold Trampın əleyhinə idilər. Bu, həm də onu göstərirdi ki, erməni lobbistləri ABŞ-dakı siyasi reallığı düzgün qiymətləndirə bilmirlər, siyasi həyatın nəbzini tutmaq qabiliyyətini itiriblər.

Nəticədə ABŞ-da uzun illər ərzində ilk dəfədir ki, yeni seçilmiş prezident erməni diasporu və lobbisinə nəinki heç nədə borclu deyil, hətta tam əksinə: onları zəiflətmək üçün əlində bütün əsasları var. Və güman ki, Amerika siyasətinin kifayət qədər dərinliyinə uzanmış “erməni barmağı”nı qırmaq üçün bu fürsətdən istifadə edəcək.

Donald Tramp açıq şəkildə bəyan edib ki, onun siyasi proqramının əsas məqamlarından biri də hakimiyyət orqanlarında xarici lobbistlərlə mübarizəni gücləndirməyi nəzərdə tutur. Düzdür, Birləşmiş Ştatlarda xarici dövlətlərin maraqlarını yürüdən lobbistlərinin fəaliyyəti formal olaraq 1938-ci ildə qəbul edilmiş qanunla tıənzimlənir, amma reallıq budur ki, həmin sahədə çoxlu gizli oyunlar gedir, çirkli pullar dövr edir və müxtəlif qruplar ABŞ dövlətinin öz milli maraqlarına zərbə vuracaq səviyyədə hökumətə təsir göstərə bilirlər.

Hazırda bu sahə ildə 4 milyard dolların fırlandığı nəhəg və çirkli siyasi biznesdir. Ona görə də, lobbiçilik sahəsində istər Ağ Ev, istərsə də Konqressdə ciddi təmizləmənin aparılmasının vaxtı yetişib. Nəticədə isə ən böyük zərbələrdən biri də erməni lobbisinə dəyəcək. Çünki məşhur politoloq Zbiqnev Bjezinskinin də dediyi kimi, ABŞ-dakı ən effektiv etnik lobbilərlərdən biri məhz erməni lobbisidir. Onlar Amerikanın xarici siyasətinin formalaşmasında hiss ediləcək səviyyədə rol oynaya bilirlər.

ABŞ-ın adambaşına götürdükdə, İsraildən sonra ən çox yardım göstərdiyi dövlətin məhz Ermənistan olması, əlbəttə ki, təsadüf deyil. Bunun səbəbini effektiv erməni lobbisi və diasporun gördüyü işlərdə axtarmaq lazımdır. O diaspor ki, ABŞ-da irili-xırdalı 23 media orqanına nəzarət edir, onların vasitəsilə ictimai fikrin formalaşmasına təsir göstərirdi. Amma deyəsən, artıq o günlər keçmişdə qalmağa başlayır. Amerika siyasətində yeni dövr yaranır və bu yeni dövrdə ermənilər atdan yıxılmış vəziyyətdə qalacaqlar.

İşin daha önəmli tərəfi ondadır ki, təkcə ABŞ-da belə deyil. Bu həftə Fransa mediasında dərc olunan iki yazı göstərdi ki, Avropada da erməni lobbi və diasporu mövqelərini sürətlə itirməkdədir. Belə ki, bu həftə Fransanın nüfuzlu “La Revue Civique” siyasi-analitik nəşrində dərc olunan məqalədə deyilir ki, noyabrın 18-də qonşuluq siyasətilə bağlı Avropa Parlamentinə təqdim olunmuş yeni sənəd Azərbaycanın strateji önəmini dəyərləndirmək üçün yeni imkanlar açır. Daha sonra yazıda Ermənistanın işğalçı olduğu, BMT-nin qətnamələrinə məhəl qoymadığı vurğulanır. Oxşar fikirlər Fransanın digər nüfuzlu nəşri olan “l’Opinion” qəzetində də yer alıb.

Əgər həmişə ermənipərəst mövqeyilə ilə fərqlənən Fransa mediasında bir həftədə iki nəşr Ermənistanın işğalçılığından yazırsa, bu, o deməkdir ki, təkcə Amerikada deyil, elə Avropa Birliyində də onların təkəri tərsinə dönməyə başlayıb. Ümumilikdə Qərbdə erməni diasporu üçün yeni dövr başlayır və bu dövrdə yürüdülən geosiyasi xətt ermənilərin ciddi şəkildə əleyhinə olacaq.

Artıq bunu ermənilərin öz ekspertləri də görür və qeyd edirlər. Məsələn, Londonda yerləşən “Jane’s Intelligence” analitik mərkəzinin eksperti Lilit Gevorkyan bildirib ki, Ermənistan seçdiyi geosiyasi taktikanın nəticəsində uduzub, İlham Əliyev isə qalib gələn tərəfdir. Bu gün Ermənistanın dünyada faktik olaraq müttəfiqi qalmadığı halda, Azərbaycan getdikcə yaranan bütün fürsətlərdən faydalanaraq, öz mövqelərini möhkəməndirir.

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti