Həqiqət müəllimə(si)!
Yenə təmkinlə, mülayim, doğma bir səslə danışacaq, arada uzaqlara baxıb fikrə gedəcək, bu həyəcanverici sükut “dədə, bununla müəllif əslində, onu demək istəyirdi ki...”, “bax, bu vəziyyət indi də qalır, bunu mütləq düzəltməliyik” kimi sözlərinizlə tamamlanacaq, gözlər önündə geniş mənzərə açılacaq, pərdələr qalxacaqdı... Burada kitabda olmayan nə qədər şeylə rastlaşmaq olardı... Təkcə Azərbaycan dili və ədəbiyyatının incəlikləri iləmi? Xeyr!
O vaxt bəlkə də tam dərk etmirdik, amma zaman keçdikcə, yada saldıqca aydın olur ki, Siz əslində, bizi həyata hazırlayırdınız, onun tez-tez dəyişən üzünü göstərməyə, tanıtmağa çalışırdınız... Bu gün də o nəsihətləriniz, o sözləriniz qulağımdadır...
Siz həyatın fəlsəfəsinin düyünlərini çözə bilən, bəşəri miqyasda MÜƏLLİM idiniz. Təəssüf ki, sağlığınızda həqiqi qiymətinizi almadınız. Amma hər zaman bütün şagirdlərinizə HƏQİQƏTə istinad mənbəyi kimi qaldınız.
Sizi heç vaxt özünü tərifləyən görmədik. Haqqınızda həmişə əməlləriniz danışdı, danışır və danışacaq. Heç vaxt dayanmadınız. Öyrətdiniz, öyrədirsiniz və öyrədəcəksiniz! Siz qeyri-adi şəxsiyyət, kristal kimi təmiz, doğruçu insan idiniz. "İnsanlıq qalmayıb" deyənlərə göstərilə biləcək İNSAN! Əsl, gerçək İNSAN!
Həqiqətən, bu nəhənglikdə Yer üzünə necə sığırdınız? Bəlkə, Sizə hamılıqla “böyük insan”, “bütöv şəxsiyyət” deyənlər bu darısqallığı nəzərdə tuturdu... Haqqınızı halal edin, Allah Sizə qəni-qəni rəhmət eləsin! Ölüm belə Sizi öldürə bilmir, hər zaman ürəklərdə, düşüncələrdə, mövqelərdə, sətirlərdə yaşayacaqsınız... Əgər mən bu yazını heç bir hərf səhvi olmadan yazdımsa, burada da yaşayırsınız. Bəs deyirdilər ki, ölüm son mənzildir? Nə qədər sonsuz mənzilləriniz var...
Yolu Bakının Xətai rayonundakı İlqar Cəfərov adına 260 saylı orta məktəbdən keçən hər kəs üçün bu ad - Həqiqət xanım Əlibəyova əziz və qürurludur!
Bütün şagirdlərinizə hər zaman əxlaq, mənəviyyat, bilik etalonu kimi qalacaq və heç vaxt, heç vaxt unudulmayacaqsınız, HƏQİQƏT MÜƏLLİMƏ!!!
Bütün şagirdləriniz adından,
Tural
P.S. Bu yazını hazırlayarkən babam Balastan Qurbanovun da xərçəng xəstəliyinə tutulduğu məlum oldu. Bu amansız xəstəlik necə insanlar aparır aramızdan...
Teqlər: #Nekroloq