FES-in qərarı manata `sürpriz` edə bilərmi? – TƏHLİL

FES-in qərarı manata `sürpriz` edə bilərmi? – TƏHLİL
  06 Dekabr 2016    Oxunub:13639
“ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) dolları bahalaşdırarsa nə baş verəcək” sualına dair ötən ay yazdığım şərhdə qeyd etmişdim ki, əgər Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv dövlətlərin noyabrın 30-da Vyanada keçiriləcək iclasında hasilatın azaldılması və yaxud, heç olmasa dondurulması haqda yekdil qərar qəbul edilməzsə, qiymətlər 40 dollara qədər və hətta bundan da aşağı enə bilər. Bu da FES-in dekabrın ortasına nəzərdə tutduğu növbəti toplantısında artım haqda gözlənilən qərarını təxirə salacaq.

Yəni, ABŞ mərkəzi bankının baza faiz dərəcəsini artırması üçün ölkə iqtisadiyyatında real vəziyyət olduqca qənaətbəxş sayılsa da, dünya bazarlarında neftin ucuzlaşması amili buna əngəl olmaq iqtidarında idi. OPEC ölkələri isə ümumi neft hasilatını sutkalıq 1,2 milyon barrel həcmində azaltmaq haqda qərar qəbul etdilər.

OPEC-in qərarına çox güman ki, ABŞ-ın da razılığı olub. Yəni qiymətlər 55-60 dollaradək bahalaşmalıdır ki, FES faiz dərəcəsini qaldıran kimi, yenidən öz “məcrasına” qayıtsın.

Son günlər bir neçə KİV nümayəndəsi mənə müraciət edərək sual edirlər ki, əgər FES gələn həftə keçirəcəyi toplantısında kreditlər üzrə mərkəzi faiz, yəni uçot dərəcəsini qaldırmaq haqda qərar qəbul edərsə, bu, Azərbaycana necə təsir edəcək və bunun nəticəsində manatın 3-cü devalvasiyası baş verə bilərmi?!

Bəri başdan yazım ki, manatın məzənnəsini FES-in qərarlarına bağlamaq düzgün deyil. Düzdür, keçən il manatın 2-ci dəfə devalvasiyası məhz FES-in baza faiz dərəcəsini 0,25% artırması haqda qərarından dərhal sonraya təsadüf etdi. Lakin bu, o demək deyildi ki, 2-ci devalvasiya məhz bu səbəbdən baş verdi. Buna qədər də məlum idi ki, manat növbəti dəfə də ucuzlaşdırılacaq və "üzən məzənnə" rejiminə keçəcək. Çünki Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları tükənmişdi, neftin dünya qiymətləri düşməkdə davam edirdi, ölkədən valyuta ixracı idxalı üstələməyə başlamışdı, valyuta bazarında ABŞ dollarına və digər xarici valyutalara sürətlə artmaqda olan tələb ödənə bilmirdi, üstəlik, qonşu, xüsusən də tərəfdaş ölkələrdə milli valyutalar dəyərsizləşdirilirdi.

Bütün bunların müqabilində manatın məzənnəsini artan təzyiqlər qarşısında əvvəlkitək qoruyub saxlamaq əsla mümkün deyildi. Bundan əlavə, onu da nəzərə almalıyıq ki, FES-in qərarları ABŞ valyutasının bilavasitə dünya üzrə mövqeyini müəyyən etmək üçün əhəmiyyət daşıyır. Dolların bu sarıdan hazırkı vəziyyəti isə onsuz da kifayət qədər möhkəm xarakter daşımaqdadır ki, FES bu ayda nəzərdə tutulan iclasında baza faiz dərəcəsini keçən ildəki kimi artırarsa, bu qərar sadəcə olaraq, onun bir az da möhkəmlənməsi ilə nəticələnəcək.

Azərbaycana gəldikdə isə manat artıq 1 ildir ki, üzən məzənnə rejimi əsasında idarə olunur və 2-ci devalvasiyadan sonra ABŞ dolları qarşısında 11%-dən çox dəyər itirib. Və bu proses hələ ki davam edir. Hesab edirəm ki, manatın məzənnəsi ilə bağlı yaxın perespektivdə vəziyyəti FES-in nə qərar qəbul edəcəyi deyil, məhz neftin dünya bazar qiymətləri müəyyən edəcək.

Neftin qiyməti isə artır. Hazırda 55 ABŞ dolları civarındadır. Ancaq bu da müvəqqəti xarakter daşıyır. O baxımdan ki, birincisi, FES faizi qaldırsa neftin bahalaşması şübhəsiz, dayanacaq. İkincisi isə, qiymətlərin 60 dollar civarına yüksələcəyi təqdirdə ABŞ-da şist sənayesi tam gücü ilə işə düşəcək. Üçüncüsü də OPEC-in qərarının möhkəmlik dərəcəsi hələ kifayət qədər bəlli deyil.

Bir də ki, bütün bunları qoyuruq kənara. Ümumiyyətlə, neftin bahalaşması hər şeyin əvvəlkitək olacağı da demək deyil. O mənada ki, əvvəla, neft heç vaxt 100 dollar səviyyəsində olmayacaq, ikincisi də Azərbaycanda hasilat da azalır. Sadəcə olaraq, 45-50-55 dollar bizə bu gün üçün məqbul səviyyədir. Başqa sözlə desəm, hər şeyin yaxşı olması – iqtisadi atmosferin normal məcraya düşməsi üçün belə demək olarsa, vaxt qazanacağımız deməkdir.

Odur ki, manatın dəyərini qoruyub saxlamaq istəyiriksə, onun neftə bağlılığından yaxa qurtarmaq lazımdır. Belə ki, ölkəyə təkcə neftdən deyil, digər növ məhsul və xiidmətlərin satışından da xarici valyuta gəlməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti