Beynəlxalq Bankı “sağaltmaq” üçün nə lazımdır? – TƏHLİL

Beynəlxalq Bankı “sağaltmaq” üçün nə lazımdır? – TƏHLİL
  02 İyun 2017    Oxunub:4535
Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiya məsələsi ətrafda yaranan müzakirələr getdikcə səngimək əvəzinə, qızışır. İndi də qeyd olunur ki, xarici kreditorlar bununla razılaşmayacaq. Yəni söhbət bank üzrə xaricilərə olan borcların geri ödənişi sahəsində irəli sürülən yeni şərtlərdən gedir.
Cari ilin mayın 11-də ABB tərəfindən xarici öhdəliklər üzrə ödənişlərin dayandırıldığı və xarici valyutada olan borcların restrukturizasiyası elan edilmişdi ki, həmin gün də Maliyyə Nazirliyi tərəfindən yayılan açıqlamada borc məbləğinin suveren bondlarla (istiqrazlarla) əvəzlənəcəyi bildirildi. Bu isə o deməkdir ki, sözügedən bank üzrə xarici investorlar qarşısındakı öhdəliklərin ödəniş müddəti uzadılacaq və gəlirlilik azalacaq.

Əcnəbilərin bununla razılaşmayacağı fikri xüsusən restruktizisasiya əleyhinə çıxan dairələr tərəfindən irəli sürüldüyündən məsələyə “siyasi acıq” mövqeyindən və qərəz hissindən yanaşıldığı aydın görünür. Halbuki, ABB-nin düşdüyü vəziyyətə aid yazdığım bütün şərh, açıqlama və təhlillərimdə sözügedən məsələyə təkcə bu qurumun mənafeyi və gələcək taleyi deyil, bütövlükdə dövlətimizin nüfuzu nöqteyi-nəzərindən yanaşmaq lazım gəldiyini bir neçə dəfə qeyd etmişəm.

Bəli, ABB ilə əlaqədar yaranmış vəziyyət olduqca çətin və çıxılmaz xarakter daşıyır. Bankın ya müştərilərinin mənafeyi qorumaq lazım gəlirdi, ya da onu sağlam vəziyyətə gətirmək... Məsələ isə bundan ibarətdir ki, bunların heç biri biri-birindən təcrid olunmuş şəkildə həllini tapa bilməzdi. Problem də məhz bunda idi.

ABB-nin restruktirizasiyası könüllü olaraq həyata keçirilir. Mövzuya dair əvvəlki şərhlərimdə də qeyd etdiyim kimi qurum əslində, ləğv də oluna bilərdi. Yəni, fəaliyyətinə müflis elan olunmaqla son qoymaqla... Ancaq bu, dövlətin bank sektorunda bütün “dayaqlarını” itirməsi və maliyyə sisteminin çökməsiylə nəticələnə bilərdi. Üstəlik, bütövlükdə ölkənin xarici və beynəlxalq iqtisadi nüfuzuna xələl gələrdi.

Ümumiyyətlə, sual edirəm: Azərbaycan kimi ölkədə 3 milyard ABŞ dollarından çox xarici öhdəliyi olan hansı qurumu müflis elan etmək “ağıllı iş” sayıla bilər? Bu, daha çox sözügedən qurumun adına “ləkə” gətirər, yoxsa ölkənin və dövlətin? Söhbət, dəqiq desəm, 3 milyard 340 milyon dollardan gedir. Bu, ölkəmizdə il ərzində istehsal olunan ümumi daxili məhsul məbləğinin (ÜDM) təqribən, 9%-dən çox hissəsini təşkil edir.

Düzdür, ölkəmizin valyuta ehtiyatlarının həcmi 30 milyard ABŞ dollarından çoxdur. Və nəyinki bu və ya digər iqtisadi subyektin və yaxud qurumun, hətta dövlətimizin xarici borcunu da bağlamaq mümkündür. Lakin ortada etimad məsələsi var axı... Hansı xarici maliyyə qurumu belə olduğu təqdirdə ölkəmizdə fəaliyyət göstərən subyektlərlə birbaşa münasibətə və ikitərəfli əməkdaşlığa girər? Heç biri...

Odur ki, ABB-nin könüllü restrukturizasiyası, sağlamlaşdırılması, yəni kapital çatışmazlığının ləğvi olduqca vacib və zəruri xarakter daşıyır. Bunu bankı özəlləşdirməyə hazırlamaq mərhələsi kimi də qiymətləndirmək mümkündür.

Yeri gəlmişkən, ABB-nin səhmlərinin 91,3%-i dövlətə aid olmaqla 76,7 %-i Maliyyə Nazirliyi, 14,6%-i isə “Aqrarkredit”ə məxsusdur. Özəlləşdirmənin ən yaxşı halda 2018-ci ildə baş tutacağı gözlənilir ki, bu baxımdan, dövlət ABB-nin toksik aktivlərinin və borc öhdəliklərinin altına girməklə həm də çox mühüm strateji bir məqsəd güdür. Belə ki, ABB “reaminasiyadan çıxdıqdan” sonra yeni qiymətləndirilmə və yanaşma tələb edəcək. Və bu zaman, diqtə edən tərəf məhz dövlət olacaq.

Ümumiyyətlə, ABB ilə bağlı çox uzaqgörən siyasət həyata keçirilir. Məsələn, 3,34 milyard xarici borc öhdəliyinin 1 milyardı Neft Fonduna (SOFAZ) məxsusdur. Hansı ki, SOFAZ həmin vəsaiti ABB-də depozit kimi yerləşdirdikdə bəzi ekspertlər bunu hay-küylə qarşılamışdılar. Ancaq budur, indi dövlət xarici kreditorlar qarşısında restruktizasiya planını açıqlayərkən SOFAZ-ın iddiası “özümüzüki” sayılır. Bu isə çox ciddi faktdır. Yeri gəlmişkən, digər iki nəhəng kreditor isə ABŞ-ın “Cargill” və “Citibank”dır. Ümumən, 18 (SOFAZ da daxil olmaqla) kreditordur.

Məsələ bundadır ki, restruktizasiya planının uğurla gerçəkləşməsi üçün xarici kreditorların 2/3 hissəsinin “hə” deməsi lazımdır. Buradan isə aydın olur ki, SOFAZ-dan xarici valyuta şəklində ABB-ya depozit cəlbi heç də təsadüfi xarakter daşımırmış. Yəni, bu, “uzaqvuran bir artileriyadan atılan atəş” sayılırmış. Belə ki, bir var 3,34 milyard dollar borc sahibinin 2/3-si, bir də var bundan 1 milyard öz qurumumuza, yəni dövlətin nəzarətində olan Neft Fonduna aid olduğu üçün 1/3 hissənin... Başqa sözlə desəm, xarici borc öhdəliyi üzrə restruktizasiya planına investorların tələb olunan 2/3 hissə səsinin 1 milyardı özümüzə məxsus olduğundan 3,34 milyard üçün real olaraq 1/3 hissəsinin “dobrosu” artıq, yetərli sayılacaq...

Ümumiyyətlə, ABB-nin xarici öhdəliklərinin restrukturizasiya ideyası Azərbaycan dövləti üçün olduqca sərfəlidir desək, heç də yanılmarıq. Belə ki, birincisi, kreditorlar bank müflis elan olunarsa daha çox itirə bilərlər. Yəni, bir var verdiyin pul gec-tez geri qayıtsın və alacağın yer olsun, bir də var ki iddia etmək üçün istinad yerin qalmasın, ortadan qalxsın. Deməli, əslində, borcların geri ödənişi üzrə danışıqlar stolunda bu gün üstün tərəf Azərbaycan hökumətidir.

İkincisi isə, xarici kreditorlar ABB ilə əməkdaşlıq etdikləri zaman ortada heç bir dövlət zəmanəti olmayıb. Sadəcə olaraq, ölkəyə neftdən yaxşı pul gəlirdi deyə, üstəlik də sözügedən bank ölkənin bank sektorunda ən “yağlı tikə” hesab olunduğundan xarici investorlar özləri fəallıq göstəriblər. Yəni, 2,34 milyard dollar borc elə-belə yaranmayıb. SOFAZ-ın depozit yerləşdirimindən fərqli olaraq, xaricilərin əməliyyatları bankın yaxşı vaxtlarında həyata keçirilib.

Yəni, investorlar pul qoyub, gəlir götürüblər və yüksək faizlər nəticəsində xeyli qazanıblar. Odur ki, indi də yerdə qalan məbləği dərhal götürmək mümkün deyilsə, onda ən azı gözləməlidirlər. Çünki, bu, bayaq izah etdiyim kimi “heç olmamaqdan”, daha yaxşı variantdır.

Və nəhayət, üçüncüsü... Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, restrukturizasiya planı kreditorlar tərəfindən dəstəklənməsə, bankın öhdəliklərinin başqa yollarla həll olunması nəzərdə tutulur. Deməli, istənilən halda bank mövcudluğunu qoruyub saxlayacaq və fəaliyyətini davam etdirəcək. Kimin nə deməyindən asılı olmayaraq...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Beynəlxalq-Bank   #İqtisadiyyat   #Təhlil  





Xəbər lenti