`Konyak diplomatiyası`nın 3 avroqurbanı – TƏHLİL

`Konyak diplomatiyası`nın 3 avroqurbanı – TƏHLİL
  01 Mart 2017    Oxunub:11543
Qarabağdakı cinayətkar rejimin keçirdiyi qondarma “referendum”dan sonra rəsmi Bakı qanunsuz olaraq ərazimizə gələn bir qrup şəxslə bağlı cinayət işi açdı və İnterpola sorğu göndərdi. Onların arasında Avropa Parlamentinin üç deputatı - Yaromir Ştetina (Çexiya), Frank Engel (Lüksemburq) və Eleni Teoxarus (Yunan Kipri) da var.

Avropa Parlamentinin birdən-birə 3 deputatı ilə bağlı İnterpola sorğu göndərmək son dərəcə ciddi və presedentsiz hadisədir. İndiyə qədər nə Avropa Parlamentinin, nə də İnterpolun tarixində belə bir şey olub. Əlbəttə, Azərbaycan tərəfi bunun nə demək olduğunu gözəl anlayır və orasını da bilir ki, Avropa Parlamentindəki erməni şəbəkəsi var gücü ilə ölkəmizə cavab zərbələri endirməyə çalışacaq. Bununla belə, məsələ prinsipialdır: Lapşinin həbsinə nail olmaqla Qarabağa qanunsuz gələn şəxslərin cəzalandırılması məsələsində nə qədər ciddi olduğunu göstərən Azərbaycan hakimiyyəti həmin xətti daha da möhkəmləndirmək niyyətindədir.

Hazırda hər üç şəxs Azərbaycanın bu niyyətinə guya sarkazmla yanaşdıqlarını göstərməklə məşğuldurlar, kinayəli (və açığı, bir az da qorxaq) açıqlamalar verirlər; Amma yada salaq ki, hazırda Bakıda həbsxanada olan Aleksandr Lapşin də məhz o cür başlamışdı. Ona görə, bir müddət sonra Ştetina-Engel-Teoxarus triosundan hansısa üzr istəməyə başlasa, təəccüblənməyin: Bu, ikinci mərhələ olacaq. Lapşin də məhz o cür davam etmişdi.

Yaromir Ştetinanın haqqında artıq bir dəfə geniş yazmışıq. Əlavə edək ki, qondarma “referendum”dan sonra onun özü də Qarabağa səfərinin Ermənistan tərəfindən maliyyələşdirildiyini etiraf edib. Bu fakt Avropa Parlamenti üzvünün etik davranış qaydasını kobud şəkildə pozması və maraqların toqquşmasına yol verməsi deməkdir.

Şübhəsiz ki, Qarabağa gələn Ştetinanın xərclərinin hamısı Ermənistan tərəfindən ödənilib və üstəlik, özünə ayrıca qonarar da verilib. Barəsində cinayət işi açılandan sonra o, bunu dilə gətirməklə əslində özünü ifşa edib. Yəni bəlli olur ki, Ştetinanın “demokratiya” adı altında Azərbaycana qarşı apardığı təbliğatın və qondarma rejimi təşviq etməsinin arxasında sırf maddi maraq və korrupsiya elementləri durur.



Ştetinanın bu səfəri Ermənistanın və erməni lobbisinin yürütdüyü “konyak diplomatiyası”nın tipik nümunəsidir. O, bütün müsahibə və açıqlamalarında az qala Sarqsyandan artıq ermənilik edir. Qarabağın ermənilərə verilməli olduğunu deyir, Azərbaycanın mövqeyi haqqında isə düşünmək belə istəmir. Sonra da vicdandan danışır!.. Konyakla yuyulan beyində vicdan qalmaz, cənab Ştetina! Başa düşürük, ermənilərdən aldığınız pullar sizi Azərbaycanın qanunlarını və sərhədlərini pozmağa, təxribatçı açıqlamalar verməyə həvəsləndirib. Amma siz də başa düşün ki, gec-tez hər bir şeyin əvəzini ödəmək lazım gəlir. Avropa Parlamentinin mandatı isə imtiyaz deyil, məsuliyyətdir. Qanunsuzluq, lobbizm və dezinformasiya ilə məşğul olmaq üçün isə heç kim sizə mandat verməyib!

Maddi marağın və tamahın müqabilində Avropa Parlamenti kimi qurumu manipulyasiya və lobbizm obyektinə çevirmək ilk növbədə avropalı seçicilərə və Avropa strukturlarına qarşı hörmətsizlikdir. Ona görə, hesab edirik ki, Avropa Parlamentinin etik komitəsi, Çexiyanın müvafiq hüquq-mühafizə orqanları Yaromir Ştetinanın anti-Avropa siyasətinin köklərini, anti-Azərbaycan siyasətinin isə motivlərini dərindən araşdırmalıdırlar.

Frank Engelə gəlincə, onun təmsil etdiyi Lüksemburq Bakı şəhərindən balacadır və cəmisi 500 mindən bir qədər çox əhalisi var. Azərbaycanın hakim partiyası olan YAP-ın üzvlərinin sayı bu ölkənin əhalisindən çoxdur. Ona görə də, bu cırtdan dövləti Avropa Parlamentində avantürist və marginal bir siyasətçinin təmsil etməsində təəccüblü heç nə yoxdur. Görünür o, cırtdan dövlətin böyük lobbiçisi olmaq həvəsinə düşüb.

Etiraf edək ki, ermənilər Frank Engeli ələ almaq planını düzgün hesablayıblar. Məhz cırtdan dövlətin təmsilçisi onun rahat ermənipərəstlik etməsi üçün geniş imkanlar açır. Böyük dövlətlərin təmsilçiləri istər-istəməz öz hökumətlərinin maraqlarını və mövqelərini, Azərbaycanla strateji münasibətlərini nəzərə almağa məhkumdurlar. Cırtdan dövlətin nümayəndəsi isə onlarda olmayan bir lüksə sahibdir: məsuliyyət yükü azdır. Bu, “konyak diplomatiyası”nın elçisinə çevrilməyi asanlaşdırır.



O, Ermənistanın Lüksemburqdakı fəxri konsulu kimi başlayıb, 2009-cu ildən isə anti-Azərbaycan fəaliyyətini seçildiyi Avroipa Parlamentində davam etdirib. Fəxri konsulların əsas vəzifəsi biznes və ticarət əlaqələrinin təşviq edilməsidir. Maraqlıdır: Ermənistanın Lüksemburqla hansı iqtisadi əlaqələri var? Aydındır ki, Engel fəxri konsul vəzifəsində daha çox ermənilərin nüfuz agenti rolunu oynayıb. Həmişə açıq şəkildə Qarabağın danışıqlarda iştirak etməli olduğunu bildirib, Avropa qurumlarında Azərbaycan əleyhinə tədbirlər təşkil edib, erməni lobbisinin müxtəlif aksiyalarına qatılıb... Sual olunur: Hansı pulla?

Həmin tədbirlərdən biri bu il fevralın 14-də separatçı qurumun “Ombudsman”ı Ruben Məlikyanın Avropa Parlamentində keçirilən mətbuat konfransı idi. Frank Engel şəxsən onun yanında oturmuşdu və Azərbaycanın kölgəsini qılınclayırdı.

Üstəlik, Engel Qarabağ münaqişənsindən bəhs edən “Avropanın qarşısı alına biləcək növbəti müharibəsi: Dağlıq Qarabağ” (Europe's Next Avoidable War: Nagorno-Karabakh) adlı kitabın yazılmasında da iştirak edib. Kitab başdan-başa münaqişəyə erməni yanaşmasının üzərində qurulub, onun Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi prinsipini müdafiə edən fəslinin müəllifi isə məhz Engeldir.



Göründüyü kimi, bu şəxsin faliyyəti istər Avropa Parlamentində, istərsə də öz ölkəsində ciddi araşdırılsa, yəqin, ortaya maraqlı cavablar çıxa bilər.

Eleni Teoxarusa gəlincə, Yunan Kiprinin bütün siyasətçiləri kimi qatı anti-türkçü və ermənipərəstdir. İllərdir ki, qondarma “erməni soyqırımı”nın tanınması üçün çalışır, bunu boynuna almayacağı təqdirdə Türkiyəni Avropaya yaxın buraxmamağa çağırır. Onun bu mövqeyi son bir neçə ildə təbii olaraq özünü Qarabağ istiqamətində də göstərir: Teoxarus anti-Azərbaycan bəyanatları səsləndirir və işğal altındakı torpaqlarda qurulmuş cinayətkar rejimi müdafiə edir. Ötən ilin aprel döyüşlərindən sonra Azərbaycana qarşı fəaliyyəti daha da şiddətlənib. Şübhəsiz ki, avtomatik şəkildə yox, “konyak diplomatiyası”nın təsiri ilə...



Əlbəttə, istənilən parlamentari istənilən mövzuda bəyanat səsləndirə bilər. Amma bir dövlətin BMT tərəfindən tanınmış sərhədini pozmaq artıq konkret cinayətdir. Yaxşı olardı ki, Avropa Parlamenti özü üzərindəki erməni konyakı ləkəsini təmizləsin və bu nüfuz agentlərilə bağlı ölçü götürsün. Amma indiki halı ilə AP erməni şəbəkəsinin ciddi şəkildə kök saldığı bir avrostruktur olduğu üçün yaxın perspektivdə bu, o qədər də inandırıcı görünmür. Yaxın perspektivdə bunun əksi daha realdır: mümkündür ki, Avropa Parlamentində Azərbaycana qarşı qurulan oyunlar bir az da çoxalsın. Amma bütün perspektivlər təkcə yaxına hesablanmır axı...

Vüsal Məmmədov
AzVision.az


Teqlər: #KonyakDiplomatiyası   #AvropaParlamenti   #Qarabağ   #Ştetina   #Engel   #İnterpol  





Xəbər lenti