Manat niyə bahalaşır və yenə ucuzlaşacaqmı? – TƏHLİL

Manat niyə bahalaşır və yenə ucuzlaşacaqmı? – TƏHLİL
  08 Fevral 2017    Oxunub:9185
Fevral ayı başlayandan bəri manatın ABŞ dolları qarşısında bahalaşması insanlarda bu dəfə narahatçılıq əvəzinə, təəccüb yaradıb. Əks tendensiya zamanı hamı narahat idi ki, görəsən, manat hara qədər ucuzlaşacaq? İndi də manatın dəyərinin birdən-birə 2%-dan çox bahalaşması sual yaradıb ki, bu, nədən baş verir?

Halbuki, hər iki halda yanaşma düzgün deyil. Təəssüf ki, sözügedən məsələdə insanları onların iqtisadi savadsızlığından istifadə edərək, çaşdıranlar da var.

Manatın dollara nəzərən məzənnəsi nədən gah ucuzlaşır, gah da bahalaşır? Bu, nə vaxta qədər belə davam edəcək? Və belə şəraitdə əhali əslində, nə etməlidir? Başqa sözlə desəm, vətəndaşlar pullarını hansı valyutada saxlasalar, yaxşıdır?

Manatın yanvar ayı ərzində nümayiş etdirdiyi ucuzlaşma prosesinin (sözügedən ayda manatın dollara qarşı dəyəri 8,23% civarında ucuzlaşıb və Neft Fondundan verilən məlumata əsasən, yanvar ərzində Mərkəzi Bank tərəfindən keçirilən hərraclarda 285 milyon dollar vəsait satılıb) fevralda səngiyəcəyi gözlənilən idi. Belə ki, keçən ilin də fevral ayını yada salsaq, ölkənin valyuta bazarında gərginliyin adı çəkilən ayda yatdığının şahidi olarıq.

Hərçənd, ondan bir il əvvəlki anoloji ay, yəni 2015-ci ilin fevralın 21-i tarixi yaddaşlarda manatımızın ilk dəfə devalvasiyaya uğradığı ay olaraq qalmışdı. Ancaq, o zaman valyuta bazarımız inzibati yolla tənzimləndiyindən, tendensiyanın hansı istiqamətə doğru meyl etdiyini müşahidə etmək mümkün deyildi.

Ümumilikdə fevral - manat üçün “nisbi sakitlik” ayı hesab olunur. Bunun da bir sıra səbəbləri var. Birincisi, fevral iqtisadi aktivlik ayı deyil. İkincisi, ölkədən kənardakı əlverişsiz iqtisadi proseslər bu ay ərzində nisbətən səngiyir. Üçüncüsü, bu ay ərzində camaatın əlindəki manat kütləsi də adətən, azalır. Bu siyahını bir az da uzatmaq olar, lakin fikrimcə, ehtiyac yoxdur. Çünki əsas səbəblər məhz bunlardır.

Bir sözlə, istisna deyil ki, növbəti aydan dollar yenə bahalaşmağa başlayacaq. Lakin əvvəlki tempdə yox. Bu barədə bir az sonra...

Ona görə də, vətəndaşlarımıza bunları məsləhət bilirəm.

Əvvəla, birmənalı şəkildə demək istərdim ki, əlinizdə olan vəsait yalnız cari xərclər üçün yetərlidirsə, heç nəyi heç vaxt dollara dəyişmək lazım deyil. Buna heç bir lüzum yoxdur. Belə ki, bu gün 200 manata ala biləcəyiniz bir şeyi və yaxud həyata keçirə biləcəyiniz işi dolların sabah lap 10 dəfə yüksələrək, 2000 manat olacağını bilərək, əlinizdəki 200-ü qabaqcadan dollara dəyişib sabah 2000 manat “qazanmaq” istəsəniz də belə, yenə nəzərdə tutulandan artıq heç nə əldə edə bilməyəcəksiz. Yəni ki, bu gün 200 manata alına bilən bir məhsul və görülən iş, dollar sabah bahalaşıb 2000 manat olsa da, yenə məhz elə həmin 2000 manata başa gələcək...

İkincisi, yox əgər, əlinizdə məsələn, ən tezi 2018-ci ildə görmək istədiyiniz bir iş üçün vəsait varsa, onda o pulu məsləhətdir ki, əgər manatladırsa dollara dəyişəsiz və yaxud dollardadırsa, elə məhz onda saxlayasız. Yəni, azı 1 il sonrakı planlarınız üçün vəsaitinizi dollarda saxlamaq məsləhətdir. Belədə manat bahalaşaraq lap 0,78 qəpiyə ensə də belə, dolları yenə manata çevirməyin.

Və nəhayət, üçüncüsü... Manat/dollar məzənnəsi ilə əlaqədar ümumiyyətlə, bir cəhəti bilmək, yadda saxlamaq və agah olmaq lazımdır ki, manat bundan sonra gah bahalaşacaq, gah da ki, ucuzlaşacaq. Bunu birdəfəlik qəbul edək. Manatın dəyəri heç vaxt 2015-ci ilin fevralın 21-i tarixinədək olduğu kimi bir nöqtədə donub qalmayacaq. Çünki həmin dövr artıq arxada qaldı. Yəni, manat müəyyən ay ərzində sürətlə ucuzlaşacaq, digər ay ərzində isə bahalaşacaq. Biz, həmişə bunun şahidi olacağıq!


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti