Avtomobil idxalı niyə azalır və bu, yaxşı haldırmı? – TƏHLİL

Avtomobil idxalı niyə azalır və bu, yaxşı haldırmı? – TƏHLİL
  26 Aprel 2017    Oxunub:3513
Ölkəyə minik avtomobillərinin gətirilməsi prosesi azalmaqda davam edir. Düzdür, gömrük statistikasına görə cari ilin I rübü ərzində, yəni 2017-ci ilin yanvar-mart aylarında 1431 ədəd nəqliyyat vasitəsi gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur: 2016-cı ilin I rübündə 1362 ədəd idxal olunub. Ancaq bu, yük avtomobillərinin hesabına baş verib. Belə ki, minik avtomobillərinin idxalı 4% azalıb. Bu ilin qeyd olunan müddətində 1185 ədəd minik avtomobili gətirilibsə, ötən ilin eyni dövründə bu rəqəm 1235 ədəd təşkil edib.
Əlbəttə, bir yana baxan, bu, müsbət haldır. O baxımdan ki, küçələrdə tıxacların sayının getdikcə artmaqda davam etməsinin qarşısı alınar, havanın çirklənməsi tempi sürətlə inkişaf etməkdən geri qalar və sair... Lakin bunlar elə hədəflərdir ki, onlara digər yollarla da nail olmaq mümkündür və lazımdır. Çünki minik avtomobillərinin gətirilməsi və satışı özlüyündə həm də bir iqtisadi fəaliyyət növü, yəni biznes və göstəricidir.

Bəs, ölkədə bu sahədəki azalma nəylə əlaqədardır və nəyi göstərir? Səbəb nədir?

Birincisi, vətəndaşlarımızın alıcılıq qabiliyyəti enib: neftin dünya bazar qiymətləri 100 ABŞ dolları ətrafında fırlananda əhalinin real gəlirləri yüksək idi. İkincisi səbəb, devalvasiya amilidir: manat dollara nəzərən 0,78 qəpik olanda 20-25 min dollarlıq minik avtomobili 15-19 min AZN idisə, indi 40 mindən yuxarıdır. Üçüncüsü isə, bu, sözsüz ki, həm də hökumətin istəyinə uyğun - düşünülmüş siyasəti nəticəsində baş verib və verir.

Odur ki, məhz sonuncu səbəbə rəğmən, birmənalı şəkildə qeyd etmək istəyirəm ki, ölkədə minik avtomobillərinin satışının və həmçinin idxalının məhdudlaşdırılması siyasəti əslində, böyük səhv idi. Qeyd edim ki, bank sektorunun iflası, fəaliyyətinin dalana dirənməsinin ilkin təzahürləri də məhz bundan sonra özünü büruzə verməyə başladı.

Xatırladım ki, ölkədə istehlak kreditlərinin verilməsi prosedurasının sərtləşdirilməsi ilk dəfə olaraq, məhz avtomobil satışına tədbiq edildi. Düzdür, təkcə avtomobil deyil, məişət əşyalarına, hətta torpağa, mənzilə görə təklif olunan kredit məbləğləri üzrə də eyni tələb irəli sürülmüşdü.



Lakin, 2014-cü ildən tədbiq olunmağa başlanılan həmin tədbirin əsas hədəfi bilavasitə minik avtomobillərinin satışını azaltmaq məqsədi daşıyırdı ki, bu sahədə hətta, Nazirlər Kabinetineti tərəfdən ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normasna keçmək barədə qərar da qəbul edilmişdi. Hansı ki, “Avro” standartı heç bir ölkədə avtomobil idxalını məhdudlaşdırmaq məqsədi daşımasa da, bizdə həmin standartda yanacaq istehsal olunmadığından məqsəd məhz, bundan ibarət idi.

Nəticəsi nə oldu?! Ölkədə minik avtomobillərinin satışı və onların gətirilməsi tempi enməyə başladı. Avtomotik olaraq, kommersiya banklarının da fəaliyyətləri zəifləməyə, onların onsuz da sağlam olmayan maliyyə vəziyyətləri pisləşməyə doğru istiqamət götürdü. Dövriyyədə nəğd pul kütləsinin artım sürəti zəiflədi və sonra azalmağa doğru meyil götürdü. İqtisadi aktivlik zəifləməyə başladı. Bir çox iri holdinq və şirkətlərin fəaliyyətləri və işləri məhdudlaşdı - çərçivəyə alındı. Və bütövlükdə, ölkədə ticarət dövriyyəsi enməyə doğru istiqamət götürdü.

Odur ki, hesab edirəm bu, çox mənfi və düşünülməmiş bir addım idi. Şərhlərimdə və açıqlamalarımda qeyd etmişəm və bir daha təkrar edirəm ki, ümumiyyətlə, ölkəmizdə kommersiya banklarının problemləri məhz bu addımdan sonra üzrə çıxmağa başladı. Yəni ki, bank sektorunun “serroza düçar olması” səbəbini heç də neftin dünya bazar qiymətlərinin enməsində axtarmaq lazım deyil. Sadəcə, tərslikdən vaxt etibarı ilə hər ikisi üst-üstə düşdü. Yəni, neft də məhz 2014-cü ilin iyun ayından ucuzlaşmağa başladı ki, buna müvafiq olaraq da, sonradan manatın devalvasiya prosesi bankları lap, "beli üstə" vəziyyətdə qoydu...

Maraqlıdır ki, bundan nəticə çıxarmaq əvəzinə məlum olduğu kimi bu il yanvarın 1-dən etibarən, iri həcmli mühərikli minik avtomobillərinə idxalına yönəlik tədbiq edilən mövcud rüsumlar bir az da artırıldı.

Bu da, növbəti səhv idi. Xatırladım ki, ölkəyə idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz dərəcəsinin ən aşağısı 2 dəfədən çox artırılmasını təəccüb hissiylə qarşıladığımı açıq yazdım. Belə ki, Vergi Məcəlləsinə edilənk dəyişikliklərdən biri də məhz bununla bağlı idi.

Sual yaranır, əgər, bir istiqamətdə idxalda azalma varsa, görəsən, vergi dərəcələrini və gömrük rüsumlarını növbəti dəfə artırmaqla, bunu yenidən "buxova" almaq nə məqsəd daşıyır? Əgər, bunun dövlət büdcəsinə ödənişləri artıracağı düşünülürdüsə, çox böyük səhv fikir idi. Yox əgər, yerli istehsalı himayə etmək məqsədi daşıyırdısa, yenə yanlış siyasət idi. Himayə olunası o qədər başqa sahələrimiz var idi ki. Həm də ki, biz, lyuks avtomobil istehsal etmirik axı.

Odur ki, sözün qısasını desəm, ölkədə bankları dirçəltmək, iqtisadi aktivliyin bərpasına əlavə təsir göstərmək və ticarət dövriyyəsini artırmaq, dövriyyədə nəğd pul kütləsinin həcmini genişləndirmək üçün minik avtomobillərinin idxalına qoyulan bir sıra məhdudlaşdırıcı tədbirləri yumşaltmaq, istehlak kreditlərinin verilməsi, xüsusən minik avtomobillərinə yönəliik ödənilməsi prosedurasının 2014-cü ildən əvvəlki dövürə qaytarılması fikrimcə, olduqca məqsədəuyğun olardı.


Pərviz Heydərov
AzVision.az üçün


Teqlər: #Avtomobil-idxalı   #Maşın-bazarı   #Təhlil   #İqtisadiyyat  





Xəbər lenti