Homo PisXəbərikus: Niyə pis xəbərlər daha çox oxunur? - ELMİ CAVAB

Homo PisXəbərikus: Niyə pis xəbərlər daha çox oxunur? - ELMİ CAVAB
  05 İyun 2017    Oxunub:9701
...Bizim eradan 300.000 il əvvəl. Haradasa Olduvay vadisi tərəflər. Qədim insanların yaşadığı mağara. Qadın cinsindən olan bir Homo ÇoxQədimikus mağaraya girib, əli ilə sağ tərəfə işarə edir:
- Hu, hu! Huuu...
Yəni ki, baxın, mağaranın sağ tərəfində gül bitib, görün, nə gözəldir... Amma heç kim onu öz ibtidai oxunun sümük ucluğuna da almır.
Ardınca kişi cinsindən olan başqa biri mağaraya yaxınlaşır və əli ilə sol tərəfə işarə edir:
- Uh, uh! Uuuhh!...
Yəni ki, baxın, mağaranın sol tərəfində canavar nəcisi var.
O dəqiqə hamı dik atılır. Mesaj hamıya toxunmuşdu.
Dünyada yaxşı və pis xəbərə verilən ilk fərqli reaksiya belə yarandı.

İbtidai cəmiyyətin həyat şərtlərində pis xəbərə reaksiya vermək ölüm-qalım məsələsi idi. Mağaranın sol tərəfində olan canavar nəcisinə reaksiya verənlər əvvəlcədən tədbirlərini görürdülər ki, gecə Qırmızıpapağın nənəsinin acı taleyini təkrarlamasınlar. Onlar ya mağaranın girişini daha bərk qapadır, ya köçüb başqa yerə gedir, axır ki, sağ qalmaq üçün nəsə edirdilər. Buna görə də genlərini sonrakı nəslə ötürmək şansları olurdu.

Mağaranın sağ tərəfində bitən gül xəbərinə reaksiya verən Homo Romantikuslar haqqında isə bu gün çox az məlumatımız var, çünki onların gözəlliyə olan sevgisi gecə canavar mədəsinin həzm fermentləri ilə qarışıb, yararsız hala düşürdü. Canavar nəcisi haqqında xəbərə yox, gül xəbərinə reaksiya verənlərin sağ qalmaq, demək, öz genlərini sonrakı nəslə ötürmək şansları həddindən artıq aşağı idi.

İnsan nə qədər müddət ərzində təbiətlə iç-içə, çöldə, mağarada yaşayıb? Heç kim dəqiq rəqəm deyə bilməz, amma tutaq ki, 500.000 il. Bütün bu dövrdə pis xəbərlərə dərhal reaksiya vermək bizim əcdadlarımızın sağ qalmasının rəhni olub. Ulu babamız öz genini ulu nənəmizin bətninə ötürə biləcəkdimi, ya yox – bu, onun pis xəbərlərə vaxtında verdiyi reaksiyadan asılı idi. Hər sonrakı nəsildə Təkamül mexanizmlərinin işi nəticəsində bu qabiliyyət daha da güclənib, cilalanıb və gəlib günümüzdə jurnalistikanın fəndlərindən birinə çevirilib. Və bu günkü Homo Jurnalistikuslar dəxli oldu-olmadı “ŞOK!”, “SENSASİYA!”, “Ödünüz ağzınıza gələcək!” kimi sözlərlə xəbəri oxutdurmağa çalışanda əslində özləri də bilmədən, sövqi-təbii ilə 300.000 əvvəl formalaşan genlərə müraciət edirlər.
Pis xəbərlərə çevik və güclü reaksiya vermək bizim genimizdə olan dominant əlamətlərdəndir. Çünki genetik kodumuza hələ çatmayıb ki, biz artıq ətrafında caqqal-çuqqal dolaşan mağaralarda yaşamırıq (Hərçənd, səmimi deyim ki, çaqqal-çuqqal məsələsinə o qədər də əmin deyiləm). Genetik kodumuz nəzərə ala bilmir ki, biz şəhərlərdə, sivil toplumda (buna da tam əmin deyiləm) yaşayırıq, burada bizim təhlükəsizliyimizi qoruyan qurumlar var. Bu yeni reallığın genlərdə kodlaşması prosesi o qədər yavaş gedir ki, ümid edirəm, haradasa 30-40 min ilə Təkamülün görünməz əli genlərimizdə lazım olan redaktələri aparacaq. Ona qədər isə biz mağara adamının genlərinin müasir dünyanın reallığına verdiyi qeyri-adekvat reaksiyalar ilə yaşamağa məcburuq.

...Yaxşı, bəs gülə fikir verən ibtidai insan necə oldu, tamamilə tarix səhnəsini tərk etdimi? Xoşbəxtlikdən, yox, estetika sevərlərə xoş xəbərim var: biz onun genlərini resessiv əlamət kimi daşıyırıq. Yəni o kodlar da bizim genomumuzda qalır, sadəcə, neçə nəsildənsə bir ayrı-ayrı insanlarda özünü əsas əlamət kimi göstərir. O halda rubenslər, rafaellər, motsartlar, afaq aslanlar, damlalar yetişirlər.

Bu genetik mexanizm cəmiyyət-media münasibətlərində özünü belə göstərir: Məsələn, kimsə yazsa ki, 5 nəfərlik iş yeri bağlanıb, dərhal cəmiyyət buna reaksiya verir (mağaranın solundakı canavar nəcisi), amma 5 min nəfərlik yeni iş yerinin açılması heç kimin tükünü də tərpətmir (mağaranın sağlndakı gül).

Əgər kimsə yazsa ki, bir nəfər əsgərimiz ölüb (Uh-Uh!), bu xəbər böyük rezonans doğuracaq, amma əsgərlərinin şəraitinin xeyli yaxşılaşdırılması, Ordudakı inkişaf barədə xəbərlərə (Hu-Hu!) heç kim reaksiya vermir.

Hansısa ucqar kənddə bir təmirsiz məktəb tapılanda (sol tərəfdəki canavar nəcisi) bu, sosial şəbəkədə trend olur, amma yüzlərlə gözəl, müasir məktəbin (sağ tərəfdəki gül) varlığı yoxluq kimi bir şeydir kütlə üçün.

Orduda xəyanət xəbəri (sol tərəf) dərhal rezonans doğurur, amma bu xəyanətin qarşısını almağa qadir təhlükəsizlik sisteminin varlığı (sağ tərəf) heç kimin diqqəti də çəkmir.

Mən buna görə heç kimi qınamıram, çünki, Yer Planetində yüz min illərlə gedən sağ qalmaq uğrunda mübarizənin nəticəsidir bu. Təkamül bizi sağ qalmaq üçün vacib olan keyfiyyətlərlə təchiz edib, yaxşı hadisələri qiymətləndirmək isə bu kateqoriyaya heç cür girmir. Ona görə də, biz genetik səviyyədə potensial pisliyə, təhlükəyə reaksiya verən canlılar kimi formalaşmışıq.

Ancaq lütfən, nəzərə alın ki, pis, mənfi yüklü xəbərləri verən KİV, sadəcə olaraq, kütlənin genetik özəlliyini istismar edir. Yaxşı xəbər mağaranın sağ tərəfində bitən həmin o güldür, onunla kütlənin diqqətini çəkmək çətindir. Anlayıram ki, biz genetikamıza güc gələ bilmərik. Amma növbəti dəfə hansısa pis, vahiməli, neqativ xəbəri oxuyanda, eşidəndə fikirləşin: Bu, niyə sizi belə cəlb etdi? Bəlkə, mağaradan çıxmaq vaxtıdır?

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #Media   #Pis-xəbər   #Elm  





Xəbər lenti