Pul bazası niyə azalır? – TƏHLİL

Pul bazası niyə azalır? – TƏHLİL
  07 Mart 2017    Oxunub:7888
Ölkədə pul bazası azalmaqda davam edir. Belə ki, bu il martın 1-nə sözügedən göstərici 6.987 milyard manat təşkil edib. Mərkəzi Bankın (AMB) son məlumatına əsasən, bu, 1 ay əvvəl ilə müqayisədə 344,7 milyon manat və ya 4,7% az deməkdir. İlin əvvəlinə nisbətən isə qeyd olunan göstərici 873,5 milyon manat və yaxud 11,11% az təşkil edib. Ancaq son 1 ildə isə 598,5 milyon manat və yaxud 9,37 % artıb.

Məlumdur ki, AMB məlum vəziyyətlə əlaqədar olaraq keçən il və ondan əvvəlki il də daxil olmaqla, artıq bir müddətdir, sərt pul-kredit siyasəti yeridir. Bunun isə əsas məğzi məhz dövriyyədə nəğd pul kütləsini azaltmaqdan ibarətdir. Məqsəd inflyasiya səviyyəsinin yüksəlməsinin qarşısını almaq, ölkədə dollarizasiya prosesini cilovlamaq, manatın məzənnəsinin daha sürətlə ucuzlaşmasını məhdudlaşdırmaq sayılır. Buna misal olaraq, uçot dərəcəsini göstərmək olar.

AMB-in mərkəzi kredit resursları üzrə qiymət səviyyəsini müəyyən edən uçot dərəcəsi 2010-cu ilin oktyabrın 31-dək 2%, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, 2015-ci ilin iyulun 13-ü tarixdən 3% təşkil edirdisə, keçən ilin fevral ayının 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15% səviyyəsində müəyyən edilib. Sonuncu dəfə uçot dərəcəsi 15%-lik səviyyədə 2008-ci ilin iyun ayının 8-də təsbit edilmişdi.

Yeri gəlmişkən, “pul bazası” dedikdə, pul kütləsinin AMB tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur ki, onun tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının AMB-dəki müxbir hesablarının qalıqları) daxil hesab olunur. Cari ildə bayaq qeyd etdiyim məqsədlər naminə AMB tərəfindən pul bazasının həcmini azaltmaq istiqamətində fəaliyyəti daha da gücləndirilmiş xarakter daşıyır. Çünki bu, AMB-nin 2017-ci il üçün pul siyasətinin əsas istiqamətlərinə dair Bəyanatında da qeyd edillmişdi.

Sözügedən bəyanatda qeyd edilmişdi ki, əlverişsiz qlobal iqtisadi konyunktur və iqtisadiyyatın struktur transformasiyası şəraitində makroiqtisadi sabitliyin təmin edilməsi 2017-ci ildə Mərkəzi Bankın qarşısında duran ən mühüm vəzifə təşkil edəcək. Odur ki, ilin əvvəlinə nisbətən nağd pul kütləsi həcminin 873,5 milyon manat və yaxud 11 %-dən çox azalması təbii qarşılanmalıdır. Və bu proses demək olar ki, bu il bütün il ərzində davam edəcək. Şübhəsiz ki, bəzi aylarda dəyişik tendensiyalar müşahidə edilməklə...

O ki qaldı, pul kütləsinin son 1 ildə 598,5 milyon manat və yaxud 9,37% artması faktına, bu, keçən il ərzində cüzi də olsa bəzi istiqamətlərdə əməkhaqqı və bir sıra sosial ödənişlərlə bağlıdır. Belə ki, anoloji addımlar atılanda istər-istəməz dövriyyəyə əlavə pul kütləsi çıxmalı olur. Ancaq, ümumi yeridilən siyasət və yaxud müvafiq kurs daxilində bu, “əriyib axıb” gedir... Yəni, rəqəmlərdəki fərqlilik ümumi müqayisədə belədir. Faktiki olaraq isə temp azalmağa doğru inkişafdadır.

Bəziləri qeyd edirlər ki, bu, ölkə iqtisadiyyatında inkişafı buxova alır. Guya, çox geniş iqtisadi aktivlik mövcuddur və odur ki, AMB tərəfindən nağd pul kütləsinin məhdudlaşdırılması siyasəti də buna mane olur. Sözsüz ki, bu, tamamilə cəfəng fikirdir.

Əvvəla, bank sektoru çox pis vəziyyətdədir. Belə ki, birincisi, nə kredit verməyə imkanları var, ikincisi də nə də ki, verdikləri kreditləri geri almaq... Bundan əlavə, ölkədə işgüzar aktivlik üçün də müvafiq stimul yoxdur. Biznes şəraiti üçün obyektiv olaraq, əlverişli şərait mövcud deyil. Banklar krediti kimlərə və nədən ötrü versinlər?! Krediti hansı pul ifadəsində versinlər?!

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin bu ilin yanvarın 10-da keçirilən iclasında qeyd etdi ki, 2016-da iqtisadiyyatımıza ən böyük zərbə vuran məhz bank sektoru oldu. Odur ki, hazırda vəziyyət belədir ki, fəaliyyətləri tamamilə “tıxacla” üzləşdiyindən bankların əksəriyyəti xaricə olan öhdəliklərini maksimum dərəcədə ödəməyə, başqa sözlə desəm, azaltmağa çalışmaqla məşğuldurlar. Çünki özünü “qoruyub saxlamağa” çalışan hər hansı bir maliyyə qurumu aydındır ki, ilk növbədə xaricə olan borclarını azaltmağa çalışmalıdır və çalışacaq da... Ona görə də dövriyyədə nağd pul kütləsinin azaldılması siyasəti başadüşüləndir. Bu, davam etdirilməlidir və etdiriləcək də...

Nə vaxt ki, ölkənin valyuta bazarında sabitlik yarandı, bank sektoru böhrandan çıxdı, yerli istehsalın yaranması, inkişafı və genişlənməsi üçün müvafiq stimulaşdırıcı şərait yarandı, dövriyyədə də nağd pul kütləsinin məhdudlaşdırılması siyasəti dayandırılıcaq. Çünki pul tələb olunduğu halda dövriyyəyə buraxılmalıdır, dövriyyəyə buraxılmaqla tələb yaratmalı deyil. Bu, adi iqtisadi məntiqdir. Necə ki, bir ildə, yəni 2015-ci ildə ardı-ardına 2 devalvasiya addımı ixracımızı stimullaşdırmadığı kimi, pul bazasının da lüzumsuz olaraq artırılması iqtisadiyyatımızı heç cür genişləndirə bilməz. Bunu başa düşmək üçün iqtisadçı olmaq lazım deyil, sadəcə, elementar məntiqi anlamaq gərəkdir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Manat   #İqtisadiyyat   #MərkəziBank  





Xəbər lenti