`Gənclik`dəki tunel hazırdır-FOTOLAR

`Gənclik`dəki tunel hazırdır-FOTOLAR
  22 Avqust 2013    Oxunub:10953
Metronun `Gənclik` stansiyasının yaxınlığındakı tunel kompleksin tikinti işləri yekunlaşmaq üzrədir. Tunel yaxın günlərdə istifadəyə veriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Nəqliyyat Nazirliyinin sifarişi ilə "Gənclik" metrostansiyasının ətrafındakı "Qələbə meydanı" adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan layihənin icrasını "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC həyata keçirir.

Layihə üzrə ərazidə 16 giriş-çıxışlı, ümumi üzunluğu 2512 metr olan 6 tunel tipli yol qovşağının və 10 piyada keçidinin inşası nəzərdə tutulmuşdur. Sinqapur şirkəti tərəfindən layihələndirilən qovşağın məsləhətçi-nəzarətçisi Türkiyə Respublikasının "Pro Yapı Proje İnşaat. Tic.Ltd" şirkətidir.

Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərinin, həmçinin Atatürk prospektilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulur. Əlavə olaraq Təbriz küçəsindən gələn avtomobillər "Gənclik" dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin, F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək mümkün olacaq. Vaqif prospektindən gələn maşınlar F.X.Xoyski prospektinin altından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcəkdir.

Layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110000 m2-dir. "Qələbə meydanı" adlanan ərazidə hesabi hərəkət intensivliyi 2340 avto/saat-dan 10986 avto/saata-dək artacaqdır. Tunellərdə nəqliyyatın orta hərəkət sürəti 50-60 km/saatdır.

Tunel tipli yol qovşağında maillik minimum 0.5, maksimum 5.6 faiz nəzərdə tutulur. Vaqif prospektində inşa edilən yol qovşağı mövcud "Gənclik" metro stansiyasının tuneli üzərindən keçir.

Layihəyə əsasən "Gənclik" metro stansiyasında əlavə iki yeni piyada çıxışın inşası planlaşdırılmışdır ki, ondan da ilk olaraq "Gənclik" metro stansiyasının Atatürk prospektinə çıxan girişinin "Qələbə meydanı"nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib.

Tunellərdə fasiləsiz enerji təminatı məqsədi ilə 260 kW gücündə generatordan və düzləndiricidən istifadə olunub. Tuneldə istifadə edilən elektrik kabelləri alışmayan və yüksək dərəcə temperaturda belə yanmayan izolə materiallardan hazırlanmışdır. şıqların söndüyü halda fövqəladə işıq mənbəyi işə düşür. Tunellərdə 60-dan çox müşahidə kameraları yerləşdirilib.

Bundan əlavə tunellərin girişlərində VMC məlumat göstəriciləri ilə təmin olunan panellər quraşdırılıb. Panellərin üzərində küçələrin adları göstərilən hərkət zolağın istiqaməti,sürətin məhdudyyəti nişanı, tunelin əndazəsi, vaxt və hava göstəriciləri əks olunub.

Layihə üzrə işlərə ümumilikdə, "Akkord" Korporasiyasının 500 nəfər, həmçinin xarici mütəxəsislərdən ibarət 300-yaxın subpodryat işçi qüvvəsi və 190-ə yaxın xüsusi texnikası səfərbər olunub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti