"O evlərdə heç kim yaşamır" - Dəhşətli yanğından 2 il ötür (FOTOLAR+VİDEO)

"O evlərdə heç kim yaşamır" - Dəhşətli yanğından 2 il ötür (FOTOLAR+VİDEO)
  19 May 2017    Oxunub:40067
Bakının Binəqədi rayonunda yaşayış binasında dəhşətli yanğın hadisəsinin baş verməsindən 2 il ötür. Faciə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Anım günü münasibəti ilə faciə qurbanlarının ruhu yad edilib. Həmin hadisədən 2 il keçsə də, sakinlər o günü ürəkağırısı ilə xatırlayırlar.


Bina sakini Xəlilova Səriyyə AzVision.az-a deyib: “O günü xatırlayanda ömrümün yarısı gedir. Tanıdığım cavanlar, yaşlılar rəhmətə getdi, qalanları da yarımcan, xəstədirlər. Ölənləri hər zaman anırıq, yadımıza salırıq. Sahib adında oğlan rəhmətə getdi, oğlumun yaxın dostu idi. Bacısı ilə onu yadımdan çıxara bilmirəm, hər saat gözümün qabağındadırlar”.



Məmmədəliyeva Xanım: “Bu binada ölən şəxslərin ailələrinə, yaxınlarına verilən evlərdə heç kim yaşamır. O evlərə gələn-gedən yoxdur, qapıları bağlıdır”.



Bina sakini Sadıqova Elzadə isə hadisə günü ağır xəsarət alıb: “Qızım işdə olub, yoldaşımla həkimə getmişdim, oğlum evdə tək olub. Pəncərə üstünə aşıb, kürəyi kəsilib. Qaçıb ikinci mərtəbəyə qədər gəlib, sonra düşə bilməyib. 5-ci polis bölməsindən Qocayev Şahin adlı pols onu xilas edib”.



Qeyd edək ki, sözügedən hadisə ilə əlaqədar 2017-ci il yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin binada üzləmə işlərini həyata keçirən “Global Construction” şirkətinin təsisçisi Miryusif Mahmudov 8 il, direktoru Uğur Bəşirov 5 il, müavin Ələkbər Əsgərov 4 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.













Müxbir: Aytən Zəhra
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov


Teqlər: Yanan-Bina   Faciə  





Xəbər lenti