Səfirin qətlinin arxasındakı `CİA izi` – VERSİYA

Səfirin qətlinin arxasındakı `CİA izi` – VERSİYA
  23 Dekabr 2016    Oxunub:11001
Xatırlayırsınızsa, 2012-ci ilə ABŞ-ın Liviyadakı səfiri Kristofer Stevans qətlə yetirilmişdi. Məsələnin maraqlı tərəfi odur ki, səfir Stevans həmin ölkədə inqilabın qələbə qazanmasında böyük rol oynamış şəxs idi. Bu hadisəni yada salmaqda məqsəd Rusiya səfirinə qarşı sui-qəsdlə ABŞ səfirinin öldürülməsi arasındakı bəzi bənzərliklərə diqqət çəkməkdir.

Andrey Karlov da Stevans kimi önəmli fiqur idi. O, 2015-ci ildə korlanan rus-türk münasibətlərinin səhmana salınması üçün böyük iş gördü. Bundan əlavə, Karlov suriyalı müxaliflərlə təmasda olan və Suriyada sülhün bərpa olunması üçün böyük zəhmət sərf edən diplomat idi. Bu prizmadan yanaşdıqda həm Stevansın, həm də Karlovun regional məsələlərdə böyük rol oynaması onların ölümlərinə səbəb olub. Qısası, hər iki diplomat “birbaşa işin içində olan” şəxslər idi.

15 iyul çevriliş cəhdindən Karlov sui-qəsdinədək

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsdlərin təşkilində böyük səriştəsi və tarixi təcrübəsinin olduğu heç kimə sirr deyil. Bəzi müşahidəçilər 15 iyul çevriliş cəhdində də CİA-nın əlinin olduğunu istisna etmirlər. Hələ o zaman CİA-ya bağlı qurum olan "Stratfor" analitik mərkəzinin Türkiyədəki çevrilişlə bağlı "Twitter"də və öz saytında yaydığı materiallar müəyyən şübhələrə yol açmışdı.

Başqa bir məqama diqqət edək. 15 iyul çevriliş cəhdi zamanı CİA-nin Türkiyə üzrə eksperti Henri Barkeyin İstanbulda olduğu deyilir. Henri Barkey zamanında CİA-nin Türkiyə departamentini idarə edən, Fəttulah Gülənin ABŞ-da qalmasını təmin edən Qraham Fullerin ən yaxın dostudur. Keçmişdə onların hər ikisi "Türkiyədə Kürd Problemi" adlı kitabı yazıblar. İddiaya görə, məhz 15 iyul çevrilişini idarə etmək üçün Qraham Fuller şəxsən Türkiyədə olub. Qeyd edək ki, Qraham Fuler CİA-nin neokonlar (yeni mühafizəkarlar) qanadındadır.



Türkiyə Prezidentinin sözçüsü Cəmil Ertem də bu nöqtəyə diqqət çəkərək bildirib ki, CİA rəhbərinin köməkçisi və ən yüksək kadrlarından biri Qraham Fuller həqiqətən də 15 iyul tarixində Türkiyədə olub. Bunu AKP-dən olan millət vəkili Orxan Deligöz də təsdiqləyir.

Məlumdur ki, Fətullah Gülənin hələ 1960-cı ildən CİA ilə çox möhkəm əlaqələri var.

Bütün bunların fonunda Rusiyanın Türkiyədəki səfiri Andey Karlovun ölümündə ABŞ-ın xüsusi xidmət orqanı CİA-nin əlinin ola biləcəyi haqqında versiyaları kənara qoymaq düzgün deyil. Bunu Türkiyənin bəzi araşdırmaçıları da istisna etmirlər. Sui-qəsdi bir növ CİA-nin Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana ünvanlanmış mesajı sayanlar da var.

Təbii ki, əgər sui-qəsdçinin arxasında FETÖ terror təşkilatı durubsa, bu, nəticə etibarilə kələfin bir ucunun CİA-ya gedib çıxması anlamına gəlir. Çünki Rusiya və Türkiyə əlaqələrinin 2015-ci ildə pozulmasında böyük rol oynayan, daha sonra 15 iyul çevriliş cəhdini reallaşdırmağa çalışan Fətullah Gülənin sonradan türk-rus əlaqələrinin düzəlməsini həzm edə bilməyəcəyi gözlənilən idi. Məhz ona görə də səfirin öldürülməsini Rusiya-Türkiyə əlaqələrini əngəlləyən qəsd, hətta 15 iyul çevrilişinin bir növ davamı da saymaq olar. Belə qənaətə gəlmək mümkündür ki, "Su-24 olayı", "15 iyul çevriliş cəhdi", eləcə də "Karlov qətli”ni məhz eyni mərkəzdən idarə olunan dirijor çubuğu yönəldib. Bütün bunların hamısının bəlli bir məqsədə xidmət etdiyi də gün kimi aydındır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti