Rusiya və İran arasında `Suriya düyünü`: Tehran nədən narahatdır? – TƏHLİL

Rusiya və İran arasında `Suriya düyünü`: Tehran nədən narahatdır? – TƏHLİL
  26 Dekabr 2016    Oxunub:11665
"Rusiya Suriyada öz maraqlarını güdür. Biz Bəşər Əsədin yerinə kiminsə gəlməsini düşünmürük. Ancaq ola bilər ki, Rusiya İrandan fərqli olaraq, Əsədin hakimiyyətdə qalmasında maraqlı olmasın". Bu fikirlər İranın İnqilab Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Cəfəriyə məxsusdur. Onun söylədiyi bu cümlə, əslində Moskava və Tehran arasındakı Suriya soyuqluğuna işarədir.

Suriya münaqişəsi başladığı gündən birlikdə olan İran və Rusiya arasında Suriyadakı son geostrateji dəyişikliklərlə əlaqədar müəyyən narazılıqlar müşahidə olunur. Tərəflər arasındakı soyuqluq intiriqa şəkilində özünü göstərməsə də, alt qatda narazılıqlar genişlənməkdədir. Suriyanın siyasi strukturu, de-fakto federallaşmaya doğru getməsi, həmçinin Bəşər Əsədin gələcəyi ilə bağlı fikir müxtəlifliyi İranla Rusiya arasında ixtilaflara yol açıb. Əslində ziddiyyətlərin ilk səbəblərini İran-ABŞ-Qərb razılaşmasında axtarmaq daha düzgün olardı. İranla Qərb arasında əldə olunan nüvə razılaşması müəyyən mənada Rusiyanın ürəyincə olmamışdı. Hamı İranı təbrik etdiyi halda, Rusiyanın soyuq yanaşması müəyyən mətləblərdən xəbər verirdi.

Bütün bunların fonunda 2016-cı ilin aprelində Rusiyanın əsas hərbi kontingentini Suriyadan çıxarması ilə bağlı vediyi qərar İran üçün tamamilə gözlənilməz oldu. Çünki Rusiya bu qərarı İranla müzakirə etməmişdi. İran tərəfi Rusiyanın qərarını erkən atılmış addım saydı, bununla yanaşı, İran Suriyanın bir neçə bölgəsində İŞİD, Ən-Nusra kimi terror təşkilatları qaldığı halda Rusiyanın oradan geri çəkilməsini heç də praqmatik saymadı. Bəşər Əsədin məğlubiyyəti, hakimiyyətdən getməsi İranın milli maraqlarına cavab vermir. Digər tərəfdən, İranın geri çəkiləcəyi halda, onun Suriyada savaşan başda generalları olmaqla hərbi personalı, İslam Korpusu Keşikçiləri və Hizbullah üzvləri əbəs yerə ölmüş sayılacaqlar.

Bəzi ekspertlərin fikrincə, Rusiyanın ABŞ-la atəşkəs məsələsində razılaşması İranla əlaqələri daha da zədələdi, çünki son vaxtlar İran-Rusiya hərbi gücləri Suriyada ciddi irəliləyirdilər və belə bir ərəfədə bu cür qərarın verilməsi müttəfiqlərin ortaq Suriya strategiyasına kölgə saldı. Rusiya öz hava qüvvərlərini Suriyadan çıxararkən İranı əmin etməyə çalışdırdı ki, ölkəni tamamilə tərk etmir. Rusiyanın İsraillə münasibətlərinin yaxşı olması da İranı bu məsələdə incik saldı. Tehran hesab ki, Əsədin gedəcəyi halda, onu əvəzləyən istənilən şəxsin İsraillə barışacağı riski yüksəkdir. Bu da İran üçün o qədər də sərfəli variant deyil.



Başqa bir maraqlı nüans isə Bəşər Əsədin İran səfərinin reallaşmamasıdır. 2015-ci ildə Əsədin 4 il ərzində ilk dəfə baş tutan Rusiya səfərindən sonra İran mediası xəbər yaydı ki, tezliklə Əsəd İrana da səfər edəcək, hətta onun təyyarəsini Rusiyaya məxsus 4 qırıcı qoruyacaq. Lakin heç də hər şey deyildiyi kimi getmədi. Bir müddət sonra Bəşər Əsədin İran səfərinin gündəmdə olmadığını diqqətə çatdıran İran qəzeti səbəb kimi Əsədin İrana uçuşunun təhlükəsizlik baxımından riskli olduğunu yazdı. Bu əsnada təbii olaraq, müəyyən şübhələr ortaya çıxmağa başlayır. Öncə deyildiyi kimi, Əsədin təyyarəsini Rusiya qoruyacaqdısa, sonradan nə baş verdi ki, birdən-birə verilmiş qərar tamamilə dəyişdirildi?! Beləliklə, Rusiya Əsədin İran səfərinin reallaşmasına köməklik göstərmədi.

Rusiya-İran ziddiyyətləri: `Həmədan-İncirlik mərhələsi`

2016-cı ilin avqust ayında Rusiyaya məxsus qırıcıların İran ərazisindən, Həmədan hərbi bazasından uçuşlar edəcəyi və İŞİD-i vuracağı açıqlandı. Maraqlıdır ki, ilk olaraq İran tərəfi - xarici işlər nazirinin sözçüsü Hüseyn Şeyxülislam Rusiyanın ehtiyacı olacağı halda, Həmədan hərbi bazasını onlar üçün aça biləcəklərini demişdi. Ən təəccüblüsü isə budur ki, məhz Rusiyanın Türkiyədən "İncirlik" bazasını istəməsi ilə bağlı xəbərlərin yayıldığı məqamda İran "Həmədan" bazasını təklif etdi. Bu nüans İranın Moskva-Ankara yaxınlaşmasından bərk narahat olduğunu göstərirdi. ABŞ-ın "Times" nəşri yazırdı ki, İncirlik hərbi bazası Rusiya üçün İŞİD-i daim atəş altında saxlamaqdan ötrü əhəmiyyətli rol oynaya bilər.

Həmədan hərbi bazası 1979-cu ilin İslam İnqilabından bu yana əcnəbi ölkənin ixtiyarına verilən ilk İran bazasıdır. Əslində İranın konstitusiyası hərbi bazaların hansısa yad ölkəyə verilməsini qadağan edir, lakin İran əməkdaşlıq kimi təqdim edərək, özünü sığortalamağa çalışır.

İran rəsmilərinin "Həmədan" hərbi bazasında Rusiyanın olması ilə bağlı bir-birindən fərqlənən, hətta bir-birini təkzib edən fikirləri var. Məsələn, İran parlamentinin sədri Əli Laricani söyləyib ki, ölkəsi heç bir hərbi bazanı Rusiyanın sərəncamına verməyib. İran parlamentinin Beynəlxalq Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Ələddin Brucerdi təxminən eyni fikir səsləndirərək deyib ki, Həmədan hərbi bazası Rusiya qırıcılarına yalnız yanacaq doldurmaq üçün verilib. İranın müdafiə naziri Hüseyn Dehqan isə Həmədan bazasının məhz Suriya hökumətinin istəyi, xahişi əsasında Rusiyaya verildiyini bildirir. İran parlamentarilərinin böyük bir hissəsi isə Rusiyanın Həmədan hərbi bazasında gəlməsini konstitusiyanın pozulması saymışdılar.

Bütün bunların baş verdiyi məqamda Rusiyanın İran ərazisindən istifadəsi qəfildən dayandırıldı. Söylənilənləri diqqətlə analiz edərkən belə bir fikrə gəlmək olur ki, Rusiya və İran arasında həqiqətən də Suriya münaqişəsi ilə əlaqədar ziddiyyətlər yaşanmaqdadır. Məsələn, Əli Laricani başqa bir şərhində deyir ki, Rusiyanın Həmədan bazasından istifadəsi dayandırılmayıb. Halbuki, 1 ay sonra İran XİN-in sözçüsü Bəhram Qasımi bildirmişdi ki, Rusiya qırıcılarının Həmədan bazasından uçuşlrı 2016-cı ilin 22 avqust tarixindən etibarən dayandırılıb.



Türkiyə-Rusiya yaxınlaşması İran tərəfindən sözsüz ki, qısqanclıqla qarşılandı. Məhz elə bunun nəticəsi idi ki, Rusiya-Türkiyə yaxınlaşması yoluna düşər-düşməz Tehran Moskvanın regional siyasətində əsas vektor rolunu qoruyub saxlamaqdan ötrü öz ərzisindən rus qırıcılarının istifadəsinə izn verdi. Ola bilsin ki, İran bu addımı atmaqla Rusiyaya "ən güvənilən müttəfiqin mənəm" ismarıcını verməyə çalışırdı. Ancaq iranlı millət vəkilləri və xalqın etirazından dolayı "Həmədan jesti" uğursuzluğa dücar oldu. Bir yandan da Əsədin aqibəti ilə bağlı mümkün rus-türk razılaması İranı bərk narahat edir.

`Hələb təxribatı`

Hələbin azad edilməsindən dərhal sonra yerli əhali təxliyə edilməyə başlanıldı. Bu məsələdə əsas məsuliyyəti Rusiya ilə razılaşaraq Türkiyə öz üzərində götürmüşdü. İran bir növ bu prosesdən kənarda qalmışdı, daha doğrusu, Rusiya-Türkiyə cütlüyü ilə razılaşmamışdı.

Bu səbəbdən də İrana bağlı olan və birbaşa ondan əmr alan şiə silahlıları dinc suriyalıları atəşə tutdular və nəticədə 4 dinc sakin öldürüldü. Daha sonra məlum oldu ki, bu əmri İran generallarından biri verib. "Reuters" agentliyi isə yaydığı məlumatda bildirirdi ki, İran Türkiyə-Rusiya ikiliyindən fərqli olaraq, özü ayrıca atəşkəs şərtləri irəli sürüb.

Heç təəccüblü deyil ki, İran rəsmiləri və İranın bütün media vasitələri Hələbin azad edilməsini `qələbə` adlandıraraq, bunu böyük bir zəfər şəkilində qeyd etdilər. Şübhəsiz ki, bununla İran daha çox Suriyanın yanında olduğunu, ən başlıcası Hələbin azad edilməsində önəmli tərəf olduğunu ön sıraya çıxartmaqla, Rusiya-Türkiyə əməkdaşlığı fonunda özünün vacibliyini vurğulamağa çalışır. Baxmayaraq ki, konkret olaraq Hələbin azad edilməsindən sonra humanitar işləri görən iki əsas aktor var - Türkiyə və Rusiya. İran isə status-kvo ilə barışa bilmir, özünü Suriya ilə əlaqədar atılan addımlardan kənarda hiss edir.

Bunu açıq-ayında şəkildə İranın ordu generalı Yəhya Rəhim Səfəvinin səsləndirdiyi fikirdən də hiss etmək olur. O, deyir ki, "Hələbi İran, Rusiya və Hizbullahın formalaşdırdığı koalisiya azad etdi və çox yaxında Mosulu da qurtaracağıq". Onun bu açıqlamasında Mosula eyham vurması İranın bölgədə başlıca “xilaskar” ölkə olduğu ilə bağlı elə Tehran tərəfindən aparılan təbliğatdır. Çünki İran Rusiya və Türkiyənin barışığından sonra özünü Suriya ilə bağlı geostrateji qərarların qəbulundan uzaqlaşırılmış görür.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti