Qarabağda “Qorb” əməliyyatı: Aeroport necə işğal edilib (Araşdırma+Fotolar) - II Yazı

Qarabağda “Qorb” əməliyyatı: Aeroport necə işğal edilib (Araşdırma+Fotolar) - II Yazı
  28 Fevral 2017    Oxunub:52448
(Yazının əvvəlini Buradan oxuya bilərsiniz)

Azərbaycan rəhbərliyinin təkidli tələbi və Viktor Polyaniçkonun (Azərbaycan Kommunist Partiyasının ikinci katibi ), general-mayor V.N. Safonovun (Komendant saatının rəisi) göstərikləri dəstək nəticəsində aeroport Azərbaycanın Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) nəzarəti altına keçir. S.Hasratyan “Qarabağ müharibəsi” adlı kitabında Xocalı aeroportunun birmənalı olaraq 1990 cı il oktyabrın 17-dən etibarən XTPD-nin nəzarəti altına keçməsini bildirir.

“...Xocalıda ilk dəfə 1990-cı ildə demək olar ki, bir ay qaldıq. İkinci dəfə, orada 1990-cı ilin dekabr və 1991-ci ilin yanvar ayında oldum. Bu, dəqiq yadımdadır. Çünki yeni ili Xocalı aeroportunda qarşılamışam. Amma biz əsasən, Xocalının özündə qalırdıq. Gündüzlər Xocalı aeroportunda pasport rejimini həyata keçirirdik. Ermənistandan ermənilər Qarabağa gəlmək üçün yeganə yol olan bu aeroportdan istifadə edirdilər. Nə aparmaq, nə gətirmək ola bilər, bununla bağlı siyahı vardı və biz erməni sərnişinlərin nə aparıb-gətirməsinə bu siyahı əsasında nəzarət edirdik. Aeroportda 9 nəfərlik dəstələr bir ay olmaqla növbə çəkirdi. Orada Əlif Hacıyevlə tanış oldum. O, həm Xocalı polisinə rəhbərlik edir, həm də Xocalı aeroportunun komendantı idi. Çox cəsur insan idi.”- deyə 1992-ci ilə qədər XTMD sıralarında döyüşmüş Elçin İsmayılov bildirir.

Araşdırmalara görə, aerportun nəzarətimizə keçməsi, daha sonra SSRİ Daxili İşlər Naziri Vadim Bakatovla razılaşdırılıb. Aeroportun təmamilə nəzarətimizə keçməsi Ermənistanın Yak-40 təyyarələrinin istifadəsindən təmamilə imtina etməsinə səbəb oldu və ermənilərin ümidi yalnız əlverişli ərazidə məcburi enişlər edən helikopterlərə qaldı. Bildirim ki, general Safnovun zamanında yalnız Qarabağda deyil, Ermənistanla sərhəddə belə keşikçi məntəqələri yerləşdirilib.

Ehtiyatda olan hərbçi, həmin zaman Əfqanıstan Veteranlar birliyinin sədr müavini olan Tarlan Eyvazov aeroporta XTPD-nin nəzarətini bu şəkildə xatırlayır:
“Xocalı aeroportu XTPD-ə qədər də həm erməni, həm rus, həm də Azərbaycan polisi tərəfindən mühaifəzə olunudu.1990-cı ilin payızında Təşkilat Komitəsi, Azərbaycan DİN və digər qurumlar tərəfindən xüsusi əməliyyat hazırlandı.Təssəvür edin ki, biz 4 nəfər Əfqanıstan Müharibəsi veteranları cəmiyyətini fəalları Xankəndində, Vilayət Partiya Komitəsində olsaq da, bu əməliyyatın keçiriləcəyindən xəbərsiz idik. Çünki bu çox məxfi saxlanılmışdı. Həmin gün səhər biz Bakıya uçmalı idik. Aeroporta yaxınlaşarkən tam fərqli geyimli silahlı qarayanız hərbiçiləri gördükdə əvvəl şaşırdıq, sonra isə öz əfqanlarımızdan birini tanıyıb sevindik. XTPD orda olduğu müddətdə aeroportun mühafizəsini çox peşəkarlıqla həyata keçirdi. Daha biz ora gələndə heç kəsdən qorxmadan ağayana hərəkət edirdik. Həmin ərəfələrdə Xocalı gənclərindən bir çoxunu polis orqanlarına işə cəlb etmişdilər.Bu əməliyyatda onlar da iştirak edirdilər”.

Təbii ki, aeroportun azərbaycanlıların nəzarəti altına keçməsində şəhər daxilində yaradılmış milis bölməsinin də təsiri olub. Belə ki, 1990-cı ilin mayında Xocalıda Sabir Məmmədovun başçılığı altında yaradılmış milis bölməsi cəmi bir sahə müvəkkili olmasına baxmayaraq, ətrafına sakinlərdən ibarət 58 nəfər şəxsi heyəti toplaya bilir. Əldə edilən məlumatlar isə, operativ bir şəkildə DQMV Dİİ-nin rəis müavini polkovnik Sadir Məmmədova və daxili işlər naziri Məhəmməd Əsədova məruzə edilib.

Sabir Məmmədov milis bölməsinin sərəncamına vilayətin daxili işlər idarəsinin rəisi general-mayor Kovalyovun göstərişi ilə iki ədəd vaqon verildiyini bildirir:
“Vaqonları ermənilərin istehkamları görünən yerdə, Xocalı aeroportunun yaxınlığında hündür bir təpəndə qoydurdum. Lazımi texniki avadanlıqlar da quraşdırdım. Biz oradan həm erməni postlarını, həm aerportu, həm də uçuş zolağına enən təyyarələri ciddi nəzarətdə saxlayırdıq”.



Milis bölməsinin yaradılması Xocalı aeroportunda xətt daxili işlər bölməsinin yaradılması ilə nəticələndi. Yeni yaradılmış bölməyə mayor Nəsib Mustafayev (N.Mustafayev bundan əvvəl Ağdam RPŞ-də azyaşlılar üzrə rəis olub) rəis təyin edildi. Bölmənin tərkibində İlham Qarayev (snayper), Yelmar, Əbülfət və s. kimi güclü döyüşçülər və 4-5 nəfərə qədər milis işçisi olub. Azərbaycan hüquq mühafizə orqanları da aeroporta daxil olduqda bölmənin şəxsi heyəti 4-5 nəfərdən ibarət olub. Bunlarla yanaşı aeroport daxilində sovet qoşunlarının silahlı qüvvələri, gündəlik nəzarət üçün DTK-nın bir polkovnik-leytinantı və DTK-nın Xankəndi bölməsindən olan erməni nümayəndələri olub. Xətt daxili işlər bölməsi yaradıldıqdan sonra isə, qismən də olsa Nəsib Mustafayev pasport rejimini tətbiq edə bilib.

1990-cı ilin dekabrında yenidən daxili işlər orqanlarına işə bərpa olunan Əlif Hacıyev Nəsib Mustafayevdən sonra aeroportun xətt daxili işlər böməsinə rəis təyin edilir. Bundan sonra aeroport daxilində milislərin sayı artırılaraq, şəxsi heyəti 21 nəfərə çatdırılır. Daha sonra, qəti şəkildə pasport rejimi tətbiq edilir və Ermənistandan gələn erməni vətəndaşlar Qarabağın dağlıq hissəsinə buraxılmadan növbəti reyslə yenidən Ermənistana yola salınırdı. Aeroportunun kommendantı vəzifəsini də icra edən Əlif Hacıyevin və milis bölməsinin müdaxilələri nəticəsində təyyarə reysləri ilkin olaraq 8-10, daha sonra isə həftədə 1-2 reysə qədər endirilir. Gündəlik boşuna getsə belə bir reys, bəzən də iki reysdən ibarət olan Bakı reysi açılır. Bununla da, Əlif Hacıyevin fəaliyyətləri nəticəsində Xocalı aeroportu təmamilə ermənilərin nəzarətindən çıxır. Nəticədə göstərdiyi yaxşı fəaliyyətlərinə görə ona 1991-ci ilin dekabr ayında mayor rütbəsi verilir. Bakı və İrəvandan mülki əhalinin Qarabağa uçuşlarını təmin edən aeroportun fəaliyyəti, 1991-ci ildə müharibənin intensivləşməsi nəticəsində dayandırılır.

Əlif Hacıyevin aeroporta rəis təyin olunmasından sonra aeroporta gələn və onun qorunmasında sona qədər mübarizə aparan döyüşçü Nazim Hüseynov şəxsi heyət və silahlar haqqında məlumatlar verir. O, bildirir ki, Əlif Hacıyevin göstərişlərinə əsasən aeroportda köhnə yerlər təmir edilərək silah otaqlarına çevrilib:
“Öncə 21 nəfərlik şəxsi heyətin tabeliyindəki silahları saxlamaq üçün köhnə yerdə silah otağı tikildi. Silahlar oraya təhvil verilirdi. Belə ki, həmin zaman aeroportda milislər üçün 21 ədəd makarov tipli pistolet, 4 ədəd avtomatik silah, 4 zirehli jilet və 4 kaska vardı. Demək olar ki, mən ilk öncə xidmətimə başladıqda bu silahlar və bu qədər şəxsi heyət vardı. Sonradan 21 heyətə əlavə olaraq 8 ədəd 5.45 tipli avtomatlar göndərildi. Ümumilikdə, 21 nəfərin cəmi 12 silahı 21 pistoleti vardı. Daha sonra tərkibimizə Xankəndi dəmir yolundan 5 nəfər nəqliyyat milisi də əlavə edildi. Onların da müvafiq olaraq 5 ədəd makarov tipli pistoletləri vardı. Əlif Hacıyev tərəfindən aeroporta bir ədəd AQS tipli qumbaraatan gətirilmişdi ki, onun da mərmisi döyüş üçün deyil, təlim üçün idi. Heyətin tərkibində bir ədəd snayper də olub. Əlavə silah gətirmək məqsədilə Bakıya gedən Əlif Hacıyev plemyot və 8-10 nəfərlik avtomat da gətirməyə çalışdı. Lakin Ağdamda gətirilmiş silahları aparmağa çalışsaq da, onları Xocalıya gətirmək qismət olmadı.”

Bununla yanaşı, 1991-ci ilin sonundan etibarən Aqil Quliyevin başçılığı altında 21 nəfərlik dəstə Xocalıya gələrək, Əlif Hacıyevlə birgə aeroportun qorunmasında iştirak edib. Dəstədə avtomatik silahlarla yanaşı, plemyot və qrantamyot (mərmisi olmayan) olub. Daha sonra 21 nəfərdən 5 nəfər silah gətirmək məqəsdilə Bakıya gedib. Lakin, onlar Ağdama qayıda bilsələr də Xocalıya gələ bilmirlər. Məlumatlara görə, Əlif Hacıyev və Aqil Quliyevin yaxından iştirakı ilə Əsgərandan Xankəndinə getməli olan ruslara aid olan texnikanın qarşısı kəsilərək 8-10 avtomat, silah-sursat, BTR və BRDM (üzərində plemyot olub) ələ keçirilir. BTR qaytarılsa da BRDM gizlədilərək Xocalının son günlərinə qədər istifadə edilib.



Aqil Quliyevin gəlişinə qədər yuxarıda göstərilən az sayda silah və şəxsi heyət dəfələrlə aeroportda təhlükəli vəziyyətlər qarşısında qalıb. SSRİ-nin Müdafiə və Daxili İşlər nazirliklərinin, həmçinin Azərbaycan XTMD birgə keçirdiyi Çaykənd əməliyyatından sonra çoxlu sayda erməni seperatçı tərk-silah edildi. Ermənilərin həmin ərazilərdən göndərilməsi üçün ilkin məntəqələrdən biri Xocalı aeroportu idi.

