Ən yaxşılar mükafatlandırıldı - VİDEO

Ən yaxşılar mükafatlandırıldı - VİDEO
  03 May 2017    Oxunub:2492
“Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbirdən öncə təhsil işçiləri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.



Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsində mühüm rolunu nəzərə çatdırıb. Nazir bu məqsədlə hər il keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərini təbrik edib və onlara uğurlar arzulayıb. Mikayıl Cabbarov Heydər Əliyevin təhsil fəlsəfəsinin bu gün də öz bəhrəsini verdiyini və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil etdiyini vurğulayıb. Təhsil naziri bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün sahələrdə, o cümlədən təhsildə inkişaf və müasirləşmə proseslərini uğurla həyata keçirir.

Son illərdə təhsil islahatlarının məzmunca daha praktik və səmərəli xarakter aldığını qeyd edən Mikayıl Cabbarov təhsilin keyfiyyətinin artırılmasının başlıca hədəf olduğunu deyib. Nazir 5 yaşlı uşaqların məktəbəhazırlığının ölkə üzrə 55 faiz təşkil etməsini, təhsilalanların qiymətləndirilməsinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılmasını, vətəndaş məmnuniyyətinin təmin edilməsini və ali təhsil müəssisələrinin yeni çağırışlara cavab verməsi yönündə görülən işləri təhsildə aparılan dəyişikliklər kimi diqqətə çatdırıb.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin gənc nəslin ümummilli lider Heydər Əliyevin zəngin irsini daha dərindən öyrənməsinə, şagirdlərdə azərbaycançılıq məfkurəsinin formalaşmasına və onların əsl vətəndaş kimi yetişməsinə müsbət təsir etdiyini bildirib. Sonra çıxış edənlər ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği baxımından bu müsabiqənin rolunu vurğulayıb, qalibləri qazandıqları uğur münasibətilə təbrik ediblər. Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında əsərlər səsləndirilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 9 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi‬   ‎Müsabiqə   Məktəb   Şagird‬‬‬‬‬  





Xəbər lenti