Sarkisyanın aprel planı: “Ermənistanı etirazlar bürüyəcək, silahlı üsyan olacaq”

Sarkisyanın aprel planı: “Ermənistanı etirazlar bürüyəcək, silahlı üsyan olacaq”
  28 Mart 2017    Oxunub:4355
Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca vəziyyət gərginləşir. Daha dəqiq desək, seçki günü yaxınlaşdıqca tərəflərin iqtidara gəlmə ehtirasları da qızışır. Ölkə müxalifəti Sarkisyan rejiminə son qoymaq üçün bu fürsəti boşa vermək istəmir və seçkiyə ciddi şəkildə hazırlaşır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, seçkilərdən sonra Ermənistanda vəziyyət daha da gərgin olacaq, hətta silahlı üsyan da gözlənilir.

“Bildiyimiz kimi, seçkidən sonra Ermənistanda əsas səlahiyyət sahibi prezident yox, parlament və baş nazir olacaq. Ona görə də çox gərgin mübarizə başlayıb. Artıq atəş səsləri eşidilir. Tərəflər bir-birlərinə qarşı sərt ittihamlar irəli sürürlər. Hesab edirəm ki, seçkidən sonra Ermənistanda küçə toqquşmaları, silahlı qarşıdurmalar baş verəcək. Serj Sarkisyan çalışacaq ki, hakimiyyəti əlində saxlasın. O, öz partiyasını müxtəlif yollarla qalib elan etməyə çalışacaq ki, hakimiyyət əlindən getməsin. 20 ildir Ermənistanda hakimiyyətə Qarabağ klanı rəhbərlik edir və bu klan ölkəni fəlakətə, uçuruma aparır. Sarkisyan yaxşı anlayır ki, hakimiyyətdən getsə, törətdiyi cinayətlərə görə yeri həbsxana olacaq. Ona görə də hakimiyyətdən iki əlli yapışıb və öz partiyasını nəyin bahasına olursa-olsun seçkidən birinci çıxarmağa çalışır. Sarkisyan təhlükəni sovuşdurmaq üçün özü də olmasa, yaxın adamını baş nazir postunda otuzduracaq. Amma, müxalifət də sakit dayanmır, etiraz dalğasını gücləndirir. Müxalifət anlayır ki, obyektiv və ya subyektiv səbəblərdən bu dəfə də parlament seçkisində məğlub olsalar, Sarkisyanın hakimiyyəti uzanacaq. Bu isə Ermənistanı bir az da uçuruma aparacaq.

Müxalifətin bir hissəsi dərk edir ki, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistan Türkiyə və Azərbaycan üçün düşmən mövqeyindədir. Bu isə Ermənistana yaxşı gələcək vəd etmir. Həmçinin münaqişənin həll olunmamış qalması cəbhədə hərbi toqquşmaların artması ehtimalını artırır . Bu da Ermənistan üçün fəlakət deməkdir. Bu səbəbdən müxalifət çalışacaq ki, gücünü səfərbər edib, hakimiyyəti Sarkisyanın əlindən alsın. Bu baxımdan seçkidən sonra bu ölkədə ciddi toqquşmaların olacağını ehtimal edirəm”.

Politoloq Fikrət Sadıqov isə bildirib ki, seçkilər yaxınlaşdıqca Sarkisyana qarşı olan qüvvələr açıq şəkildə çıxışlar edir və təhqirlər səsləndirirlər: “Amma, Ermənistandakı seçkilərin nəticələri daha çox xarici amillərdən asılı olacaq. Sarkisyanın Brüssel və Moskva səfərləri təsadüfi deyil. Yəni, bu adam seçkidən qalib çıxmaq üçün çabalayır. O, hakimiyyəti itirəcəyindən narahatdır. Artıq keçmiş tərəfdaşları da Sarkisyana qarşı çıxırlar. Hesab edirəm ki, seçki çox gərgin və mürəkkəb şəraitdə keçəcək”.

F.Sadıqovun sözlərinə görə, Sarkisyanın bu seçkidə işi çətin olsa da, saxta yollarla seçkidən qalib çıxa biləcək: “Sarkisyanın ssenarisinə görə o, yeni konstitusiya ilə Ermənistanın baş naziri olmağı planlaşdırır. Düşünür ki, geniş səlahiyyətlərə malik baş nazir olarsa, öz cinayətkar əməllərini ört-basdır edə biləcək. Sarkisyan üçün bu seçki ölüm-qalım mübarizəsidir. Ancaq, görünən odur ki, seçki Sarkisyana o qədər də asan başa gəlməyəcək. Müxalifət də hakimiyyətə qarşı ciddi mübarizə aparır. Sarkisyanın keçmiş silahdaşları ona qarşı birləşiblər. Hesab edirəm ki, hakim partiya bu qarşıdurmadan qalib ayrıla biləcək. Çünki, administrativ, hərbi güc Sarkisyanın əlindədir. Sarkisyan bundan maksimum istifadə etmək niyətindədir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Seçki  





Xəbər lenti