Trampın 100 günü - O, nəyi düz, nəyi səhv etdi?

Trampın 100 günü - O, nəyi düz, nəyi səhv etdi?
  28 Aprel 2017    Oxunub:4492
Doland Trampın ABŞ prezidenti kimi fəaliyyətinin 100 günü tamam olur. 2017-ci ilin yanvar ayının 20-də fəaliyyətə başlayan milyarder prezident 100 gün ərzində nə ilə yadda qaldı, hansı işləri gördü?
Azərbaycanlı politoloqlar Trampın 100 günlük fəaliyyətini AzVision.az-a dəyərləndiriblər.

Politoloq Qabil Hüseynli bildirib ki, Donlad Tramp 100 günlük fəaliyyəti dövründə ən çox fərman imzalayan prezident kimi rekorda imza atıb və ABŞ tarixində düşüb:

“Onun imzaladığı 30 fərman özünün və ətrafının dediyi kimi ABŞ-da islahatların bünövrəsini qoymalıdır. Amma, verilən fərmanların bir çoxu hərbi quruculuq sahələrinə aiddir. Ordunun qüvvətləndirilməsinə, yeni silah növlərinin yaradılmasına, xüsusilə nüvə arsenalının təkmilləşdirilməsinə aiddir”.



Politoloq hesab edir ki, Tramp hazırda ABŞ ordusunu daha da gücləndirməklə məşğuldur: “ABŞ yenidən uzaqmənzilli nüvə raketlərinin sınağına başlayıb. Eyni zamanda bu nüvə raketlərinin təkmilləşdirilməsi barədə qərar çıxarıb. ABŞ, həmçinin orduya ayrılan vəsaitin 60 milyon dollar artırılması barədə qərar qəbul edib. Bu çox böyük məbləğdir. Az qala Rusiyanın hərbi büdcəsinə bərabər rəqəmdir. Bu, onu göstərir ki, Tramp ordu ilə bağlı verdiyi vədləri yerinə yetirməyə başlayıb.

Bundan əlavə Tramp Suriyada da fəallaşıb. Oraya qoşun birləşmələri yeridib. Türkiyə ilə birlikdə Rəqqaya hücum edilməlidir. Bununla Suriya bütövlükdə İŞİD-dən təmizlənməlidir. Bununla bağlı Tramp və ətrafının qətiyyəti hiss olunmaqdadır”.



Q.Hüseynli deyib ki, hazırda əsas hadisələr Şimali Koreya ətrafında cərəyan edir: “Böyük Amerikan Armadası, Yaponiya və Cənubi Koreya Armadası ilə birlikdə Şimali Koreya sahillərinə yeridilib. Böyük ehtimalla orada rejim dəyişikliyi baş verməlidir. Bu baş verdikdən sonra yenə böyük ehtimalla şimalla cənubun birləşdirilməsi prosesinə başlanılacaq. Yəni, vahid Koreyanın yaradılması həyata keçiriləcək.

Tramp İranla bağlı təhdidedici bəyanatlar səsləndirir. İranla bağlanmış nüvə silahının məhdudlaşdırılmasına dair müqaviləni ləğv edəcəyini iddia edir. Yəni, Tramp indiyə qədər ən çox diqqət yetirdiyi silahlı qüvvələrin gücünü artırılmasını, onun təlimlərinin genişləndirilməsini, dünya üçün təhdid olan ölkələri küncə sıxılmasını həyata keçirir. Hesab edirəm ki, Şimali Koreya və İŞİD-in məhvinə dair məsələləri bəyənmək olar. Amma, digər ölkələrlə, xüsusilə İranla bağlı irəli sürülmüş təhdidlər o qədər də pozitiv xarakter daşımır”.

Trampın daxili siyasətindən danışan Q.Hüseynli deyib: “Daxili siyasətdə iş yerlərinin artırlması, ölkəyə miqrant axınınn qarşısının alınması istiqamətində xüsusi addımlar atılır. Vizaların verilməsi çətinləşdirilib. Meksika ilə sərhəddə hasar tikilməsi, bütövlükdə miqrantların qəbul edilməməsi ilə bağlı verilən sözlərin hamısı yaddan çıxarılıb. Tramp bildirirdi ki, Çinlə bağlı əlahiddə tədbirlər görəcək. Bu ölkədə fəaliyyət göstərən ABŞ şirkətlərinin hamısını geriyə çağıracaq. Amma, bu, baş vermədi. Əksinə Çin rəhbəri ABŞ-a səfər etdi və onunla bir sıra məsələlərdə, xüsusilə Şimali Koreya məsələsində razılığa gəldilər.
Tramp və onun komandası hələlik işləyir. Amma, nə dünyada, nə də daxildə diqqəti çəkən uğurlara nail ola bilib. Ola bilsin ki, bu uğurların başlanması üçün müəyyən şərait hazırlayıb. Amma, proses hələlik başlamayıb. Trampın bu dövr ərzində intellektual xarakter daşıyan çıxışı nəzərə çarpmayıb. Belə görünür ki, Trampdan çox onun komandası işləyir.

Digər tərəfdən demokratlar Trampın impiçimentini hazırlamaq üçün xüsusi komissiya yaradıblar və bununla bağlı materiallar toplayırlar. Tramp çox çətin şəraitdə fəaliyyət göstərir. Keçirilən rəy sorğuları isə onun reytinqinin hər keçən gün aşağı düşüdüyü göstərir. Əgər Tramp Şimali Koreyada dəyişiklik yarada bilsə, Suriyada uğur qazansa, bu, onun reytinqini artıra bilər. Amma, əsas məsələ amerikalıların öz maddi vəziyyətlərini yaxşılaşdırmasıdır. Yeni fabrik və zavodların açılmasıdır ki, bu sahədə elə də ciddi irəliləyiş yoxdur”.



Siyasi ekspert Arzu Nağıyev isə qeyd edib ki, Donald Trampın 100 günlüyünü müsbət qiymətləndirmək olar: “Trampın seçkiqabağı verdiyi vədlərlə əməlləri bir çox məsələlərdə üst-üstə düşür. Tramp seçkiqabağı kampaniyasında Yaxın Şərq, Suriya ilə bağlı bir sıra vədlər vermişdi. Hazırda Tramp tərəfindən İŞİD-lə, beynəlxalq terrorizmlə mübarizə ön plana çəkilib. Bunu müsbət hal kimi qiymətləndirmək olar ki, verdiyi vədin üzərində durdu.

Trampın Rusiya ilə yaxınlaşacağı gözlənilsə də, bu baş vermədi. Yəni, hazırda ABŞ və Rusiya arasında soyuq münasibətlər davam etməkdədir. Hesab edirəm ki, bu məsələ Rusiyanın gözləntilərindən kənar oldu. Bundan başqa Tramp İrana olan münasibətlə bağlı verdiyi vədləri də yerinə yetirməkdədir. Əfqanıstanda ən yeni bombalardan birini sınaqdan keçirdi. Böyük problemlərdən biri kimi Şimali Koreya məsələsi ortaya çıxdı. ABŞ Cənubi Koreyanın köməyinə gəlmək üçün müvafiq manevrlər etdi. Əsas məsələlərdən biri miqrant məsələsi idi. Bu baxımdan Meksika ilə sərhədə divar inşa edilməsi reallaşmaqdadır. Hazırda divarın tikintisi davam edir. Ümumən Trampın 100 günlük fəaliyyəti göstərir ki, xarici siyasətdə seçki qabağı verdiyi vədlə, etdiyi əməl arasında elə böyük fərq yoxdur”.



A.Nağıyev deyib ki, daxili siyasətdə müəyyən problemlər yaranmasına baxmayaraq, Tramp bunların həll edilməsi istiqamətində müvafiq addımlar atır: “O, vergi sisteminin yenidən işlənməsi üçün lazımı addımlar atmaqdadır. Tramp öz komandasının müsbət tendensiyalı olduğuna görə, verdiyi vədlə əməlləri arasında uyğunluq var”.

Trampın Azərbaycana və regiona yönəlik siyasətinə gəlincə, A.Nağıyev deyib: “Tramp bəzi xərclərin azaldılması istiqamətində müvafiq addımlar atdı. Hətta demokratiyanın maliyyələşdirilməsi istiqamətində Qazaxıstana, Belarusa, Azərbaycana olan yardımları ləğv etdi. Bəzilərini isə azaltdı. Bu onu göstərir ki, Tramp xarici və daxili siyasətdə amerikalıların rifahı və marağını qoruyur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti