Pulu daşdan yox, başdan çıxarmalıyıq: Bizdə əsl sahibkar yoxdur – TƏHLİL

Pulu daşdan yox, başdan çıxarmalıyıq: Bizdə əsl sahibkar yoxdur – TƏHLİL
  09 Yanvar 2017    Oxunub:4949
Tezliklə ölkə üzrə ötənilki orta inflyasiya səviyyəsi dəqiq məlum olacaq. Əslində, bu, təxmini bilinir. Lakin söhbət rəsmi açıqlamadan gedir. Məlumat üçün qeyd edək ki, Dövlət Statistika Komitəsinin rəyinə əsasən, yanvar-noyabr ayları ərzində o, 12,1% təşkil edib. Demək, ilin yekununa görə hər halda, 12%-dən çox olacaq.

Sözüm bunda deyil. Bu dəfə məsələyə nəzəri yanaşmaq istəmirəm. İnfliyasiya amilinin mənası və əhəmiyyətini necə deyərlər, məhz el dilində xırdalamağa çalışacağam. Eyni zamanda, iqtisadi artım məsələsinə və buna necə nail olmaq lazım gəldiyinə də toxunacağam.

Bizdə inflyasiyanı demək olar, yüzdə yüz istehlakçı, yəni alıcı kütləsi yaradır, normal bazar iqtisadiyyatı olan ölkələrdə isə istehsalçı. Başqa sözlə desəm, sahibkarlıq fəaliyyəti. Yəni, bizdə istehlakçının xərcləri artırsa, qiymətlər yüksəlir, onlarda isə istehsalçıların – sahibkarların. Ona görə də Avropada və Amerikada (ABŞ-da) inflyasiya adətən, aşağı olanda narahatçılıq yaranır, bizdə isə yuxarı olanda.

Bu, bilirsiniz, nəyə bənzəyir? Normal bazar iqtisadiyyatlı ölkələrdə tibbi dildə desək, arterial təzyiq həmişə nisbətən aşağı olur, bizdə isə yuxarı... Belə ki, Azərbaycan iqtisadiyyatı, bir növ hipertoniya xəstəsidir! Hər gün dərman qəbul etməlidir ki, insult baş verməsin. Avropada isə kofe içən kimi düzəlir. Vəssalam.

Buradan sual yaranır: bizdəki sahibkarlar ABŞ-da və Avropadakı sahibkarlardan daha “ağıllıdırlar”, yoxsa burada başqa səbəb var?!

Xeyr, “ağıllı” deyillər, sadəcə olaraq, onların fəaliyyəti düzgün deyil, yəni lazımi istiqamətdə qurulmayıb. Səbəb budur. Halbuki, hər il dövlət dəstək üçün onlara 100 milyonlarla pul da verir. Axı, təkcə bunun özü, normalda inflyasiya yaratmalıdır… Niyə yaratmır?! Deməli, həmin pul iqtisadiyyatda bilavasitə dinamikanı artırmır, “qazanı qaynatmır”.

İndi mən sizlərdən soruşuram: bizdə sahibkarlara dəstək üçün əslində, pul vermək lazımdır, ya yox ?! Əsla yox! Çünki əvvəla, sahibkarın özünü yetişdirmək lazımdır. Məqalələrimin bir neçəsində, o cümlədən sosial şəbəkədə bu prizmadan yazdığım statusların binində də qeyd etmişəm ki, sahibkar alverçi demək deyil, ideya və təşəbbüskarçıdır… Və yaxud, olmalıdır!.. Bu baxımdan, bu, sırf şəxsi fikrim olsa da, açıq və birmənalı şəkildə qeyd edirəm ki, 25 ildən çoxdur siyasi cəhətdən müstəqil olsaq da, bizdə hələ də düz-əməlli sahibkar yoxdur və yetişməyib. Bunu deyərkən ciddi yanlışlığa yol verdiyimi düşünmürəm.

Məsələ bundadır ki, ölkəmizdə sahibkar adlananların 99%-i “başını işlətmir” və ya, bunu istəmir: kimin əlinə indiyədək bir az pul düşübsə və yaxud düşürsə, dərhal cumub, kənardan - Dubaydan və Türkiyədən ölkəmizin bazarında "bərk gedən" mallar gətirib satıb, işini də bununla bitmiş hesab edib. Hələ bir utanmaq əvəzinə, lovğalanırıq da ki, bizlər daşdan pul çıxaranıq! Daşdan yox, Başdan pul çıxarmağı bacarmaq lazımdır... Başdan !!!


Bu gün iqtisadi artıma nail olmaq, ümumiyyətlə iqtisadiyyatda hərəkətlilik yaratmaq üçün özünü sahibkar adlandıranlardan hansına pul verilsə, o, yenə belə edəcək. Ona görə də manatımız "lüt" vəziyyətdədir...

Yeri gəlmişkən, xaricə təhsil almağa gedənlərimiz də ümidləri doğrultmur desəm, düzgün anlaşılar. Əslində, əzəldən şəxsən onlara heç vaxt ümidim də olmayıb. Əvvəla, gəlin razılaşaq ki, onların 99%-i bizə lazım olan istiqamətdə təhsil almayıb və almırlar da... Belə ki, ölkəmizə xaricdə ən çox texnologiya və mühəndislik üzrə təhsil alanlar lazımdır, sosioloq, hüquqşunas və sair yox...

İkincisi də, inkişaf etmiş ölkərin özlərində bu cür məsələlərdə elə "gözəgörünməz" siyasət vardır ki, dövlət səviyyəsində çalışsaq belə, onların həqiqi mənada bizə lazım olan sahələrində təhsil almağımız əslində, heç mümkün də deyil və buna gizli şəkildə yol verilmir.

Üçüncüsü də ki, gedib yaxşı təhsil alanın çoxsu geri qayıtmır. Odur ki, tamamilə başqa cür yanaşma tələb olunur.

Şəxsi yanaşmam isə bundan ibarətdir ki, bizlər ilk növbədə tənbəlliyin, passivliyin daşını atmalı və "mədəyə xidmət" düşüncəsindən yaxa qutarmağa çalışmalıyıq. Hər ağac dibində yeməkxana filan, küçələrdə restoran, budka, o cümlədən, dəbdəbəli otellər və sair açmaq sahibkarlıq fəaliyyəti demək deyil.

Sahibkar istehsalçı olmalıdır - xidmətçi yox!..

Nə qədər ki, iqtisadi artımımız xidmət sferası sütunları üzərində dayanır və dayacaq, inflyasiya və ümumiyyətlə, qiymət amili də gördüyümüz işlərə görə deyil, yediyimizə əsasən təşəkkül tapacaq. Bunu bilmək lazımdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti