Pensiya islahatı: Yaşı artırmaq 98 təklifdən yalnız biridir – TƏHLİL

Pensiya islahatı: Yaşı artırmaq 98 təklifdən yalnız biridir – TƏHLİL
  03 Mart 2017    Oxunub:5694
Son günlər “Əmək pensiyası haqqında” qanununa edilməsi gözlənilən dəyişikliklərdən biri - vətəndaşların pensiya yaşlarının artırılacağı haqda məsələ ciddi müzakirə obyektinə çevrilib. Halbuki, bu, qanuna ediləcək 98 dəyişiklikdən yalnız biridir.

Təklifə görə, kişilər üçün pensiyaya çıxmaq üzrə yaş həddi 2021-ci ilə, qadınlar üçün isə 2027-ci ilə qədər olmaqla hər il 6 ay müddətinə artırılaraq, 65-ə çatdırılmalıdır. Bunu, 2017-ci il iyulun 1-dən qüvvəyə mindirmək nəzərdə tutulur. Bu məsələnin kökündə əslində, nə dayanır?

Ölkədə vətəndaşların pensiyaya çıxmaq yaşlarının artırılması məsələsi əslində, çoxdan müzakirədədir. Yəni, indi ordaya atılmayıb. Belə ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) rəhbərliyi tərəfindən hələ 2-3 il öncədən, gələcəkdə Azərbaycanda vətəndaşların pensiyaya çıxmaq yaşlarını artırmaq barədə müvafiq islahat aparılmasına ehtiyac olduğu haqda açıqlamalar verilmişdi. Və bu, hələ onda da çox ciddi ajiotaj yaratmışdı.

Pensiya yaşının qaldırılması mövzusu təkcə bizdə aktual deyil. Diqqət yetirsək, hansı ölkə iqtisadi və maliyyə çətinlikləri ilə üzləşirsə, həmin ölkələrin hökumətləri tərəfindən dərhal gündəliyə çıxarılan 2-3 məsələdən biri məhz bu olur. Avropa ölkələrində bu mövzu həmişə aktual olub. Bir ara Avropa İttifaqı (Aİ) Yunanıstana, İtaliya və Portuqaliyaya görə iqtisadi və maliyyə cəhətdən lap pis vəziyyətlə üzləşmişdi. Və həmin vaxt Almaniyanın kansleri Angela Merkel Aİ ölkələrində pensiya yaşını qaldırılmağı təklif etmişdi. Çünki Aİ-də yaranmış böhranla əlaqədar əksər ölkələrdə sosial xərcləri azaltmaq tələb olunurdu. Merkel də fikrini bununla əsaslandırmışdı ki, məsələ Avropa ölkələri üçün olduqca vacib sayılır. Kanslerin təklifinə əsasən, bütün Avropa ölkələrində qadın və kişilərin pensiyaya çıxmaq yaşları 67-dən ibarət olmalı idi.

Ölkədə vətəndaşların pensiyaya çıxmaq yaşlarını artırmaq məsələsi əvvəllər müzakirə olunanda yazmışdım ki, 2025-ci ilədək bu məsələyə baxılmasına ehtiyac yoxdur. Perspektivdə Azərbaycanda pensiya yaşını artırmaq barədə islahat aparmağın isə həqiqətən də vacib olduğunu göstərmişdim. Niyə?

Birincisi, bu gün bizdə büdcə təşkilatlarında çalışanların fəaliyyət müddəti 65 yaşa qədərdir. İkincisi, həm neftin qiymətlərinin enməsi fonunda, həm də ümumiyyətlə, gələcəkdə DSMF-in maliyyə dayanıqlılığını təmin etmək baxımından bu, olduqca vacib məsələdir. Üçüncüsü isə, insanların istehsalatda peşə fəaliyyətləri müddəti ilə pensiyaya çıxmaq yaşları arasında həqiqətən də müəyyən uyğunluq yaradılmalıdır. Ancaq bütün bunlar təkcə, pensiya yaşının artırılması ilə həllini tapa bilməz.

DSMF-in maliyyə dayanıqlılığının təmin olunması məcburi dövlət sosial sığorta ayırmaları üzrə və o cümlədən, digər daxilolmalardan asılıdır ki, bunu bilavasitə vətəndaşların pensiyaya çıxmaq yaşlarının həddi ilə əlaqələndirmək düzgün deyil. Hazırda Fondun vəsaitləri həm hər ilin dövlət büdcəsindən transfert, həm də məcburi dövlət sosial sığorta ayırmalarından əldə olunan vəsait hesabına toplanır ki, ikinci üzrə daxilolmalar əgər qənaətbəxş səviyyədə olarsa, birinciyə əslində, heç bir ehtiyac qalmaz.

Fondun xərclərinin 95%-dən çoxu əmək pensiyalarının ödənilməsinə gedir. Bu isə o deməkdir ki, DSMF-ın yükü çox ağırdır. Bir tərəfdən pensiyaya çıxanların sayının sürətlə artması, digər tərəfdən isə ödənilən pensiyaların istənilən səviyyədə olması üzrə tələb, təkcə Fondun öhdəsindən gələ biləcəyi iş deyil.

Ölkədə həm məcburi dövlət sosial sığorta ayırmaları üzrə ödənişlərin həcmi durmadan artmalıdır, həm də vətəndaşların pensiya, ümumiyyətlə sosial müdafiəsi ilə bağlı tədbirlər ilə özəl qurumlar da məşğul olmalıdırlar. Yəni, pensiya məsələsinə kompleks yanaşmaq lazımdır.

Bəli, razıyam ki, heç kimin gələcəkdə alacağı pensiya məbləğində bir başqasının əməyi, yəni sosial sığorta ödənişi yer almalı deyil. Bu, ədalətsizlikdir. Və hər kəs işlədiyi müddətdə ödədiyi vergiyə əsasən pensiya almalıdır. Ancaq buna əksəriyyətin hazırkı əməkhaqqı səviyyələri imkan yaradırmı?!

Yəni, hər bir vətəndaşın - işçinin gələcəkdə alacağı pensiyanın yaxşı məbləğdə olması üçün onun real olaraq aldığı əmək haqqından tələb olunan səviyyədə sosial sığorta haqqı ödənməlidir. Bunun üçün isə sözsüz ki, maaşlar yüksək məbləğdə olmalıdır.

Odur ki, DSMF-ın xərclərinin azaldılması və gəlirlərinin çoxaldılması məqsədi güdülürsə və buna nail olmaq istəyiriksə, təkcə pensiyaya çıxmaq yaşını uzatmalı deyil, qanunsuz yolla pensiyaya çıxma hallarını tamamilə aradan götürməli, sığorta ödənişlərinin həm şaquli, həm də üfiqi artırılmasın da təmin etməliyik.

Ümumiyyətlə, ölkədə pensiya islahatının birinci şərtini qanunsuz yolla pensiyaya çıxma hallarının aradan götürülməsi təşkil etməlidir. Özünə xəstəlik adı alıb, “zəhərli sahədə çalışmışam” deyib, pensiyaya çıxanların sayı təəssüf ki, minlərlədir. Hələ yalandan üstünə əmək stajı yazdıranları demirəm! Sonra da deyirik ki, pensiyaları artırmağa pul çatmır...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Pensiya   #SosialTəminat   #Qanun   #DSMF  





Xəbər lenti