“1991-ci ilin avqustun sonlarında, Çaykənd əməliyyatından sonra Xankəndinə getmək məqsədilə 28 helikopterə qədər erməni aeroporta boşaldıldı. Təxminən saat 4-5 radələrində göstəriş verildi ki, ermənilər göndərilmiş avtobuslara yığılaraq Xankəndinə buraxılmalıdır. Əlif Hacıyev bildirdi ki, burada olan ermənilərin bir dənəsi belə Xankəndinə buraxılmayacaq. Bu qüvvələr ekstremistlərdi. Onlar buraya yenidən gələrək insanların dincliyini pozacaqlar. Onlar Azərbaycan vətəndaşları deyil və İrəvana getməlidir.

Həmin zaman rusların təhlükəsizlik məqsədilə 100 nəfərə qədər şəxsi heyəti və zirehli texnikası Xocalı aeroportunda idi. Təbii ki, bizə oraya keçməyə icazə vermirdilər. Aradan sərhəd çəkmişdilər. Ermənilər digər tərəfdə, biz isə giriş qapısında idik. Həmin zaman bizdə 4 ədəd avtomat vardı. Bizimlə yanaşı XTMD-də Xocalıda idi. Nəhayət, axşam düşdü və biz ermənilərin qarşısında şlaqbaum qoydurtduq. Saat 21:00 idi. General-mayor Safanov aeroport ərazisinə gələrək bildirdi ki, ermənilər Xankəndinə buraxılmalıdır. Generala qarşı çıxan Əlif Hacıyev çıxılmaz vəziyyətdə hərbi hiylə işlətdi.O, aeroport binasında otaqların birində səsgücləndiricilərin qarşısına keçərək əmr verdi ki, filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. Artıq general Safanov və ermənilər elə hiss etdi ki, aeroport daxilində böyük bir polk var. Əlif Hacıyev bildiridi ki, əgər siz erməniləri aparmağa təşəbbüs göstərsəniz sizin də təhlükəsizliyinizə zəmanət vermirəm. Yerindəcə hər biriniz məhv ediləcəksiniz. Lakin, Safanovun özü də israr edirdi. Azərbaycan nazirlər kabinetindən generala ermənilərin göndərilməsi üçün məlumat verilsə də, Əlif Hacıyev yalnız MK-dan və Daxili İşlərdən göstəriş veriləcəyi halda erməniləri buraxa biləcəyini bildirirdi.

Bu zaman Əlif Hacıyev XTMD-nə müraciət edərək yardım istədi və onlar ərazidə taxıllıq zəmilərində bütün mövqeləri tutdular. Təxmini 18-21 nəfər xüsusi təyinatlı ilə cəmi 26 nəfər silahlı dəstəmiz vardı. Bu ərəfədə Əlif Hacıyevə MK-dan telefonla ermənilərin göndərilməsini bildirdilər. Əlifin acığı tutdu və telefonu çırpdı... Və dedi ki, bunlar axırıncı nəfərlərinə qədər Azərbaycan torpaqılarından çıxarılmalıdır. Bundan sonra səsucaldıcılarla müraciət edərək mübarizənin dayandırılmasını bildirdi.

Aeroport plasının ortasında duran Safanov Əlif Hacıyevə yaxınlaşaraq dedi. Sən mənim anamı ağlatdın. Sən sıravi bir kapitansan mən isə general mayor. Mən Əfqanıstan müharibəsini keçmiş bir şəxs kimi bir diviziyanı idarə edə və sizi burada o texnika ilə əzib, tapdaq edib keçə bilərəm... O, yenidən baxaraq dedi ki, sən bir sıravi kapitan mənim kimi generalı 4-5 saat burada saxladın... Safanov Əlif Hacıyevin çiynindən tutdu, dartdı və alnından öpərək bildirdi ki, Azərbaycan xalqı səninlə fəxr etməlidir ki, sənin kimi oğlu var. Sən bu 4 milislə mənim burda 6 saat anamı ağlatdın.”- deyə Nazim Hüseynov bildirdi.



Araşdırmalara görə, həmin zaman Xankəndindən 100-ə yaxın erməni iki avtobusla ərazinin yaxınlığına gəlir. Onlar Əlif Hacıyevin icazəsi olmayacağı təqdirdə, erməniləri aeroportdan çıxarmaq üçün hazırlıqlara başlayırlar. Hətta bu ermənilərin ratsiya danışıqlarında da aydın şəkildə eşidilirdi. Nəticə etibarı ilə, ermənilər axşam saat 21:00-a kimi aeroportu tərk etmək üçün azərbaycanlılara vaxt verirlər. Lakin onlar özləri də bilmədən XTMD -nin mühasirəsinə düşürlər...

Aeroportu müdafiə etməklə yanaşı, komandirlər gücləri çatdığı qədər digər bölgələrə də qüvvələr göndərməyə çalışırdılar. Belə ki, aeroportun işğalına yaxın Malıbəyli, Quşçular və Qaradağlı kimi önəmli starteji ərazilər işğal edildi. Vaxtilə Meşəliyə yardım edən aeroport heyəti Malıbəyli və Quşçuların işğalı zamanı da kəndlərə əhəmiyyətli şəkildə kömək edib. Aqil Quliyevin başçılığı altında əhalinin kəndlərdən çıxarılmasına kömək məqsədilə Həsənabad istiqamətində əməliyyat aparılıb. Bu əməliyyat nəticəsində erməni qüvvələri daxilində çaşqınlıq yarandı və ən əsası isə onlar arasında baş verən döyüş zamanı əhalinin çıxarılmasında vaxt qazanılıb.

“O, zaman Əlif Hacıyev göstəriş vermişdi ki, aeroport qorunmalıdır. Çünki ermənilər bu hissəyə də hücum edə bilərdilər. Razılaşdırıldı ki, Aqil Quliyevin başçılığı ilə 11-12 nəfərlik dəstə Həsənabad istiqaməti tərəfə hücum etsin. Əsas məqsəd ermənilərin başını qatmaq və Malıbəyli camaatının çıxarılmasına yardım etmək idi. Əməliyyat zamanı 1 nəfər şəhid oldu, 3 nəfər yaralandı. Aqil Quliyev də həmin döyüşdə yaralandı. Azay Kərimovun etdiyi manevr məxfi saxlanıldı, bunu heç biz də bilmədik. Sona qədər gözlədik ki, bəs niyə gəlmədilər...? Onlar bizim gözlədiyimiz istiqamətə deyil Abdal Gülablıya doğru hərəkət etdilər. Məhz bu manevr sayəsində sağ qalmağı bacardılar. Buna isə həqiqətən də professionallıq lazımdır.”- deyə Nazim Hüseynov bildirdi.

Aeroport ətrafında düşmənin fəal əməliyyatlarına qədər olan vəziyyəti ümumiləşdirərək bildirim ki, aeroportu 26 nəfər Əlif Hacıyevin xətt daxili işlər bölməsi, 16 nəfər Aqil Quliyevin könüllü dəstəsi, 9 nəfər XTMD növbətçisi, Xocalı milis bölməsi əməkdaşları müdafiə edirdi. Xankəndindən Xocalıya doğru istiqamətlənən və aeroportun yaxınlığından keçən dəmiryolu hissəsini isə Xocalı özünümüdafiə batalyonunun döyüşçüləri qoruyurdu.

(Ardı var)
Şahin Qocayev
AzVision.az



Teqlər: Qarabağ   Xocalı   Araşdırma  





Xəbər lenti