İslam dünyası yeni müharibə astanasında - ŞƏRH

İslam dünyası yeni müharibə astanasında - ŞƏRH
  06 İyun 2017    Oxunub:24137
Ərəb dünyasında böyük siyasi qalmaqal yaşanır. 7 ərəb ölkəsi - Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Yəmən, Liviya və Maldiv Adaları Qətərlə diplomatik əlaqələri kəsib.
Adıçəkilən ölkələr buna səbəb kimi Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək etməsini əsas gətirib.

Siyasi-ekspert Arzu Nağıyev AzVision.az-a bildirib ki, qalmaqal Qətər və “Müsəlman qardaşları” təşkilatı arasındakı münasibətlərdən qaynaqlanır:

“Ərəb ölkələri arasında baş qaldıran qalmaqala səbəb kimi daha çox Qətər-İran münasibətləri göstərilsə də, hesab edirəm ki, burada əsas məqam “Müsəlman qardaşları” təşkilatı ilə bağlıdır. Əvvəllər də buna bənzər problem yaşanmışdı. Bir sıra dövlətlərlə Qətər arasında diplomatik münasibətlər korlanmışdı. Səbəb isə “Müsəlman qardaşları”na verilən dəstək idi. Bu gün Səudiyyə Ərəbistanı və Misirin əsas müxalif qüvvəsi bu təşkilatdır. Bundan başqa Səudiyyə Ərəbistanı hansı addımı atırsa, Bəhreyn onu dəstəkləyir. Bütün bu problemlər fonunda belə nəticəyə gəlmək olar ki, ərəb ölkələrində hələ də “Böyük Orta doğu” projesi davam edir. Bu gün Suriya, İraq, İŞİD problemi ilə bağlı hər bir dövlətin öz marağı var. Ona görə də birmənalı şəkildə demək olmaz ki, Qətərlə diplomatik əlaqələr İranı dəstəklədiyinə görə kəsilib. Bir daha qeyd edim ki, bu məsələdə həlledici amil “Müsəlman qardaşları” təşkilatıdır. Artıq bu təşkilatı bəzi dövlətlər terror qruplaşması kimi siyahıya salınıb”.



A.Nağıyev qeyd edib ki, Ərəb dünyasında silahlı qarşıdurma olacaq: “Ər-Riyadda ABŞ və Səudiyyə Ərəbistanı arasında 110 milyard dollarlıq silah müqaviləsi imzalanıb. Bunun özü problemli haldır ki, ərəb dünyasında silahın varlığı hələ davam edəcək. Bu isə qarşıdurma deməkdir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə AzVision.az deyib ki, uzun illərin müttəfiqləri arasında münasibətlərin gərginləşməsi çoxları üçün gözlənilməz oldu:

“Səudiyyə Ərəbistanı Qətəri terrorçulara dəstək verməkdə və İranla məxfi münasibətlərdə ittiham edir. Məncə, əsas səbəb ikincidir. Çünki Qətərin müxtəlif terrorçu qruplaşmalara dəstək verməsinə dair xəbərlər illərdir dolaşır. Ancaq buna görə Səudiyyə Ərəbistanı Qətəri ittiham etmirdi, əksinə bu dövlətlə əməkdaşlığa davam edirdi. Qətər müstəqil oyunçu kimi İranla əlaqə qurmaq istəyib. Bu isə Ər-Riyadın narahatlığına səbəb olub. Çünki Səudiyyə Ərəbistanı kral ailəsinin yanaşmasına görə, onunla müttəfiq olan, müxtəlif əməliyyatlarda birgə iştirak edən dövlətin İranla gizli təmaslara başlaması ərəb-sünni ittifaqının maraqlarına ziddir”.



E.Şahinoğlu hesab edir ki, Səudiyyə Ərəbistanı Qətərə çox ağır zərbə vurmaq niyyətindədir: “Bu ölkə özü ilə bərabər müttəfiqlərini də Qətərlə diplomatik əlaqələri kəsməyə vadar etdi. Qətər qaş düzəltmək istəyərkən, iki gözündən də məhrum olmaq üzrədir. Tək diplomatik münasibətlər kəsilmir, Səudiyyə Qətərlə iqtisadi və siyasi əlaqələri də dondurur. Doğrudur, Qətər zəngin qaz ölkəsidir, ancaq təkbaşına və ətraf aləmlə mühasirə şəklində necə inkişaf edəcək? İranla təmaslara genişlənidmək naminə ərəb dünyasından təcrid olunmaq Qətərə baha başa gələ bilər. Hələ üstəlik 2022-ci ildə futbol üzrə dünya şempionatına ev sahibliyi edəcək Qətər bu yarışmanı da təhlükə altına atır. Digər tərəfdən Ər-Riyadın “Qətər terrorçulara dəstək verir və İranla gizli əlaqələr qurur” iddiasına Qərb dünyası da şərik çıxa bilər. Bu halda Qətərin vəziyyəti daha da ağırlaşacaq. Doğrudur, Amerikanın Qətərdə hərbi bazası var. Ancaq Amerikanın Səudiyyə Ərəbistanındakı maraqları daha vacibdir. Türkiyə və Azərbaycanın də Qətərlə münasibətləri var. Ər-Riyadın qərarı Ankara və Bakı üçün əsas deyil. Buna rəğmən, biz də ərəb ittifaqında baş verən hadisələrə diqqət yetirməliyik”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti