“Rembo” qayıdır: Əfqanıstanda yeni Rus-Amerika mübarizəsi qızışır – TƏHLİL

“Rembo” qayıdır: Əfqanıstanda yeni Rus-Amerika mübarizəsi qızışır – TƏHLİL
  22 İyun 2017    Oxunub:12241
2014-cü ildə ABŞ və Əfqanıstan arasında əldə olunmuş razılaşmaya görə, 2017-ci ilə qədər Birləşmiş Ştatların ordusu Əfqanıstanda qala bilərdi. Razılaşma təkcə ABŞ-la deyil, eyni zamanda, NATO ilə də imzalandı. Sənəddə göstərilirdi ki, hərbi qüvvələrin sayı 2015-ci ilin sonunadək yarıbayarı azaldılacaq.
NATO-nun Əfqanıstandakı 12 min 500 nəfərlik hərbi kontingentinin 9800 nəfəri məhz ABŞ-ın payına düşürdü. Güman olunurdu ki, 2016-cı ilin sonunda Əfqanıstanda ABŞ-ın təxminən 1000 əsgəri qalacaq.

Vaşinqtonun qəfil dəyişən qərarı

Amerika ordusunun Əfqanıstandakı bir nömrəli hərbi strateqi kimi tanınan general Nikolsonun Senat qarşısındakı hesabatı diqqət çəkir. O, bildirir ki, Birləşmiş Ştatlar Əfqanıstanda çıxılmaz vəziyyətə düşüb. Səbəb Rusiya və İranın
Əfqanıstanda aktivləşməsidir.

Halbuki, bir müddət öncə Əfqanıstanın eks-prezidenti Həmid Kərzai vurğulamışdı ki, ölkəsinə hücum edən İŞİD döyüşçüləri məhz ABŞ tərəfindən hazırlanıb və xüsusi nöqtələri hədəf seçməklə bağlı təlimatlandırılıblar. Yəni Vaşinqton Əfqanıstanda səngiməkdə olan terroru gizli şəkildə alovlandırır. Kərzai “Taliban”ın son günlərdə yüksəlişini də məhz xarici güclərin dəstəyilə əlaqələndirir.

Maraqlıdır ki, 2016 və 2017-ci illərdə Əfqanıstanda xidmət edən ABŞ əsgərlərinə qarşı hücumların sayı kəsgin artıb. Ələlxüsus da Amerika ordusunun təlim keçdiyi əfqan əsgərləri elə məhz amerikalı hərbiçilərə atəş açırlar. Sual olunur: ABŞ terrorçumu yetişdirir? Axı deyəsən, Birləşmiş Ştatlar 2001-ci ildən bu yana Əfqanıstanda terrorun kökünü kəsməklə məşğul idi?…



Bu mənada, Ağ Evdən gələn qərar təəccüb doğurmamalıdır. Çünki Donald Trampın təqribən 3 minlik hərbi kontingenti Əfqanıstana yollaması rəsmi Vaşinqtonun regional, hətta subregional geosiyasi maraqlarından xəbər verir. Bölgədə ABŞ və Rusiya arasında yeni geostrateji mövqe oyununun getdiyi göz önündədir.

Rusiya Əfqanıstandan ABŞ-a qarşı istifadə edir?

Əfqanıstan İŞİD-ə qarşı mübarizə aparmaq üçün hələ, 2015-ci ildə Rusiyadan hərbi dəstək istəmişdi. Əfqanıstandan olan ekspertlərə görə, bunun əsas səbəbi Qərb ölkəri ilə terrorizmə qarşı mübarizədə effektiv nəticənin əldə olunmamasıdır. Halbuki, ABŞ Rusiyanın bölgədə, konkret Əfqanıstanda fəallığına yol verməməyə çalışır.

Qeyd etmək lazımdır ki, Rusiya, Çin və Pakistan nümayəndələrinin 2016-cı ilin dekabr ayında Moskvada toplaşaraq, Əfqanıstandakı vəziyyəti müzakirə etməsi, həmçinin “Taliban”a qarşı bir az yumşaq mövqe tutmağa çağırış vəziyyətin heç də sadə olmadığına dəlalət edir.

Rusiyanın Əfqanıstandakı səfiri Aleksandr Mantitskinin “NATO-nun Əfqanıstanda terrora və narkoticarətə qarşı mübarizəsi uğursuz oldu” açıqlması əslində, rəsmi Moskva tərəfindən verilən bir mesaj idi. Səfirin Əfqanıstanda sülhün bərpa edilməsi üçün Talibanla danışıqların başladılmasına çağırması ciddi nüanslardan biridir. Rusiyanın 2016-cı ildən bəri Talibanla əlaqədə olduğu sirr deyil. Həmin ilin əvvəllərində naməlum helikopterlərdən Taliban bazalarına Rusiyaya məxsus hərbi silah-sursat da atılmışdı. Bundan savayı, Taliban lideri Molla Əbdülqasımın davamlı olaraq ruslarla təmas olduğu haqda məlumatlar da yayılmaqdadır.



Rusiya bildirir ki, İŞİD-in Əfqanıstanın Şimalında aktivləşməsi onun üçün ciddi təhdid yaradır. Çünki radikalların Mərkəzi Asiyaya sızma ehtimalı çox yüksəkdir, bu isə Rusiyanın milli təhlükəsizliyi üçün böyük problem olardı. Bu mənada ABŞ-ın müdafiə naziri Ceyms Mattisin aprel ayında Əfqanıstan səfəri zamanı verdiyi açıqlamanı xatırlatmaqda fayda var. ABŞ-ın müdafiə naziri bildirirmişdi ki, “Taliban”ı Rusiya dəstəkləyir və bölgədəki sülhü də məhz rəsmi Moskva pozur.

Göründüyü kimi, Rusiya və ABŞ həm eyni zamanda “Taliban” ilə gizli təmaslara gedir, həm də bu işdə bir-birini ittiham edirlər. Bütün bunlar onu söyləməyə əsas verir ki, Əfqanıstanda yeni Böyük Oyun başlamaq üzrədir. Ehtimal ki, vaxtilə SSRİ-yə qarşı istifadə olunan “Taliban” amili bundan sonra ABŞ-ın özünə qarşı çevriləcək. Ən azından, hazırkı geosiyasi gedişlər bunu deməyə əsas verir.

Fərrux Həsənov
AzVision.az



Teqlər: #Əfqanıstan   #ABŞ   #Rusiya   #Taliban  





Xəbər lenti