ABŞ-ın almanlara yüklədyi gizli missiya – TƏHLİL

ABŞ-ın almanlara yüklədyi gizli missiya – TƏHLİL
  01 Fevral 2017    Oxunub:5799
Almaniya NATO-nun əsas üzvü və Zbiqnev Bjezinskinin dediyi kimi, Britaniyadan sonra Avropada ABŞ-ın ən yaxın tərəfdaşıdır. Avropa İttifaqı büdcəsinin 28,5, NATO-nun xərclərinin isə 22,8%-ni almanlar ödəyir. Dünya Bankının, həmçinin Avropa Rekonstruksiya və İnkişaf Bankının ən böyük səhmdarıdır.

2005-ci ildə Angela Merkel kansler seçildikdən sonra ABŞ-Almaniya əlaqələri xeyli gücləndi. Merkel yarım əsrdən sonra ABŞ Konqresində çıxış edən ilk Almaniya kansleri kimi tarixə düşdü. Barak Obama 2008-ci ildə, hələ prezident seçilməmişdən öncə Almaniyaya getmiş və orada 200 min almanın qarşısında öz siyasi kursunu açıqlamışdı. Prezidentlik müddəti başa çatarkən, 2016-cı ilin noyabr ayında sonuncu səfərini də Almaniyaya etmişdi. Ümumiyyətlə, Obama 4 dəfə Almaniyaya səfər edib. Onun son səfərdə Angela Merkellə qapalı görüş keçirtməsi, üstəlik, 2017-ci ilin kansler seçkilərində Merkeli dəstəklədiklərini açıq ifadə etməsi müəyyən razılaşmalardan xəbər verirdi.

ABŞ dəfələrlə Əfqanıstan məsələsində Almaniyanı daha aktiv hərbi iştiraka səsləyib, ancaq Berlin bu çağırışa müsbət reaksiya verməyib. Almaniya NATO-nun Əfqanıstandakı çoxmillətli missiyasına ən çox əsgər verən 3-cü ölkədir, lakin hərbçilərinin fəaliyyət dairəsi alman qanunları ilə məhdudlaşdırılıb. Fəqət bu, ABŞ-ı qane etmirdi. Ona görə də, son iki ildə vəziyyət dəyişdi.

…2015-ci ildə Almaniyada Taliban terror təşkilatının üzvü həbs olunmuşdu. Həmin terrorçu qurumun əsası 2009-cu ildə qoyulmuş "Alman Taliban Mücahidləri" (DTM) adlı qanadının üzvü idi. 2016-cı ilin dekabr ayının əvvəlində isə Almaniyanın Ludvigshafen şəhərində 12 yaşında bir uşaq bomba dolu çanta ilə Yeni İl yarmarkasına yönləndirilsə də, polis onun qarşısını alıb.

2016-cı ilin sentyabr ayında Alman polisi ölkənin Duisburq və Dortmund şəhərlərində, Şimali Reyn-Vestfaliya əyalətində İraq və Suriyadakı terror təşkilatlarına üzv toplayan radikal dindarlarla bağlı araşdırmalar başlatdı. Almaniyanın daxili işlər naziri Tomas de Mayzirenin açıqlması çox ciddi təhlükələrdən xəbər verirdi: "Çətin şəraitlə üzbəüzük. Terror təhdidi yüksəkdir. Həm federal, həm də əyalət polislərinin üzərinə böyük məsuliyyət düşür".

Bütün bunların fonunda 2016-cı ilin noyabr ayında Əfqanıstanın Məzar-i Şərif şəhərində Almaniya konsulluğuna qarşı təşkil olunmuş terror aktını xatırlamaqda fayda var. Hadisəyə görə məsuliyyəti üzərinə götürən Taliban səbəb kimi NATO-nun Əfqanıstanın Qunduz şəhərində keçirdiyi əməliyyatın qisasını almaq istədiyini açıqladı.

Amma niyə məhz Almaniya konsulluğu? Axı Almaniyanın silahlı qüvvələri Əfqanıstandakı hərbi əməliyyatlarda adətən üçüncü, yaxud dördüncü sırada dayanırlar.

Dekabrın 20-də Berlin şəhərində İŞİD-lə bağlı bir şəxsin sakinlərin üzərinə yük maşını sürməsi nəticəsində 12 nəfər öldü, 48 nəfər isə yaralandı. Terrorçunu diri tutmaq mümkün olmadığı üçün, bu sifarişin əslində haradan gəldiyi qaranlıq qaldı.

Bütün bunların fonunda Almaniyanın hərbi büdcəsinin artırması maraq doğurur. Bu il Almaniyanın hərbi büdcəsi 36,61 milyard avro təşkil edəcək. Təbii ki, bu, Berlinin militarist siyasət yürüdəcəyinə dəlalət edir. Alman mətbuatının yazdığına görə, hökumət 2020-ci ildə hərbi büdcəni yenidən artıracaq. Hazırda Almaniyanın 14 ölkədə hərbi kontingenti fəaliyyət göstərir.

Ola bilər ki, Almaniya Yaxın Şərqdə daha aktiv şəkildə regional proseslərə girişsin. Yaxın Şərqdə ABŞ-ın almanların dəstəyinə və fəaliyyətinə böyük ehtiyacı var. 2016-cı ilin sonunda ABŞ 20 min tank və 10-cu aviabriqadanı Almaniyaya göndərmək qərarına gəldi. Bu, deməyə əsas verir ki, artıq rəsmi Berlin ABŞ-ın NATO-dakı əsas müttəfiqi kimi Avropa və Yaxın Şərqdə böyük məsuliyyətlərin altında girməyə hazırlaşır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti