Dost dönüb düşmən olanda: Saakaşvili-Poroşenko savaşı

Dost dönüb düşmən olanda: Saakaşvili-Poroşenko savaşı
  17 Yanvar 2017    Oxunub:5023
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ilə Ukrayna prezidenti Petro Poroşenko arasında gərginlik pis həddə çatıb. Tərəflər mətbuat vasitəsilə bir-birilərinin ünvanına sərt ittihamlar səsləndirirlər.

Saakaşvili “112 Ukrayna” telekanalına müsahibəsində deyib ki, Poroşenko yalançı və rüşvətxordur. Onun sözlərinə görə, Ukrayna höküməti yüksək vəzifələri məmurlara pulla satır.

Sabiq qubernatorun fikrincə, Ukrayna prezidenti gömrükdən gələn pulları mənimsəməklə məşğul olur: "O, Odessa gömrüyündən əldə edəcəyi pulları nəzərdə saxlayırdı. Mənim rəhbərliyim vaxtımda Poroşenko bu pullardan məhrum olmuşdu”.

Saakaşvili ilə Poroşenkonun münasibətləri niyə pisləşdi?

Ukraynadakı prosesləri yaxından izləyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Poroşenko-Saakaşvili qovğasında ikinci düzgün mövqedədir: “Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Odessa vilayətinin qubernatoru vəzifəsinə Ukrayna prezidenti Poroşenko təyin etmişdi. Görünür, Poroşenko bu yolla Odessada ciddi islahatların aparılacağını zənn edirdi. Bu səbəbdən o, bu vəzifəni Saakaşviliyə həvalə etmişdi. Çünki, Odessa korrupsiyalaşmış regiondur. Eyni zamanda buradakı böyük limandan böyük gəlirlər əldə olunur. Bu gəlirlərin bir hissəsi Ukrayna büdcəsinə çatmır, ciblərdə ilişib qalır. Ona görə də Poroşenko Saakaşvilinin Gürcüstandakı təcrübəsindən istfadə edərək onu Odessaya qubernator təyin etdi. Saakaşvili də Odessada ciddi islahatlar aparmaq, korrupsiyanı aradan qaldırmaq üçün ciddi addımlar atmağa başladı. Bəzi rüşvətxor məmurları işdən uzaqlaşdırdı, gənc komanda formalaşdırdı. Son nəticədə uğur qazanmadı. Saakaşvili əslində Ukranyadakı məmurlardan asılı idi və hər hansı bir məmuru işdən uzaqlaşdırmaq üçün nazirlərlə bunu razılaşdırmalı idi. Bəzi nazirlər Saakaşvili ilə yola getmirdi və atdığı addımları bəyənmirdi. Ona görə də uğur qazana bilmədi və istefa vermək məcburiyyətində qaldı”.



Politoloq hesab edir ki, Poroşenko Saakaşvilini özbaşına bu vəzifəyə təyin etməyib: “Saakaşvili bir müddət ABŞ-da yaşadı. Ola bilsin ki, ABŞ-ın rəyi əsasında Poroşenko Saakaşvilini bu vəzifəyə təyin etdi. Saakaşvili də Odessada qubernator işlədiyi müddətdə Poroşenkoya heç bir tənqidi fikir bildirmədi. Yalnız nazirləri tənqid etdi. Ancaq, istefa verdiyi gün bu işin başında Poroşenkonun olduğunu söylədi. Düşünürəm ki, Poroşenkonun özü də Odessada islahatların belə sürətlə getməsinə hazır deyildi”.

E.Şahinoğlunun fikrincə, Poroşenko artıq Saakaşvilini özünə rəqib görür: “Məhz bu səbəbdəndir ki, Ukrayna prezidenti Saakaşvilini tənqid etməklə məşğuldur. Saakaşvili özünə yeni hərəkat yaradıb. Mümkündür ki, bu hərəkat partiyaya çevrilsin və parlament seçkilərində iştirak etsin. Bir sözlə, faktiki dostlar indi rəqibə çevriliblər. Hazırda Poroşenko və Saakaşvili bir-birini tənqid etməklə məşğuldur.

Hesab edirəm ki, Saakaşvili bir məsələdə haqlıdır. Ukraynada islahatlar çox ləng gedir, hökumət tənbəldir, ciddi addımlar atılmır. Saakaşvili isə bu proseslərin sürətləndirilməsini istəyir. Poroşenko və hökuməti bu cür ciddi addımlara hazır deyil. Çünki, islahatlar həm də müəyyən qədər riskdir. Görünür, buna hazır deyillər və belə ləng addımlarla düşünürlər ki, bir müddət sonra uğur qazanacaqlar. Amma, Saakaşvili bunun belə olmadığını düşünür”.

E.Şahinoğlu qeyd edib ki, Poroşenko prezident olduqdan sonra ciddi uğur qazanmayıb: “Ukraynada belə rəy formalaşmışdı ki, Poroşenko hakimiyyətə gəldikdən sonra bir çox problemlər köklü şəkildə həll olunacaq. Poroşenkonun özü də oliqarx idi. 2000-ci illərdə siyasətə qatılmışdı. Yuşenkonun və Yanukoviçin dövründə müəyyən vəzifələr tuturdu. Ukrayna xalqı ondan köklü dəyişikliklər gözləyirdi. Doğrudur, müəyyən addımlar atıldı. Poroşenkonun əsas uğuru oliqarxları bir müddət siyasətdən uzaqlaşdırmasıdır. Çünki, Ukraynada son 20 ildə oliqarxlar faktiki siyasətin içərisində idilər. Onlar öz adamlarını parlamentə təyin edir, prezidentə və hökumətə istədiklərini diqtə edə bilirdilər. Poroşenko isə oliqarxları bir qədər siyasi proseslərdən uzaqlaşdırdı. Onların bəziləri siyasətdən kənar durdu, bir hissəsi ölkəni tərk etmək məcburiyyətində qaldı. Amma, bu məsələnin hələ də köklü şəkildə həll edildiyini düşünmürəm. Ola bilsin ki, indi onlar siyasətdən uzaqlaşıblar. Ancaq, heç kim zəmanət verə bilməz ki, onlar növbəti parlament seçkilərində öz adamlarını seçdirməyəcəklər, hökumətin formalaşdırılmasında rol oynamayacaqlar.



Poroşenko çalışırdı ki, Ukraynanı Avropaya inteqrasiya etdirsin. Bu istiqamətdə yeganə uğur vizaların aradan qaldırılmasıdır. Faktiki olaraq Avropa Birliyi ilə ciddi inteqrasiya prosesi başlamayıb. Digər tərəfdən Poroşenko ABŞ-dan, Avropadan böyük maliyyə ianələrinin ediləcəyini gözləyirdi. Amma bu, baş tutmadı. Halbuki Maydan hadisələri Yanukoviçin Avropa İttifaqı ilə asossiativ sazişi imzalamamasından sonra başladı. Nəticədə Rusiya Krımı işğal etdi, Donbasda separatizm bölgəsi yarandı. Hədəflərə çatılmadı. Əslində Poroşenko həmin dövrdə prezidentliyə hazır olmasa belə prezident seçildi.

Sual olunur ki, iqtisadi tənəzülün dibini görən Ukrayna bu böhrandan necə çıxacaq? Ukraynanın maliyyə resursları yoxdur, zavod və fabriklərinin bir çoxu dayanıb. Eyni zamanda Ukraynanın ən təcrübəli mühəndisləri Rusiyada çalışır. Rusiya Ukraynanı zəiflətmək üçün bütün resurslardan istifadə edir. Həmçinin Rusiya Türkiyə ilə “Türk Axını” layihəsini ərsəyə gətirəcək, Şimal dənizinin dibi ilə qaz boru xətti çəkiləcək. Bir neçə ildən sonra Rusiyanın Ukraynadan keçən qaz boru xəttinə ehtiyacı olmayacaq. Bu Ukraynaya böyük zərbədir. Ona görə Ukraynanın belə ağır vəziyyətdən necə çıxacağını söyləmək çətindir”.



Politoloq əlavə edib ki, ukraynalılar olimpə çıxardıqları şəxsdən nəticə görmədikdə ona olan bütün inamlarını itirirlər: “Yuşenko rəngli inqlab əsasında hakimiyyətə gəldi. Növbəti prezident seçkilərində isə 5 faiz səs toplaya bilmədi. Eləcə də seçdikdən sonra gördülər ki, Yanukoviç korrupsioner oliqarxlara bağlıdır və islahatlar apara bilmir. Sonda Yanukoviç Rusiyaya qaçmağa məcbur oldu. İndi Poroşenkonun durumu eynidir. Onun reytinqi çox aşağıdır. Düşünürəm ki, növbəti prezident seçkilərində cəmiyyət başqa birinə üstünlük verə bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti