Aprel döyüşləri zamanı Alman kilsəsinin `səlib yürüşü` - ARAŞDIRMA

Aprel döyüşləri zamanı Alman kilsəsinin `səlib yürüşü` - ARAŞDIRMA
  08 Dekabr 2016    Oxunub:26311
İlk baxışda Almaniya Yevanqelist (Protestant) kilsəsinin Qarabağ münaqişəsi, xüsusilə də 2016-cı ilin Aprel ayında baş verən döyüşlərlə bağlılığı bir qədər təəccüb doğura bilər. Lakin birinci yazıda göstərdiyimiz faktlardan sonra, həmçinin, Almaniya xüsusi xidmət orqanlarının Yevanqelist kilsəsi vasitəsilə Qarabağ münaqişəsindəki manevrlərini analiz edəndə kələfin o biri ucu görünməyə başlayır.

Ermənilərin Almaniyada ilk koloniyası 1923-cü ildə Berlin şəhərində yaradılıb. Onlar Almaniyanın Hamburg, Berlin, Köln, Frankfurt, Ştutqart və Münhen kimi nəhəng əyalət və şəhərlərində kompakt halda məskunlaşıblar. Sonradan Bremen, Braunşvayq, Bilefeld, Duisburq, Noyvid, Bonn, Hanau, Eppinq, Nürnberq, Kel və digər şəhərlərə də səpələniblər.

Son rəqəmlərə görə, hazırda 80 minə yaxın erməni əsilli alman vətəndaşı və 15 min mühacir statuslu erməni Almaniyada yaşamaqdadır. Melkenburq-Forpommern əyaləti erməni miqrantların kompakt toplaşdığı ərazi sayılır. Bura birbaşa Ermənistandan köçüb gələn ermənilər yığışıb. Nəzərə almaq lazımdır ki, bu əyalətdə daim fəaliyyətdə olan erməni apostol kilsələrindən biri yerləşir ki, onun da ermənilərin bu ərazidə təşkilatlanmasında müstəsna rolu var.

Erməni və Almaniya kilsələrinin əməkdaşlığı

Ümumilikdə, Almaniyanın müxtəlif şəhər və əyalətlərində 35-dən yuxarı erməni kilsəsi, dini təşkilat, yaxud sektaları fəaliyyət göstərməkdədir. Şübhəsiz ki, Almaniyadakı erməni kilsəsinin Almaniya Yevangelist protestant kilsəsilə sıx əlaqələri var. Bunu sübut edən faktlar da mövcuddur. Məsələn, 2015-cı ildə Almaniya Yevangelist Kilsəsi (EKD - Evangelische Kirche Deutschlands) qondarma soyqırımın 100 illiyində Almaniyanın Hannover şəhərində Suriya erməni kilsəsinin iştirakı ilə "xristian ermənilərin suverenliyi" adlı konfrans təşkil etmişdi.

Başqa bir fakt göstərək. 2016-cı ilin 10 iyun tarixində erməni kilsəsinin iştirakı ilə Berlin şəhərində daha bir görüş keçirildi. Görüşü təşkil edən Almaniya Yevangelist Kilsəsi Yaxın Şərqdəki xrisitanlar və onların əzilməsi mövzusunu Suriya erməni kilsəsinin rəsmi iştirakı ilə geniş müzakirə edib. Qərara alınmışdı ki, növbəti konfrans 2017-ci ilin dekabr ayında Berlin şəhərində keçirilsin. Buradan da görünür ki, Almaniya Protestant kilsəsinin ermənilərə diqqəti, qayğısı və öz məqsədləri üçün onları önə vermə planları siyasi niyyətə çevrilməkdədir.

Açıq-aydın görmək olur ki, xristian ermənilərlə bağlı tez-tez tədbir və konfransların təşkil olunmasının arxasında Almaniya erməni kilsəsi ilə yanaşı, Almaniya Protestant kilsəsi durur. Məlum olduğu kimi, Almaniya Protestant kilsəsi həmin ölkənin xüsusi xidmət orqanlarına bilavasitə bağlıdır və bu kimi məsələlərdə onlardan təyinat alır. Təbii ki, bu işdə protestant ermənilər, yaxud, başqa adla, Yevangelist ermənilərin də rolu danılmazdır. Nəzərə alsaq ki, hazırda Argentina, Ermənistan, Avstriya, Belçika, Brazilya, Kanada, Kipr, Misir, Britaniya, Fransa, Gürcüstan, Yunanıstan, İran, İraq, Livan, Suriya, Turkiyə, Macarıstan və ABŞ kimi ölkələrdə təqribən 100-ə yaxın erməni Yevangelist kilsə təşkilatları mövcuddur.

Almaniya Yevangelist Kilsəsi (EKD) dövlət tərəfindən rəsmən tanınan, dəstəklənən və kifayət qədər tanınmış bir din təşkilatı olaraq, maliyyə və media orqanları üzərində geniş imtiyazlara sahib Almaniya Protestantlarının ən böyük təşkilatıdır. Bununla yanaşı, Almaniya Yevangelist Kilsəsinin Avropa İttifaqı və ona bağlı qrumları, eləcə də Almaniyanın konstitusional qrumları üzərində çoxprofilli lobbiçilik fəaliyyəti var. Almaniyanın nüfuzlu, iki lider partiyası olan CDU və CSU-nun (Xristian Demoktlar və Xristian Sosialistlər) tərkibində də Protestant İşçi Qurumu (EAK: Evangelischer Arbeitskreis) fəaliyyət göstərməkdədir. Maraqlıdır ki, EAK-ın iş prinsipləri və üzvləri haqqında geniş bilgi verilmir, qapalı saxlanılır.

Aprel döyüşləri və Protestant səlibçilər

2016-cı ilin aprel ayında Azərbaycanla Ermənistan arasındakı 4 günlük döyüşlər zamanı Almaniya mətbuatında Azərbaycana qarşı hücuma keçən, döyüşlərə dini maska geyindirməyə çalışan şəxslər oldu. Həmin yazılarda konflikt dini qarışdurma kimi qələmə verilirdi. Məsələn, "Müsəlman Azərbaycan xristian Ermənistanı əzmək istəyir", "Azərbaycan kiçik qonşusu olan Ermənistana qarşı Türkiyə ilə birlikdə islami birlik yaradır" kimi fikir və ifadələrin işlədilməsi xüsusi mətləblərdən xəbər verirdi. Münaqişəyə dini don geyindirməyə çalışan və Protestant kilsəsinin sifarişi ilə davamlı olaraq bu tonda yazan şəxslər aprel döyüşləri zamanı aydın şəkildə gün işığına çıxmağa başladılar.

2016-cı ilin 5 aprel tarixində "The European" nəşrində dərc olunan "Das christliche Armenien wird attackiert" (Xristian Ermənistan hücuma məruz qalır) və ona bənzər "Muslimisches Aserbaidschan greift an" (Müsəlman Azərbaycan hücuma keçir) başlıqlı məqalələr dərc olunmuşdu. Həmin məqalələri "Bild", "Focus", "Spiegel", "FAZ", "Die Welt" kimi məşhur nəşrlərin həvəslə yayımladı, ultra-sağçı siyasi düşüncənin tərəfdarları isə "islamlaşma", "islamlaşmaya yox" haştaqları ilə Twitter sosial şəbəkəsində paylaşaraq, Qarabağ münaqişəsinə dini fon verməklə Azərbaycan əleyhinə informasiya savaşına qoşuldular. İsveçrənin, Avstriyanın da bəzi tanınmış qəzetləri həmin yazını nəşr etdilər.

Yazının müəllifi Almaniya Yevanqelist Kilsəsinə bağlı Volfram Vaymer idi. O, Protestant kilsəsinə birbaşa bağlı şəxslərdəndir. Onu çəkinmədən xristian təəssübkeşi də adlandırmaq olar.

Vaymer "Cicero" siyasi nəşrinin yaradıcılarından biri, "Focus" jurnalının baş redaktoru, "Die Welt" qəzetində yüksək vəzifədə çalışmış, ABŞ-da ixtisaslaşmış kadrdır. Xeyli müddət kansler Angela Merkelin yanında çalışıb, bu və ya digər formada Kansler aparatı ilə əlaqələri də var. Bütün bunlarla yanaşı, o, Protestand (Yevangelist) kilsə rəsmilərilə mütəmadi görüşlər keçirir. Bütün bunlar onun kilsə tərəfindən necə təlimatlandırıldığını göstərir və niyə Azərbaycan əleyhinə davamlı yazdığına aydınlıq gətirir.

Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Volfram Vaymer Protestant kilsəsinin təlimatı ilə Qarabağ münaqişəsinə dini don biçməyə çalışan, Azərbaycanın və Türkiyənin əleyhinə təbliğat aparan yüzlərlə media mənsubundan sadəcə biridir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti