Aqrar sektorun inkişafı üçün yeni yollar açılır - TƏHLİL

Aqrar sektorun inkişafı üçün yeni yollar açılır - TƏHLİL
  13 Aprel 2017    Oxunub:7799
Dövlət başçısı aprelin 11-də kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqda Sərancam imzalayıb. Sərəncamda qeyd edilib ki, ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb.
Ümumiyyətlə, dövlət başçımız tərəfindən iqtisadiyyatın inkişafında qeyri-neft sektoru prioritet elan olunduğu gündən onun sənaye ilə kənd təsərrüfatı sahələri aparıcı qüvvə elan olunub. Odur ki, bu sahələrdə istehsaldakı artım hazırda daha çox diqqəti cəlb etməkdədir.

Mövzuya dair şərhlərimdə və açıqlamalarımda qeyd etmişəm ki, son 10-12 il ərzində bölgələrin inkişafı istiqamətində çox işlər görülüb: müxtəlif infrastrukturlar, istehsal və emal müəssisələri yaradılıb, investisiya layihələri icra edilib, məşğulluğu genişləndirmək məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bunlar yenə davam etdirilir.

Ancaq görüləsi işlər yenə çoxdur. Belə ki, bundan sonra daha çox kənd təsərrüfatı məhsulları istehsalının qayğısına qalmaq tələb olunur ki, düzdür, zavod və fabriklərin yaradılması nə qədərə zəruri və vacib idisə, bölgələrin iqtisadiyyatında əsas gəlir mənbəyini aqrar məhsulların istehsalı və tədarükünün təşkil etməli olduğu indi daha açıq şəkildə özünü büruzə verməkdədir. Regionların mərkəzdən maliyyələşdirilməsi səviyyəsi də məhz bunun sayəsində minimuma enməlidir. Yəni, dövlət əvvəlkitək sosial xarakterli infrastrukturların qayğısına qalmalı olsa da, digər sahələri maliyyələşdirmədə əsla, iştirak etməli deyil.

Bunu zəruri edən digər amil də ölkədə əmək qabiliyyətli əhalinin 40%-ə yaxın hissəsinin məhz aqrar istehsala məxsus sahələrdə, yəni regionlarda məskunlaşması təşkil edir.

Odur ki, kənd təsərrüfatı məhsulları istehsalına yanaşmada yeni mexanizmlər təşkil edilməli, investisiyalar cəlb etmək yolları axtarılmalı və kooperativ təsərrüfat üsullarından istifadə kimi metodların tədbiqindən geniş istifadə olunmalıdır.

Bu baxımdan, ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixdə imzaladağı 1138 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” sözsüz ki, çox böyük əhəmiyyətə malikdir. Yeri gəlmişkən, bütövlükdə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmana münasibətdə yazmışdım ki, bu, ölkəmizin yaranmış yeni iqtisadi situasiya ilə əlaqədar seçməli olduğu növbəti inkişaf modelinin bir növ bünövrə mexanizmini müəyyən etdirməklə, bundan sonra atılacaq bütün addımların sırf göstərilən sahələr və istiqamətlər üzrə hazırlanmış strateji yol xəritələrinə uyğun olacağı ilə əhəmiyyət daşıyır.

Elə ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqda bu günlərdə imzalanan sərəncam da kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Xəritənin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərdə tutulan prioritetlərdə əhatə olunan tədbirlərin həyata keçirilməsini sürətləndirmək məqsədi güdür.

Xatırladım ki, sözügedən hədəfdə ölkədə rəqabətqabiliyyətli kənd təsərrüfatı sektoru formalaşdırmaq üçün istehsalçıların maliyyə resursları ilə təminatını yaxşılaşdırmaq və bu sahədə riskləri qiymətləndirmək, bu riskləri azaltmaq və ya təsirini yumşalmaq üzrə mexanizmləri təkmilləşdirilmək məqsədilə 3 prioritet istiqamət seçilib. Bunlardan birincisinə, aqrar sahədə maliyyələşmə mexanizminin təkmilləşdirilməsi üçün görüləcək, ikincisinə ölkədə aqrar sığortanın inkişaf etdirilməsi ilə bağlı, üçüncüsünə isə kənd təsərrüfatına yerli və eləcə də xarici investisiyaların cəlb edilməsini stimullaşdırmaq üçün nəzərdə tutulan tədbirlər silsiləsi daxildir.

Sərəncamda da qeyd olunub ki, kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərini təkmilləşdirmək, aqrar sığortanı inkişaf etdirmək və aqrar sahəyə investisiya qoyuluşlarını təşviq etmək məqsədilə qərara alınıb.

Qərara əsasən Maliyyə Sabitliyi Şurası yuxarıda qeyd etdiyim prioritetlərdə göstərilən tədbirlər silsiləsini əhatə edən daha təfsilatlı və geniş planı, onun icraçıları və icra müddətlərini bir ay müddətində hazırlayaraq təsdiq etməli və bu haqda dövlət başçısına məlumat verməlidir.

Məsələn, kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı prioritet üzrə kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəfləri müəyyənləşdirmək, kredit zəmanəti fondu yaradılması imkanına baxmaq, innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərni hazırlamaq, kreditlər üçün girov bazasını genişləndirmək, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığını artırmaq, aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmlər hazırlamaq və kredit təşkilatlarının vəsaitlərini kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəltməyi stimullaşdırmaq kimi tədbirlər daxildir. Hansı ki, bunların hər biri bütövlükdə aqrar sektorun inkişafına sıçrayışlı təsir göstərmək imkanına və gücünə malikdir.

Yeri gəlmişkən, statistikaya görə, ölkəmizdə keçən il 2015-ci illə müqayisədə kənd təsərrüfatında ümumi məhsulun 2,6%, o cümlədən heyvandarlıq məhsulları istehsalının 2,8%, bitkiçilik məhsullarının isə 2,5% artdığı qeydə alınmışdı. Cari ilin birinci rübü ərzində isə ümumi istehsal 3,5 faiz artıb. Bitkiçilikdə bu rəqəm 20%-dən çox təşkil edib.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan aprelin 10-da keçirilən iclasında ölkə başçısı da qeyd etdi ki, bu, görülən işlərin, islahatların öz nəticələrini verdiyini göstərir.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti