Mehman, xana: Qərbin onu müdafiə etməyə sifəti olacaqmı? – TƏHLİL

Mehman, xana: Qərbin onu müdafiə etməyə sifəti olacaqmı? – TƏHLİL
  03 Mart 2017    Oxunub:69200
Lap səmimi danışsaq, Mehman Hüseynovun 147.2 maddəsilə həbs edilməsi üçün əslində heç bir araşdırmaya ehtiyac da yox idi – media ilə az-çox əlaqəsi olan istənilən şəxs sizə onun yaydığı böhtanlar haqqında saatlarla danışa bilər. Özü də, bu, hələ işin ancaq bir tərəfidir. Mehman internetdə onun paylaşdıqlarına etiraz edən qadınlı-kişili hər kəsi ağır şəkildə təhqir edirdi. Buna görə, işə lap rahatca 148-ci maddəni də əlavə etmək olardı. Görünür, məhkəmə “blogger”ə qarşı humanist davranmaq istəyib.

“Blogger” kimdir? Prinsipcə sosial şəbəkədə bir neçə min aktiv izləyicisi olan hər kəsi rahatca blogger saymaq olar. Sosioloqlar deyirlər ki, hər insan bildiyi informasiyanı azı 4 nəfərlə bölüşür. Demək, sosial şəbəkədə bir şəxsin yazdığını məsələn, 5000 nəfər görsə, bu, 20.000 nəfərlik auditoriyaya çıxış deməkdir. Kifayət qədər ciddi rəqəmdir və sosial şəbəkə istifadəçilərindən məsuliyyətli olmağı tələb edir. Hansısa istifadəçinin “blogger” adlandırılması onu əsla bu məsuliyyətdən sığortalamır.

Bloggerlik – immunitet deyil; nə “blogger”, nə də “jurnalist” adı onu daşıyana toxunulmazlıq hüququ verir. Onlar da hamı kimi yaşadıqları dövlətin qanunlarına əməl etməlidirlər, əks halda məsuliyyətə cəlb olunacaqlar. Problem o zaman çıxır ki, bu mövzu siyasi spekulyasiya alətinə çevrilir.

Jurnalist də, blogger də insandırlar, onlar da kiminləsə dalaşa, təhqir edə, xuliqanlıq törədə, böhtan ata və nəticədə tamamilə haqlı şəkildə cəzalandırıla bilərlər. Amma bu zaman siyasi maraqları güdən müxtəlif beynəlxalq qurumlar “filan ölkədə jurnalist/blogger həbs olundu, orada söz azadlığı pozulur...” şəklində kampaniyaya başlayacaqlar. İndi nə edək? Anqajə olunmuş blogger sağa-sola təpik ata-ata getsin, qabağına çıxanı söysün, böhtan atsın, təhqir etsin və heç kim də ona toxunmasın ki, hansısa sərhədsiz reportyorlar pusquda dayanaraq, fürsət gözləyir?

Mənzərəni tam görmək üçün bir boylanıb dünyaya baxın. “Mapping Media Freedom”un hesabatına görə, 2016-cı ildə dünyada jurnalistlərə qarşı 1387 təzyiq və məhdudlaşdırma halları olub. 9 jurnalist öldürülüb, 347-si həbs olunub. Əsas məqam odur ki, bu hadisələrin çoxuna heç siyasi don geyindirilmir.

Donald Tramp iqtidara gələndən sonra ABŞ-da qanunsuz etiraz aksiyalarında iştirak etdiklərinə görə 6 jurnalist həbs olunub: Aron Cantu, Jack Keller, Shay Horse, Evan Engel, Alexander Rubinstein və Matthew Hopard. Onlar özləri ittihamları rədd edərək, sadəcə, aksiyaları işıqlandırmaq istədiklərini bildirirlər. Yerli hüquq müdafiəçiləri də iddia edir ki, jurnaistlər hadisə yerində ancaq öz işlərini görüblər. Amma nəyə görəsə, “ABŞ-da söz azadlığı pozulur” kampaniyasına rast gəlmirik...

Ötən il Niderlandda kriminal hadisələrdən yazan blogger Martin Kok maşınında güllələndi. Cinayət yerli mafiyanın üstünə yazıldı və siyasiləşdirilmədi. İsveçdə 3 jurnalist vəzifə borcunu yerinə yetirərkən öldürülüb. SerbiyaXorvatiyanın hərəsinin payına bir jurnalist qətli düşür.

Fransada müdafiə naziri Jan İv Le Drian (Jean-Yves Le Drian) məşhur “Le Monde” qəzetinin məsuliyyətə cəlb olunması üçün cinayət araşdırması başlatdı. Guya qəzet Fransa xüsusi xidmət orqanlarının Liviyada keçiriyi əməliyyatın gizlinlərini açıbmış.
Tanınmış xanım jurnalist Florence Hartmann isə yazdığı kitabda Srebrenisa soyqırımı ilə bağlı məxfi sənədləri dərc etdiyi üçün həbs edildi. Məsələ yenə də siyasiləşdirilmədi.

Türkiyədə ötən il FETÖ ilə işbirliyində olduğu güman edilən 225 jurnalist saxlanıldı və onlardan 125-i həbs olundu.

Monteneqroda araşdırmaçı jurnalist Jovo Martinoviç “silah və narkotik maddə saxladığına” görə həbs edildi.

İtaliyada ötən il jurnalistlərə qarşı 18 cinayət işi açılıb. İspaniyada “Prisa Group”un rəhbəri Xuan Luis Sebrian böhtana görə “El Confidencial” onlayn qəzetini məhkəməyə verərək, €8.2 milyon tələb edir. Sayt onun “Panama sənədləri” ilə bağı olduğunu iddia etmişdi. Bu halda söhbət elə böhtan kimi də qəbul olunur, Mehman Hüseynovun yazdıqlarına gələndə isə böhtan dönüb nəsə başqa bir şey olacaq.

Ümumilikdə, ötən il Avropanın 41 ölkəsində 51 jurnalist həbs olunub. Amma siz “Avropada söz azadlığı boğulur” deyə hay-küy salan Qərb dövləti, yaxud beynəlxalq QHT gördünüzmü heç?! Görməzsiniz, çünki nəyə görəsə, orada olanda bu, qanunun aliliyini göstərir, bizdə olanda isə qanun pozuntusu kimi qələmə verilir.

Səmimi deyim ki, mən Mehman Hüseynovun həbsinin tərəfdarı deyiləm. Çünki indi bir tərəfdən, bu avaranı qəhrəmana çevirəcəklər, ikinci tərəfdən isə “içəridə” olan Mehman Azərbaycanın imicinə daha böyük zərbə vurur. O, radioaktiv tullantı kimi bir şeydir: nəsə etməyəndə ətrafa radiasiya yayır, edəndə isə başağrısına çevrilir.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: #MehmanHüseynov   #SözAzadlığı   #Blogger  





Xəbər lenti