Vətəni satanlar və danışıb batanlar – TƏHLİL

Vətəni satanlar və danışıb batanlar – TƏHLİL
  10 May 2017    Oxunub:60964
Satqınlar həmişə hər yerdə olub; bu, hansısa siyasi quruluşdan asılı məsələ deyil, insan təbiəti ilə bağlıdır. Hətta Qədim Dünyanın ən maraqlı örnəklərindən olan, patriotizmin və döyüşçü ruhunun həyat tərzi, yaşam ideologiyası səviyyəsinə qaldırıldığı Sparta ordusunda belə, satqınlar olubsa, demək ki, bu, nizam-intizam məsələsi deyil.
İslam tarixinin ikinci böyük savaşı olan Uhud döyüşündə Məhəmmədin qoşunu ona görə məkkəlilərə uduzmuşdu ki, əsgərləri döyüş tapşırığını saymadan, mövqelərini boş qoyub, qənimət yığmaq dalınca qaçmışdılar. Halbuki, onlar Allah uğrunda vuruşur, ən azından özləri buna ürəkdən inanırdılar axı! Bu dəhşətli fakt onu göstərir ki, hətta ən müqəddəs ideyalar uğrunda savaşanda belə, insanın təbiətində olan hərislik, tamahkarlıq, xainlik üstün gələ bilir.

Hitler SSRİ-yə hücum etməzdən bir qədər əvvəl Almaniyaya satılmış generallar ordunu tamamilə döyüşə yararsız hala gətirmiş, tank və təyyarələrin yanacağına qədər boşaltdırmışdılar. Ona görə, Alman Ordusu müharibənin ilk aylarında demək olar ki, müqavimət görmədən, bıçaq yağa girən kimi SSRİ-nin bətninə girmişdi.

Yəni məsələ onda deyil ki, hansısa orduda satqın və xain var, yoxsa yox; bu naqislik insanın təbiətində yatır, insan olan yerdə həmişə maraqlar var, maraqlar olan yerdə isə konflikt, xəyanət, satqınlıq heç bir halda istisna deyil. Sistemin, nəzarətin, nizam-intizamın nə qədər güclü olmasından asılı deyil bu.

Əsas məsələ bundadır: Dövlətin təhlükəsizlik sistemi casus şəbəkəsini, xəyanətə yönələnləri, düşmən tərəfə işləyənləri aşkar edə biləcək səviyyədə çalışmağı bacarırmı? Məsələ budur! Söhbət həm hərbi əks-kəşfiyyatdan, həm də mülki təhlükəsiz qurumlarından gedir. Dövlətin təhlükəsizlik orqanlarının gücü, sistemin nə dərəcədə düzgün qurulması və effektiv olması bax, məhz bu zaman ortaya çıxır. Obrazlı desək, xəstələnməmək mümkün deyil, gec-tez hansısa virus orqanizmə mütləq düşəcək, əsas odur ki, bu zaman immun sistemi onu vaxtında zərərsizləşdirməyi bacaracaqmı?

Son hadisələri məhz bu aspektdən qiymətləndirmək lazımdır. Hər işdə dövləti suçlamağa çalışan məlum bir dəstə sualı belə qoyur: “Niyə Orduda satqınlar var imiş?..” Bu, əsla düzgün yanaşma deyil. Satqınlar həmişə hər yerdə olub, var və olacaqlar. Təkcə orduda yox, məsələn, siyasətdə və müxalifətdə də! Əgər bu sualın sətiraltısı ilə dövlətin, ordu rəhbərliyinin düzgün işləməməsinə eyham vurulursa, siz nə demək istədiyinizi özünüz dərk edirsinizmi? Qoy, lap belə tutaq ki, sənin şəraitin dözülməz, komandirin yaramaz, ətrafındakılar yarıtmaz olsunlar – bu, Vətəni satmağa haqq və əsas verirmi? Bu yerdə türkiyəlilərin pafos və emosionallağı yerinə düşərdi. Ulan!!!,- deyərdilər,- Vətən – anadır, lap tutaq ki, sənin yaşadığın ailə də, qohumların da pozğun və yaramazdırlar, bu, ananı satmaq üçün əsas verirmi?!

Biz gözəl bilirik ki, yoxluğunun 25 ilini qeyd etdiyimiz Şuşa xəyanət nəticəsində düşmən əlinə keçmişdi. Amma kim, necə etmişdi o xəyanəti – hələ də bəlli deyil, bəlkə də heç vaxt olmayacaq. Şuşa da daxil olmaqla, nə qədər ərazilərimizi ona görə itirmişik ki, vaxtında satqınları aşkarlamaq və onların xəyanətinin vurduğu ziyanın qarşısını almaq mümkün olmayıb. Bu gün isə vəziyyət başqadır: indi ilan heç kimi sancmamış, başı əzilir. Bu, Azərbaycanın təhlükəsizlik sisteminin, hərbi əks-kəşfiyyatının nə dərəcədə effektiv işləməsinin göstəricisidir.

Hazırda istintaq gedir və yəqin ki, araşdırma bitəndən sonra dövlət sirri sayıla biləcək məqamları çıxmaqla, cəmiyyətə daha geniş informasiya veriləcək. Amma bir şeyi bilmək lazımdır: bu, hansısa nadürüst satqın yığınının özfəaliyyəti yox, Erməni xüsusi xidmət orqanlarının ciddi planı və əməliyyatı olub. Faktik olaraq, uzun müddət və belə görünür ki, diqqətlə hazırlanan, böyük vəsait xərclənən bir erməni xüsusi əməliyyatı Azərbaycanın təhlükəsizlik sisteminin əli ilə iflasa uğradılıb. Detalları bilməsək də, hiss olunur ki, söhbət olduqca ciddi və geniş plana qarşı peşəkarlıqla qurulan və həyata keçirilən əks əməliyyatdan gedir. Bu, sözün həqiqi mənasında qəhrəmanlıqdır. Ümid edirik, həmin casus şəbəkəsinin ifşasında xidməti olanlar gizli, ya açıq şəkildə layiq olduqları dəyəri alacaqlar.

Hətta təsəvvür etmək belə, çətindir ki, Azərbaycanın əks-kəşfiyyat xidmətləri bu qədər peşəkarlıqla işləməsələr, nələr baş verə bilərdi... Yəqin ki, çox şey: Bakıda terror aksiyalarından tutmuş, cəbhə xəttində buyük insan və torpaq itkilərinə qədər!

Bütün bunlardan sonra “Niyə Orduda xainlər var imiş” sualını verməyin özü ya xəyanətkar nadanlıq, ya da nadancasına xəyanətkarlıqdır. Məsələni bu cür qoyanlardan soruşmaq istəyirəm: Bəs siz niyə varsınız? O biri satqınlar da eyni səbəbdən mövcud olublar...

Vüsal Məmmədov
AzVision.az



Teqlər:





Xəbər lenti