Bakıda işıqlar sönəcək
Qeyd edək ki, "Yer saatı" kampaniyası ilk dəfə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı fəsadlara yönəltməkdir.
"Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, "Yer saatı" aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır.
Hər il mart ayının son şənbə günü qeyd olunan "Yer saatı" kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq, 2015-ci ildə dünyanın 172 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulub.
WWF-in Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyi 2016-cı ilin 19 mart tarixində Bakı şəhərində "Yer saatı" kampaniyası çərçivəsində maraqlı tədbirlər və müsabiqə keçirəcəkdir. Eyni zamanda şəhərimizin ən məhşur binaları fasad işıqlarını bir saat müddətində söndürərək bu kampaniyaya dəstək verəcəklər.
AzVision.az