120 yaşlı azərbaycanlı qadın – O, soyqırımı gözü ilə görüb (FOTOLAR+VİDEO)

120 yaşlı azərbaycanlı qadın –  O, soyqırımı gözü ilə görüb (FOTOLAR+VİDEO)
  11 Aprel 2017    Oxunub:235752
İnsan yaşa dolduqca həyat eşqi daha da artır. Yaşamaq, gözəlliklərdən zövq almaq istəyir. Yaşı 100-dən çox olanlara baxanda, həsəd aparmamaq mümkün deyil. “Kaş onun qədər ömür” sürərdim deyə köks ötürürük.

Rəsmi statistik məlumatlara görə, Azərbaycanda 100 və daha çox yaşı olan 838 insan yaşayır. Ölkəmizin bir sıra regionlarında, xüsusilə Lerikdə uzunömürlü rast gəlmək mümkündür. Azərbaycanın həmin uzunömürlü sakinlərdindən biri də Süsənbər nənədir. O, nə az nə çox, düz 3 əsr görüb. Hazırda nənənin 120 yaşı var.



Xanməmmədova Süsənbər 1897-ci ildə Qubadlı rayonunun Həkərli kəndində anadan olub. Sumqayıt şəhərində yaşayan Süsənbər nənənin 70 nəvə və nəticəsi var. Süsənbər nənə ömürünün elə bir çağındadır ki, artıq yaddaşı zəifləyib, danışmaqda çətinlik çəkir. Bu səbəbdən onun oğlu Vaqiflə həmsöhbət olduq, anasının uzunömürlülüyünün sirrini öyrənməyə çalışdıq.



“1963-ci ildə atam Zülfiqar rəhmətə gedib. Anam 6 uşağı özü böyüdüb. Uşaqlardan 4-ü ali təhsil, 2-si isə orta ixtisas təhsili alıb. Anam çox qocaq və zəhmətkeş insan olub. Səhər saat 6-dan durub gündəlik iş həyatına başlayırdı, heyvanları örüşə ötürər, əkinçiliklə məşğul olardı. Kəndimizin təmiz havası, heyvanların südü, qatığından istifadə edərdi. Meşələrdən təbii bitkiləri yığıb yeyərdilər”.



Süsənbər nənə danışa bilməsə də qonaqpərvəliliyindən geri qalmırdı. O, çətinliklə də olsa, bizə çay təklif edib, masa arxasına dəvət etdi.

Süsənbər nənə 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın canlı şahidi olub. Məhz bu səbəbdən oğluna ermənilərdən uzaq durmağı tövsiyə edirmiş.

“Kənddə ev tikirdim, erməniləri gətirib işlədirik. Anam deyirdi ki, erməniləri gətirməyin, onlar bizim düşmənimizdir. Biz onların pisliyini köçkün düşəndə gördük”.



120 yaşlı nənəmizlə sağollaşıb, ölkəmizin digər ən yaşlı sakinin evinə yollanırıq. 1910-cu il təvəllüdlü Simuzər Quliyeva Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub və hazırda onun 107 yaşı var.

Geridə qoyduğu illəri çətinliklə xatırlayan Simuzər nənə uzun ömürlülüyünü zəhmətkeş olması ilə əlaqələndirib.

“Çox zəhmətkeş insan olmuşam. O zaman kişi (Həyat yoldaşı Surxayı nəzərdə tutur-red) 3 hektar üzüm, 2 qutu barama götürürdü, hektarlarla sahədə tütün əkirdik. Həyat yoldaşım zəhmətkeş insan olub. İşimizin nəticəsində də mükafat alırdıq”.



Qubadlı ilə bağlı xatirələrindən söz açan nənə o günləri həsrətlə xatırlayır: “Yaşayışımız çox yaxşı idi, qəşəng, bağımız, sürümüz var idi. O yaşayış hara, indiki hara. Oraları heç yada salmaq istəmirəm”.

3 uşaq sahibi olan Simuzər nənənin 10 nəvəsi, 7 nəticəsi var. Həyat yoldaşının birinci arvadından olan 3 uşağı da o böyüdüb. 107 il ərzində onun üçün çox şey dəyişib. Doğma yurdundan ayrı düşən Simuzər nənə bu illər ərzində dəyişən adət-ənənələrdən də bizə söz açdı.



“O vaxtlar 40 gün toy edərdik. Bir gün çörəkbişdi edirdilər, camaat yığılırdı, heyvanlar kəsilirdi. İkinci günü paltar biçdi edirdilər. Toy başlayan günün axşamı ağsaqqallar yığılırdı, yeyib içirdilər. Səhəri gün isə toy başlayırdı, 3 gün davam edirdi. 3 gündən sonra gedib gəlini gətirib evə qoyurdular. Axşam isə sazlı-sözlü məclis başlayırdı. İndi gəlinlə bəyi bir yerdə oturdub, bir neçə saatlıq toy edirlər”.

Nənə söhbətimizin sonunda bizə bayatı deməyi də unutmadı:

Yatmış idim xali qəflət içində
Onda gördüm oyan, oyan dedilər.
Oyandım gözümü açdım yuxudan
Minbirki kəlməni boyan verdilər.


Nuranilərin dediklərindən də anlaşıldığı kimi uzun ömürlülüyün sirri məhz firavan keçən günlərdədir. Ona görə də yaşadığımız hər bir andan zövq almağa çalışaq.







Müxbir: Aytən Zəhra
Fotolar: Elvin Abdulla
Video: Əhməd Xəlilov/Bəxtiyar Məmmədov

Qalereya




Teqlər: Azərbaycan   Qubadlı   Yaşlı   Qadın  





Xəbər lenti