`Xalq diplomatiyası` nədir və indi bizə nə verə bilər? – TƏHLİL

`Xalq diplomatiyası` nədir və indi bizə nə verə bilər? – TƏHLİL
  09 Dekabr 2016    Oxunub:15919
2016-cı ilin noyabr ayında Bakıda baş tutan “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri” adlı konfrans zamanı Ermənistanla Azərbaycan arasında sülh platforması dair Bəyannamə qəbul edildi. Bəyannamədə göstərilən prosedurun konkret olaraq xalq diplomatiyası vasitəsilə icra olunması nəzərdə tutulub. Yənu bu işdə əsas ağırlıq xalq diplomatiyasının üzərinə düşəcək.

Bəs “xalq diplomatiyası” nədir?


Xalq diplomatiyası - bir ölkənin opponent ölkənin cəmiyyətinə onun vətəndaşları və ziyalıları vasitəsilə özünün siyasi, ideoloji istəkləri istiqamətində təsir etməsini nəzərdə tutan mərhələdir. Gifford Maloneyə görə, dövlətlərin öz toplumlarını və siyasətlərini təbliğ edə bilmələri üçün ilk növbədə qarşı ölkənin mədəniyyətini, tarixini, psixologiyasını və dilini bilmək lazımdır. “Xalq diplomatiyası” anlayışını ilk dəfə 1965-ci ildə Taft Universitetində "Fletcher School of Law and Diplomacy"nin dekanı Edmund Gullion işlədib.

Əslində “xalq diplomatiyası” anlayışı beynəlxalq münasibətlərin qlobal diplomatiyadan kənarda qalan kriteriyalarını əhatə edir. Real olaraq xalq diplomatiyasından təqribən 17-ci əsrdə istifadə olunub. Bundan sonrakı dönəmlərdə, əsasən I və II Dünya müharibələri zamanı da tətdbiq olunub. ABŞ xalq diplomatiyasından “soyuq müharibə” zamanı geniş istifadə etməyə başladı. Bu mənada SSRİ-yə qarşı istifadə olunan Amerika musiqiləri, filmləri və digər mədəniyyət vasitələri əhəmiyyətli rol oynamışdı. 1953-cü ildə ABŞ prezidenti Eyzenhauerin təşəbbüsü ilə "USIA" yaradılmış və düz soyuq müharibənin bitməsinə qədər Amerika xalq diplomatiyasının koordinasiya mərkəzi olmuşdu.

Müasir dövrdə Fransanın "Alliance Française" (130 ölkədə), Almaniyanın Geothe İnstitutu (120 ölkədə), Britaniyanın "British Council" kimi dil mərkəzləri xalq diplomatiyasının aparıcı strukturlarından sayılır. Ümumiyyətlə isə, xalq diplomatiyası xarici siyasətin bir vasitəsi kimi də təqdim olunur. Cozef Nye-nin fikrincə, 1883-cü ildə Fransa Prussiya müharibəsində məğlub olandan sonra müharibədə itirdiyi imcini qaytarmaq üçün "Alliance Française" qrumunu yaratdı. Bu qrum sayəsində dilini, ədəbiyyatını və mədəniyyətini xaricidə təbliğ edib, xalq diplomatiyasının strukturlaşmasına müyəssər oldu.

Xalq diplomatiyasında 5 təməl nöqtə önə çıxmaqdadır:

- Hədəfdə olan kütləni yaxşı dinləmək və anlamaq
- Mövqeyini və tələblərini müdafiə etmək üçün əsaslı arqumentlər hazırlamaq
- Mədəniyyətin ixracı
- Nəşriyyat və KİV-lər
- Qarşılıqlı fəaliyyət, ikitərəfli prosesin başladılması.


Azərbaycanla Ermənistan arasında sülh platforması: Nə gözləyə bilərik?

Bu platformanı incələyəndə, bəndlərdən aydın görmək olur ki, birbaşa münaqişənin həllinə köklənib. Ancaq qarşı tərəfdə - yəni Ermənistan dairələrində, QHT-lərində hələ ki buna adekvat cavab hiss olunmur. İstənilən sülh təşəbbüsü tədqirəlayiq haldır. Bəyannamənin bəndlərində mühüm faktlar əksini tapıb. Əgər işğalçı ölkə bu jestə müsbət yanaşıb, müəyyən kompromislərə hazırlıq nümayiş etdirsə, produktiv nəticədən danışmaq olar. Lakin destruktiv davranış heç bir halda pozitiv nəsə vəd etmir.



Bəyannamədə deyilir ki, Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma ictimai institutlar, qeyri-hökumət təşkilatları, ictimaiyyət və din xadimləri, ekspertlər, ziyalılar, Ermənistan və Azərbaycanın sadə vətəndaşları, habelə onun inkişafına töhfə vermək istəyən digər dövlətlər üçün açıqdır.

Münaqişənin tezliklə sülh yolu ilə həllinə töhfə vermək məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri ilə daimi əməkdaşlıq quracaq və effektiv xalq diplomatiyası fəaliyyətinə cəlb olunacaq. Beynəlxalq hüququn norma və prinsiplərininə, Helsinki Yekun Aktınına əsaslanaraq, Platforma ATƏT-in Minsk qrupu və həmsədr ölkələrlə sıx əməkdaşlığı nəzərdə tutur.

Platforma Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 işğal olunmuş rayonun azad edilməsi istiqamətində kompleks tədbirləri görməyə çağırır. İlk addım məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsi, habelə Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin bərpası və kommunikasıyaların açılması olmalıdır. Platforma birgə yaşayış, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yekun statusu və sülh prosesinin müzakirəsi üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları nümayəndələrinin görüşlərini təmin edəcək.

Platformanın erməni və azərbaycanlı nümayəndələrinin, beynəlxalq tərəfdaşların geniş tərkibdə iştirakı ilə “Sülhə doğru yol” adlı Forum təşkil olunacaq. Münaqişə tərəflərini sülhə yaxınlaşdırmaq məqsədilə “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı üçün bütün lazımı addımları atacaq. “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın fəaliyyətini təmin etmək məqsədilə Katiblik yaradılacaq. Katibliyə hər ölkədən iki həmsədr rəhbərlik edəcək.



Bu bəndlərdən da aşkar görünür ki, ələ alınan məsələlər çox ciddidir. Əlbəttə, ortada çox ciddi problem var və onun həllində irəliləyişə nail olmaq asan deyil. Belə vəziyyətdə daha bir vasitədən də faydalanmaq cəhdini alqışlamaq olar. Amma bu istiqamətdə də çətinliklər az deyil.

Məsələn, çətinliyin biri onunla bağlıdır ki, Ermənistanda Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi, torpaqların əzəli sahibi Azərbaycana qaytarılması fikrini dəstəkləyən liberal düşüncə sahibləri demək olar ki, qalmayıb. Çünki ölkədə sıxışıdırılıblar, məcbur qalıb Ermənistanı tərk ediblər. O zaman Azərbaycan tərəfi ermənilərin hansı liberal düşüncəli ziyalıları, QHT üzvləri, yaxud vətəndaş cəmiyyətinin fəalları ilə masa arxasında əyləşəcək, ən başlıcası, nəticə əldə etmək olacaqmı? Bu suallar hələ ki, cavabsız qalmaqdadır. Amma bütün hallarda cəhd etmək əlbəttə, lazım idi.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti