Xarici qurumların manata dair proqnozları doğrulacaqmı? - TƏHLİL

Xarici qurumların manata dair proqnozları doğrulacaqmı? - TƏHLİL
  28 Fevral 2017    Oxunub:7584
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2019-cu ilin sonuna kimi manatın ABŞ dollarına qarşı orta məzənnəsinin 1,89 AZN/USD səviyyəsində qalacağını proqnozlaşdırıb. Hesabata əsasən, yaxın 3 il ərzində dünya bazarlarında “Brent” markalı neftin orta illik qiyməti ilə də bağlı proqnoz açıqlanıb. 2017-ci ildə neftin orta qiymətinin 1 barelə görə 45, 2018-ci ildə 55, 2019-cu ildə isə 60 dollar olacağı bildirilib.

Yeri gəlmişkən, Amerikanın “Fitch Ratings” korporasiyası “Standard & Poor’s” və “Moody’s” adlı qurumlar ilə birgə “böyük üçlük” kimi tanınan beynəlxalq reytinq agentlikləri sırasına daxildir. Adı çəkilən qurumun əsas funksiyasına isə dünya kredit bazarları üçün mövcud təklif və ödəmə qabiliyyətləri üzrə müvafiq qiymətləndirmələr və bu sahədə analitik tədqiqatlar, nəticələr və məlumatlar hazırlamaq daxildir.

“Fitch” ölkəmizə dair başqa proqnozlar da verib. Lakin manatın dəyəri daha çox maraq kəsb etdiyindən, məhz bunun üzərində dayanmaq istəyirəm. Belə ki, manat dollara nəzərən orta məzənnəsi görəsən, doğrudanmı həm bu il ərzində, gələn il və hətta, 2019-cu il ərzində də 1,89 azn səviyyəsində qalacaq?! Bu, nə dərəcədə mümkündür?!

Əslində, pis proqnoz deyil. Əgər, nəzərə alsaq ki, hazırda kurs elə bu həddədir, demək, valyuta bazarında yaxın 3 ildə sabitlik yaranacaq. Ancaq, burada bəzi nüanslar var. Onlardan biri və birincisi də ondan ibarətdir ki, istənilən xarici qurumun və yaxud reytinq ağentliyinin bu və ya digər məsələ barədə irəli sürdüyü proqnoz nisbi xarakter daşıyır. Onlar yalnız, mövcud vəziyyətə dair rəy söyləyə bilərlər ki, bu sahədə qiymətləndirmə daha real doğru xarakter daşımaq iqtidarındadır.

Adı çəkilən beynəlxalq reytinq agentliyinin də manatın orta məzənnəsi haqda söylədiyi proqnoza hesab edirəm xüsusən, bu cür prizmadan yanaşmaq lazımdır. Ona görə ki, burada söhbət, təkcə bu il ərzindən deyil, gələn il də daxil olmaqla, 2019-dan gedir. Halbuki, bu ilin hətta ikinci yarısında belə, dünya iqtisadiyyatında nə baş verəcəyini söyləmək çətindir. Çünki, qlobal iqtisadiyyatda rəqabət getdikcə güclənir. Dünyanın iqtisadi gücləri arasında biri-birilərindən kənarlaşma, bütövlükdə proteksionist siyasət elementləri getdikcə genişlənməkdədir.

Məsələn, götürək, neftin qiymətini. OPEC hasilatı azaltmaq yolu ilə qiymətləri qaldırmaq siyasəti yürüdür ki, ABŞ isə getdikcə, bazarlara daha çox həcmlərdə xam neft neft çıxarmağa başlayır. OPEC rəhbərliyi bir neçə gün öncə bəyan etdi ki, bazarlarda təklif geniş xarakter daşıyan vaxtdan bəri, izafi neft həcmi qalıb. Və nə qədər ki, həmin bu izafi neft həcmi mövcud olaraq qalacaq, qiymətlərin də hələ istənilən səviyyədə artmayacağı ilə razılaşmaq gərəkdir. Bəs, həmin o izafi neft bazardan çıxdıqca, məgər, Amerika şist nefti onun yerini doldurmayacaqmı? Yəni, ortada bu kimi məsələlər var...

Amma bir həqiqət mövcuddur ki, neft 40 dollara düşən deyil. Çünki bu qiymət, ABŞ-da neft hasilatı üçün sərfəli deyil. Üstəlik, Avropa İttifaqı iqtisadiyyatında stabillik yarandığı müşahidə edilir ki, bu özü də müsbət faktordur. Çində də istehlak bərpa elementləri nümayiş etdirmək istəyir. Bütün bunlar o deməkdir ki, tələbat artacaq. Odur ki, kəskin bahalaşma olmayacaqsa da, neft 40 dollara düşməyəcək. Və bu, bizim manat üçün də sərfəli olacaq. Yəni, hələ keçən ilin sonlarından etibarən, bu il manata kənar təzyiq elementlərinin əvvəlkitək güclü xarakter daşımayacağı bəlli idi.

Sözün qısası, manatın bilavasitə cari il ərzində 1,80 azn ətrafında dəyərə sahib olacağı dəqiqdir. Ancaq, növbəti illərdə isə manatın dəyərində təkcə neft deyil, başqa məhsulların da rol oynayacı faktoru reallaşarsa, vəziyyət əslində, daha yaxşı olacaq.

Bu yerdə bir məqama da toxunmaq yerinə düşər. Keçən il “Standard & Poor’s” reytinq agentliyinin elə bu vaxtlar ölkəmizin reytinqini aşağı salmasına dair yazımda qeyd etmişdim ki, ümumiyyətlə əgər, hər hansı bir agentlik bu və ya digər ölkəyə münasibətdə reytinqi onun real iqtisadi vəziyyətinə və bu sahədə daxili imkanlarına hesablanan mövcud dayanıqlıq səviyyəsinə görə deyil, məhz xaricə ixrac etdiyi xammalın dünya bazar qiymətlərinə əsasən verirsə, elə təkcə bu özü, qeyri-səhih yanaşmadır. O səbəbdən ki, ölkəmizin real iqtisadi qabiliyyəti əgər, sırf xarici amillərə görə hesablanır, müəyyən edilirsə, onda bu cür reytinqlərin verilməsinin hansı məqsədə xidmət etdiyi məsələsi istər-istəməz sual altına düşür.


Pərviz Heydərov
AzVision.az üçün


Teqlər:





Xəbər lenti