Müəllim, dondurma neçəyədir?

Müəllim, dondurma neçəyədir?
  02 Sentyabr 2013    Oxunub:1590
Cavidan

Sentyabr gəldi yetirdi özünü və ölkənin hər yerində məktəblərdə dərslərin başlanmasına qədər qalmış bu son iki həftə ərzində yeni dərs ilinə hazırlıq mərhələsi özünün pik həddinə çatdı.
Məktəb formaları, çantalar, ayaqqabılar, dəftərlər, qələmlər...
Bir də bu son günlərini yaşadığımız yay təilinin uşaqların hafizəsində, ürəyində buraxdığı izlər, təəssüratlar toplusunu düşünək.
Adətən, dərs ilinin ilk dil dərslərində belə bir inşa tapşırığı verir müəllimlər:
“Yay tətilini necə keçirtdim?”
Uşaqlar da kimi olanları, kimi olmayanları vərəqin üzərinə soldan sağa düzüb-doşub, bu mütləq hesabat-məruzə tipli tapşırığı müəllimlərinə təhvil verirlər.

***

Biz bu yayı anamın yanında, mənim uşaqlığım keçən kənddə keçirtdik.
Hərdən-hərdən Lənkəranın ən gözəl məkanlarını dolaşdıq, hərdən istilərin əlindən evdən belə çölə çıxmadıq, amma keçdi bu yay da.
Bir təəssüfləndiyim məqam oldu.
Bu il uşaqlarıma yeni kitablar ala bilmədim.
Keçən il “Altun Kitab”ın Dünya ədəbiyyatı seriyasından olan bütün buralarda satılan nüsxələrini almışdım deyə, bu il sadəcə onları təkrar oxumalı olduq.

***

Yay axşamlarının birində yerli istirahət mərkəzlərinin birinə getmişdik.
“Kaş tanış adamlardan kimsə olaydı və rastlaşaydıq...” – deyə ətrafa nəzər yetirdim.
Amma gözümə tanışlardan kimsə dəymədi.
Uşaqlar dondurma istədilər və açıq havadakı masalardan birini həmən zəbt etdik.
- Salam, xoş gördük!
Başımı qaldırdım və...
Bu da mənə tanış sima!
Uşaqlarımın müəllimlərindən biri idi.
İstirahətə gəlib və sadəcə salamlaşmaq üçün bizə yanaşdı, düşündüm, gülümsəyib, salamını aldıq, hal-əhval soruşduq.
- Nə lazım idi? Çay yoxsa dondurma? Hansından? Qabda, yoxsa qabsız? Başqa bir qulluq???
O, sualları bir-birinin ardınca verirdi, mən daha başımı qaldırmadım və özümü çantamla məşğul göstərməyə çalışdım.
Sonra dondurmaları, balaca qab və qaşıqları gətirib qarşımızda düzəndə də susdum, o getdikdən sonra daddığım dondurma boğazımı yandıranda da.
Uşaqlarımın öz müəllimlərini bu rakursdan görmələrinin onlar üçün nə demək ola biləcəyini düşündüm xeyli.
Sonra onların sakit və təəccübsüz hallarına baxıb heyrətləndim:
- Siz müəlliminizin burada da işləməsinə necə baxdınız? – soruşdum, - nə düşündünüz?
- Nə düşünərik? – qızım dedi, - məktəbdən əlavə işləyir və ailəsi üçün pul qazanır.
- Sən köşə yazmırsan? O da elə, - oğlum da dedi.
Ayıldım elə bil, həmən üzərimdəki ağırlıq yoxa çıxdı.
Sovet məktəbi görmüş, Sovet müəllimləri tanımış mən, necə də kompleksliymişəm!
Bu balaca məktəblilər isə öz müəllimlərinin məktəbdən kənar vaxtında şagirdləri üçün adi bir ofisiant obrazında görünməsinə təbii baxmış, hətta zəhmət çəkib, pul qazanmasını belə anlamış, mənə də anlatmışdılar iki-üç kəlmə ilə.

***

Əminəm ki, uşaqlarımın heç birisi dərs ilinin ilk həftəsindəki inşa qeydlərində bu olayı qələmə almayacaq.
Çünki məni şaşırdacaq dəyərlər onlar üçün təbii və normal bir hal kimi görünmüşdü.
Ah, bu yeni əsrin yeni nəsli...


Teqlər:  





Xəbər lenti