Gəldi, korladı, getdi – Ermənipərəst Şultsdan sonra AP ilə yeni mərhələ başlaya bilər (TƏHLİL)

Gəldi, korladı, getdi – Ermənipərəst Şultsdan sonra AP ilə yeni mərhələ başlaya bilər (TƏHLİL)
  15 Dekabr 2016    Oxunub:4765
Dünən Avropa Parlamentinin prezidenti Martin Şults vəzifəsindən getməsilə bağlı vida çıxışı edib. O, deyib ki, hazırda Avropada transmilli demokratiya böyük təhlükədədir: “Hər yerdə bizi parçalayan qüvvələr və ultramillətçilər yüksəlişdədirlər”.

Maraqlı və qəribədir ki, bunu deyən şəxs islamafob baxışları və ermənipərəstliyi ilə dəfələrlə siyasi qalmaqala səbəb olmuş bir alman solçusudur.

Əslində 2012-ci ildən Avropa Parlamentinə rəhbərlik edən və 2014-də ikinci dəfə seçilən Martin Şults üçüncü müddətə də, yəni daha 2.5 il ərzində quruma sədrlik etməyi düşünürdü. Bu yöndə ona yerlisi, Avrokomissiyanın rəhbəri Jan Klod Yunker dəstək olurdu. Amma alınmadı.

Martin Şults Avropa Parlamentinə başçılıq etdiyi dövrdə ermənipərəst addımları və bununla bağlı yaranan siyasi qalmaqallar ilə yadda qalıb. Həmin qalmaqallar bəzən hətta siyasi idiotizm həddinə çatırdı.

Məhz onun addımlarının nəticəsində Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri son dərəcə gərginləşmişdi. Ötən ilin iyununda, İlk Avropa Oyunları ərəfəsində Avropa Parlamentində Azərbaycan insan hüquqları ilə bağlı keçirilən tamamilə əsassız dinləmələr Martin Şults və müavini Ulrika Lunaçekin təşəbbüsü ilə baş tutmuşdu. Bu hadisə Azərbaycanın Milli Məclisini növbədənkanar toplaşaraq, Avropa Parlamentinə etiraz bəyanatı göndərməyə məcbur etmişdi.

Ondan qabaq isə, 2014-cü ilin noyabrında Saxarov adına mükafatın təqdim edilməsi mərasimində Martin Şults Azərbaycandakı “siyasi məhbuslar”dan, o cümlədən, Leyla Yunusdan danışmışdı. Bunun məhz ermənipərəstlikdən irəli gəldiyini göstərən fakt isə odur ki, Şults həmin ərəfədə Ermənistanda demokratiyanın və insan haqlarının “çiçəklənməkdə olduğunu” vurğulamışdı.



Azərbaycan tərəfindən əsir götürülən və ürək tutması nəticəsində ölən erməni diversant Karen Petrosyanın ölümünü pisləyən Şults erməni işğalçıları tərəfindən saxlanılan, beynəlxalq təşkilatların bütün səylərinə baxmayaraq, girovluqda qalan, vətənlərinə qayıda bilməyən azərbaycanlılar barədə bir kəlmə belə, söz deməmişdi. Bu da onun Azərbaycan və Ermənistana münasibətinin daha bir göstəricisi idi.

Ümumiyyətlə, Martin Şults Avropa Parlamentinin tarixində ən qalmaqallı və bacarıqsız rəhbərlərdən biri hesab olunur. Avropa mediası müxtəlif məsələlərlə bağlı dəfələrlə sərt tənqid edib. Yunanıstan böhranı, miqrantlar, “Brexit” zamanı Şultsun fikirləri daha çox və amansız tənqid olunmuşdu.

Martin Şultsun vəzifədən getməsi ermənilərin bu qurumdakı fəallığını və Azərbaycan əleyhinə təbliğat imkanlarını xeyli zəiflədəcək. İndi orada qalan əsas ermənipərəst fiqur qurumun vitse-prezidenti Ulrike Lunaçekdir. Lezbiyan olduğunu açıq şəkildə bildirən Lunaçek Avropa Parlamentində Azərbaycana qarşı qurulan xeyli kiçik və cılız oyunların aktiv iştirakçısı olub. Amma bu mərhələ artıq geridə qalır. Şultsların və Lunaçeklərin dövranı bitir.

İndi qurumun yeni rəhbəri 2017-ci ilin yanvarında seçiləcək. Ən real namizədlərdən biri italiyalı Antonio Tayanidir. Onu Avropa Xalq Partiyası dəstəkləyir. Tayani 2008-2010-cu illərdə nəqliyyat komissarı, 2010-2014-cü illərdə sənaye və sahibkarlıq üzrə komissar olub. Hazırda Avropa Komissiyasının sədr müavinlərindən biridir. “İrəli, İtaliya” partiyasının üzvü və İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin yaxın dostudur. Düşünməyə tam əsas var ki, onun dövründə Azərbaycan ilə Avropa Parlamentinin münasibətləri xeyli istiləşəcək.

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti