Rasim Ocaqov Nəsibə Zeynalovaya niyə rol vermirdi? – (VİDEOXƏBƏR)

Rasim Ocaqov Nəsibə Zeynalovaya niyə rol vermirdi? –  (VİDEOXƏBƏR)
  19 Dekabr 2016    Oxunub:19420
Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında xalq artisti, aktrisa Nəsibə Zeynalovanın 100 illik yubileyi münasibətilə dərc edilən "Nəsibə Zeynalova 100" kitabının təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Teatr Xadimləri İttifaqının "Ömrün səhifələri" silsiləsindən çap etdiyi kitabın müəllifi Aida Qafarovadır. “Nəsibə Zeynalova 100" kitabı Azərbaycan, rus, ingilis dillərində nəşr olunub.

Təqdimat mərasimini Xalq artisti Hacı ismayılov giriş sözü ilə açıb. Daha sonra sözü Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətova verib.



“Ot kökü üstündə bitər. Nəsibə Zeynalova atası Cahangir Zeynalovun yolunu uğurla davam etdirib. Oğlu Canahgir də anasının yolunu davam etdirib. Nəsibə Zeynalova Teatr Xadimləri İttifaqının bütün tədbirlərində iştirak edib. Hətta xəstə olanda belə asta-asta yeriyərək tədbirlərə gəlib”.

Daha sonra Azərbaycanın xalq artisti Ağakişi Kazımov Nəsibə Zeynalova ilə bağlı xatirələrini bölüşüb.



“Nəsibə xanım böyük sənətkar idi. O, sənəti ilə sevilirdi. Haqqında xoş məqalələr yazılırdı. Özünü tamaşaçıya sevdirməyi bacarırdı. Hərəkətində, çıxışında, oyununda bütün bu hisləri ifa edirdi. Onu sevməmək mümkün deyildi. Bu adam Azərbayacan teatrının baş eksperti idi”.



Aktyor Hacı İsmayılov rejissor Rasim Ocaqovun Nəsibə Zeynalovaya niyə tez-tez rol verməməsindən söz açıb.

“Rasim Ocaqovun əgər bir aktyordan xosu gəlirdisə, onu dəfələrlə çəkirdi. Nəsibə xanımı ancaq “Bağlı qapı arxasında” filminə dəvət edib. Soruşanda ki, niyə ona tez-tez rol verməmisiniz? Rasim Ocaqov deyirdi ki, o, elə bir zirvədə olan sənətkardır ki, onu hər rola görə narahat etmək olmaz”.



Kinoşünas Aydın Kazımzadə Nəsibə xanımın çəkildiyi filmlərlə bağlı maraqlı məqamlardan danışıb.

““Gülələnmə təxirə salınır” filmindəki obrazı hamının gözü qarşısında canlanır. Səsi yox, özü, görüntüsü. Həmin filmdə Nəsibə xanımın səsini aktyor Qorxmaz elə səsləndirdi ki, heç kim bilmədi, danışan Nəsibə Zeynalovadır, yoxsa Qorxmaz Əlili.

Nəsibə xanım “Ögey ana “flmində ara qarışdıran qadını oynayırdı. Bu epizod baş qəhrəmanlar qədər yadda qaldı. Yaxşı yadıma gəlir, film çəkiləndən sonra kinostudiyaya Gürcüstanın görkəmli ssenaristi Georgi Midvani gəlmişdi. Filmə baxandan sonra dedi ki, həmin ara qarışdıran qoca arvadla tanış olmaq istəyirəm. Nəsibə xanımı çağırıblar. Georgi çaşıb qalmışdı. Bildirdi ki, bu cavan gəlini deyil, qoca arvadı görmək istəyib. Sənətin qüdrətinə baxın. Georgi Midvani özü filmlər çəkib, nə qədər ssenarilər yazıb, amma Nəsibə xanım onu rolu ilə aldatmışdı”.



Daha sonra N. Zeynalova ilə “Qaynana” filminə çəkilən xalq artisti İlham Namiq Kamal çıxış edib.

“O zamanlar aktyorlar səhnədə, ekranda dava, həyasızlıq etmirdilər. Bağırmırdılar. Obrazlarını oynayırdılar.
Son illər bizim teatrlarda bağırırlar, qışqırırlar, elə bil kiməsə nəyisə sübut etmək istəyirlər. Anlamırlar ki, aktyor ancaq öz obrazını yaratmalıdır. Aktyor hegemon deyil, sənətkardır. Hər bir insan özünü, tərbiyəsini, ədəbini səhnəyə gətirir. Bu mənada Nəsibə xanımın qarşısında baş əyirəm.



Deməli, “Qaynana” filminin çəkilişi gedir. Bir gün ikinci operator çəkilişə gec gəldi. Məsuliyyətsiz olduğuna görə onu işdən qovdular. Çəkiliş dayandı, vaxtı təxirə salındı. Dedim necə oldu? Bu doğurdanda tənbəl, belə səliqəsiz adamdır? Bir kəlmə cavab verdi: “Çoooox”. Bu çox ilə onun nəsilini biabır etdi.

Bir dəfə də Nardarandan həmin filmin çəkilişindən qayıdırdıq. Nəsibə xanım çantasından peçenyə çıxardıb maşında hamımıza payladı. Mənə də,Fuad Poladova da verdi. Biz hamımız yedik,söhbət etdik, güldük. Fuad da elədir ki, acmasa peçenyeni yeməyəcək. Biz də bunun xarakterini bilirik. Nəysə, gəlib çatdıq. Nəsibə xanımın yoldaşı onu qarşılamağa gəlmişdi. Avtobusdan düşəndə hamımızla sağollaşdı. Bizə “sağ olun mənim balalarım” dedi. Fuada tərəf isə çönüb “Fuad sən də peçenyeni əlində bərk saxla” dedi. Hamımız güldük.



Aktyor, Xalq artisti Ramiz Məmmədov da mərhumaktrisa ilə dəfələrlə qastrol səfərlərində olduğunu deyib: “Onun kimi evdar qadın mən hələ görməmişəm. 90-cı illər idi, çörək tapmaq olmurdu. Nəsibə xanımın ad günü idi. Onlara getmişdim. Həyat yoldaşı ilə yeyib-içməyə hazırlaşırdıq. Süfrədə hər şey vardı, bircə çörək yox idi. Dedik ki, bəs Nəsibə xanım çörəyi necə tapaq? Dedi “ədə gözlə də bu saat sobadan çıxarıram”. Sən demə köhnə çörəyi islanmış tənzifə büküb sobaya qoyub, elə bil indicə yoğurub bişirmişdi. Çox evdar xanım idi”.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti